Tikanlıqda "bitən" qadın: göy-göyərti var-dövlət gətirərmiş...
17 Mart 2011 10:12
"Bizan" - zərif qadın barmaqlarının amansız qənimi
Həyat özünün zəncirvari prinsiplərilə nə qədər al-əlvanlıq, gözəllik
yaratsa da, bətnində hər an öz məqamını gözləyən bir "vəhşini" də
bəsləyir. Çox vaxt onunla qarşılaşan insan övladı bunu taleyinin ona
bəxş etdiyi ağrılı, dərdli tərəfi kimi qəbul edir. Ümid edir ki, gözəl
günlər üçün apardığı çarpışmada nə vaxtsa ədalət qalib gələcək. Bu
proseslərdə daha çox qadınların əziyyət çəkməsi də təsadüfi deyil.
Çünki cəmiyyətdə qadınlara münasibət hər zaman ağılla ölçülmür.
Məsələn, hansısa varlı-hallı, tanınan, yaxud sadəcə bahalı geyinən elə zərif
məxluqlar var ki, tərbiyəli ailənin qurulmasına çalışmır, amma cəmiyyət
onu hörmətlə qarşılayır. Elə qadınlar da var ki, fəhləlik edir, yaxud,
göy-göyərti satır, amma evində keyfiyyətli insan böyüdür. Amma nədənsə,
cəmiyyət belələrinə hörmətlə yanaşmaqda xəsislik edir. Görünür, bu
paradoksial yanaşmanın fəlsəfəsini də bəşəri zamanla ölçməyə ehtiyac
var.
Peşəsindən
asılı olmayaraq çörək pulu qazanmaq üçün min-bir əziyyət içində
çabalayan qadının - ananın dəyərini anlamaq üçün nə vaxtsa bütöv
cəmiyyətin kamilləşəcəyini gözləmək də sadəlövhlük olar. Gəlin, başqa
cəhd edək. Cəmiyyətin ən sadə zümrəsinin, göy satan bir qadının həyata
baxışlarını öyrənib, bəlkə də həmin insanlara qarşı ictimai baxışların
aydınlaşacağına ümid edək.
Ərim yoxdursa, yaşamamalıyam?!
Milli.Az xəbər portalının qəhrəmanı, 27 yaşlı bir qız övladı olan ərsiz qadındır. Demək olar
ki, hər gün göy-göyərti dolu həsir səbətilə qapıları döyüb "göy var,
almırsan?" deyir. Adı Sonadır. Onunla söhbət etmək istəyim qışın bu
soyuq günlərindən birində yol qırağında kol-kos, tikan içərisindən nə
isə yığdığını görəndən sonra yarandı. Kənardan müşahidə apardım və
sonradan məlum oldu ki, "bu tikanı yığıb neyləyəcəksən" sualını ona
təkcə mən verməmişəm. Hətta yoldan ötən sürücülər belə maşınlarını
saxlayıb ondan tikanların arasında nə axtardığını soruşublar. Siz qalın
göy dəstəsinə bağlanmış ipə bənzər otu görmüsünüzmü? Bax, qadının
yığdığı həmin o bitkidir. Onunla göy dəstəsini bağlayırlar. Qadın həmin
tikanlı bitkiləri yığıb, başını kəsir və dəstə bağlayaraq göy satan
alverçilərinə təhvil verir. Deyir ki, bu iş ustalıq tələb edir, həm də
yaman çətindir. Ən çətini bitkini kəsməkdir. Çünki o bitki iynə ucu
kimi adamın əlinə batır və elə bil ki, ilan sancır. Qadın deyir ki,
tikan batan yerə elə bil zəhər tökülür, neçə gün yeri göynəyir, şişir,
qızarmış vəziyyətdə olur. Bakılılar ona "bizan" deyirlər. O, formaca
kola bənzəyir, nazik uzun saplaqlı, ucunda qotazlı çiçəkləri, arasında
da tikanı var.
Hər 100 adamdan 3-4 nəfər təmizi qalıb...
Sonanın kimlərinsə hiyləgər, kimlərinsə kinayəli baxışlarından
yayınmaq, qorunmaq, qadınlığına, ailəsinə söz gəlməməsi üçün nəyə
qatlandığını siz də biləcəksiniz.
- Sona, çox qapılar döyürsən, daha çox qarşılaşdığın nədir?
-
Camaat elə pis olub ki... bəlkə də əvvəldən belə idilər, deyə bilmərəm.
Daha çox bir-birinin arxasınca danışırlar, biri artıq qazanc edəndə, o
birisi başlayır onun pulunu sayıb, qeybətini qırmağa. İnsanlar
danışıqlarını itiriblər. Bir dəfə bazara göy aparanda, avtobus sürcüsü,
məndən soruşur ki, sənin ərin yoxdur, sən niyə belə əziyyət çəkirsən?
Adam bilmir beləsinə nə desin, amma cavabını da verirəm, dedim ki, səni
nə maraqlandırır ki, mənim ərim var, yoxdur. Qadınlar da, kişilər də
adama elə ağılsız sözlər deyirlər ki, adam bilmir nə cavab versin. Bir
dəfə də bir qadın, həmişə məndən göy alır, üzümə deyir ki, bəxtəvərsən,
sənə nə var ey, ərin yoxdur, "svabodnısan", hara ürəyin istəyir
gedirsən. Mən də dedim, nə olar sən də ərindən boşan ol "svabodnı".
Eləsi var, geyinib-kecinir, sənnən danışanda deyir, "burda mənəm,
Bağdadda kor xəlifə". Eləsi də var ki, qeyrətdən, namusdan danışır,
amma əslində bunların heç biri onda yoxdur. Elə bil adamların həm
cibləri yox, ağılları yoxsullaşıb. Bəxtiyarın bir şeiri var
ey, deyir: insanlıq ölübdür, insanlar qalıb. İndi insanlıq ölüb. Elə
bilirəm, 100 adamdan 3-4 nəfər təmizi qalıb. Hərəkətini bilməyənlər
çoxdur. Çoxları deyir ki, əri yoxdur alver edir, adama başqa cür
baxırlar. Guya mənim ərim yoxdursa, yaşamamalıyam. Eləsi var
geyinib-kecinir, yeri gələndə heç kəsi bəyənmir, amma göyərtini məndən
nisyə almaq istəyir. Deyəndə sərf eləmir, deyirlər nə vecinə,
qazanırsan. İnsanlar var ki, özünü yekə tutur, insanlar da var ki,
əziyyətimizə qiymət verir. Deyirlər, halal olsun sənə, zülümlə, halal
zəhmətlə çörək qazanırsan. Eləsi də var ki, deyir, buna bax ey, gör nə
cür əziyyət çəkir, ondansa gedib evdə oturmur. Bəzi adamlar da
ağızlarının sözünü bilməsələr də, namus barədə yaxşıdılar. Ona görə də
deyirəm ki, mərdi qova-qova namərd edirlər.
- Namərdlik etmisən?
-
Namərdlik etməmişəm. Amma onların pis hərəkətlərini görəndə nə yaxşılıq
etmək istəyirəm, nə də pislik. Hamısını özləri edir. (Sona sanki, belə
qəddarlaşmasına görə də insanlardan inciyir). Biri var ki, yıxılanı
durquzmaq üçün ürəyin yoxdur, biri də var ki, yıxılanı qaldırmaq
istəyirsən, amma özünü məcbur edirsən ki, bunu etməyəsən. Ürəyin
ağrıyır amma etmirsən, ürəyin daşlaşır. İndi kimsə mənə deyirsə ki, sən
yaxşısan, inanmıram. Çünki bilirəm ki, üzümə yaxşı deyib, arxamca yüz
söz danışır. İnsanlara qarşı istər-istəməz nifrət yaranır. Amma yaxşı
insan görəndə sevinirsən. Deyirsən nə yaxşı ki, belə insanlar var.
"Allaha gülürlər ki, onun mənim kimi bəndəsi var"
- Səncə qadın üçün "pis yol" niyə yaranır?
-
Məsələn, mən bu paltarı qəbul edib geyinirəm. Görürsən, hava
yağışlıdır, amma mən "tapışka"da çölə çıxmışam. Amma bunu qəbul
etməyənlər də var. Onlar tamahları ucbatından pis yola düşürlər. Dünənə
qədər sapaşkim yox idi, tufliylə gedib-gəlirdim. Qoy lağa qoysunlar,
qəbul edirəm, qoy gülsünlər, Allaha gülürlər, mənə gülmürlər ki. Allaha
gülürlər ki, onun mənim kimi bəndəsi var. Gülsünlər, amma sabahısı günü
mənim barəmdə deməsinlər ki, tamahı ucbatından getdi "pis yola" düşdü.
Elə insanlar tanıyıram ki, imkansızlıqdan o yola düşür, eləsi var
tamahkarlığından. Eləsi də var ki, əri içki düşkünüdür, nə içkidən əl
çəkir, nə də arvadından, o qadın da belə edir.
- Başqa bir iş tapıb işləməyi düşünmüsən?
-
Mənə iki-üç qəpik verən hansısa müdirin qarşısında minnət götürmək
istəmirəm. İndi özüm özümə ağayam da, nökərəm də. Küçəyə çıxanda heç
kəs deyə bilməz ki, mən bizan (tikanlı bitki) kəsirəm. Kimsənin əlinin
altında işləyib günümə 2 manat almaqdansa, bu yaxşıdır. Bu 1-2 manat,
lap beş manat nə puldur ki, ay bacım, ona heç yarım kilo ət də düşmür.
Bunun kartofu var, soğanı var, yağı, şəkəri-qəndi var. O pula mən
hansını alım ki, uşağımı saxlayım? Allah alanların canını sağ eləsin,
göyümü satıb, ailəmi dolandırıram.
- Bir şey qazana bilirsən? Məsələn, gündəlik qazancın nə qədər olur?
-
Allaha şükür, yaxşıdı. Mənim atam da öz zəhmətilə yaşayan adam olub,
heç vaxt da əlinin altında kimisə işlətməyib. Mən də öz əlimin
zəhmətilə qazanıram. Göy-göyərti satıram, zeytun bağlayıram. Allaha
şükür, 3 kiloqram zeytun verib 2 manat yarım pulumu aldım. Düzdür,
əziyyətdir, gedib o çöllərdə bizan tikanını yığıb alverçiyə verirəm,
nağdı pulumu alıram. Əziyyət çəkirəm, amma 15 dəqiqəyə 6 manat alıram.
Yoxsa gedib, kiminsə əlinin altında neçə saatımı hədər edim, axırda da
heç nə.
- Bizanı necə yığırsan?
-
Bizan yağış yağanda quruyur, günəş vuranda yumşalır, çox nəm olanda da
qırılır. Ona görə də onu kəsəndə seçirik. Qışda yığıb gətirib peçin
yanına tökürük ki, bir növ quluncu çıxsın (gülür). Baxanda bu, kiminsə
yanında işləməkdən 100 dəfə yaxşıdır. Allaha şükür, hər dəfə də
qazancımız olur.
- Onu özünüz əkmədiyinizə görə də sərfəli olar yəqin ki.
-
Yox, istər-istəməz əziyyət çəkirsən. Onu kəsən zaman, elə tikanın əlinə
dəyməsi bəsdir. Yeri üç gün qızarıb şişir. Onu yığmaq, dəstələmək,
başını kəsmək, sarısını artlamaq, hamısı işdir. Onu sən deyən kimi necə
gəldi yığıb, bir ucdan da bağlasan nə vardı ki...
- Sizi bizanlıqda görənlər nə deyirlər?
-
Hə, çoxları maraqlanır. Bizan kəsməyi irəvanlı bir qadın mənə öyrətdi.
Bəlkə də bu işə başlayandan hamı soruşur ki, tikanı neyirsiniz. Bir
dəfə yolu keçən zaman bir ot aparan böyük maşının sürücüsü maşını
saxlayıb soruşdu ki, ay bacı, bunu neynəyirsiniz? Elələri də var,
fikirləşirlər ki, yaman qazanırıq. Mən də deyirəm ki, fərəsətiniz varsa
siz də qazanın. Özləri bacarmayanlar bacaranlara pis baxırlar. Üzümüzə
deyiblər ki, ağdamlılar heç vaxt sınmır, qürurlarını yerə vermirlər.
Elələri də var ki, adama bəxtəvərlik oxuyur. Hərə öz düşüncə tərzinə
görə danışır.
- Bizanı neçəyə satırsan?
- Bizim öz müştərilərimz var, 4-5 nəfərdir. Bir dəstəsini 70 qəpikdən veririk. Eləsi var ki, 50 ədəd, eləsi var 70 ədəd alır.
- 1 manatdan verin də...
-
Yox, sərf eləməz. İnsaf da dinin yarısıdır. Mən ona 1 manatdan versəm,
satana nə qalar?! Məsələn, dünən 50-60 qom apardılar, bu gün
getmədilər, sabah yenə də aparacaqlar. Bizanı başqa yerlərdən də
gətirirlər. Elə adam var ki, bazara göy gətirir, bizanı da yığıb yanına
qoyur. Hər şeydən pul çıxarmaq lazımdır. Kiməsə möhtac olmaqdansa, iki
əlinə möhtac olmaq daha yaxşıdır. Dünən kimsə deyir ki, maşallah
qazanırsan, dedim ki, yox, bu, məni qane etmir. Yəni, istədiyim kimi
yaşaya bilmirəm. Amma rayon yerində olsaq, iki heyvan saxlasam,
toyuq-cücə saxlasam, ürəyim istəyən kimi yaşayaram.
- Fikirləşirsən ki, nə vaxtsa, varlana bilərsən?
-
Hə, varlana bilərəm. Çünki, biz əziyyətlə olsa da, pul qazana bilirik.
Mən əziyyətlə yeri qazıram, belim ağrıya-ağrıya düzəldib göy səpirəm
ki, sabahısı günü gedib kimdənsə pul istəməyim. Lazım olanda gedib
yığıram. Eləsi var ki, üzünə pamada-pudra çəkir, deyir, nə vecimə,
evdən çölə çıxmıram. Amma məndən göy alanda, deyir nisyə ver.
- Göysatanlar arasında münasibətlər necədir?
-
Əlbəttə ki, hamısı eyni fikirləşmir. Çoxları elə bu işlə məşğuldur.
Amma mən düşünürəm ki, bu cür alver etməkdənsə, özümün torpağım olar və
mən göyü əkərəm, alverçi gəlib həyətimdən yığıb aparar. Bu, daha
sərfəli olar. Göysatanların da içərisində elələri var ki,
danışıqlarını, hərəkətlərini bilmirlər, elələri də var ki, neçə
illərdir göy satır, amma çox mərifətlidir.
"Valideyn uşaqları ilə birgə tərbiyəsiz seriala baxırsa, uşaq da həmin mühitə alışacaq"
- Heç televizora baxanda ürəyindən keçibmi ki, kaş sən də o müğənnilər kimi olaydın, göy satmağın daşını ataydın?
-
Belə söz var: "ac ol, kişi ol, qeyrətsiz olma". Pis yollarla
vara-dövlətə çatmaqdansa, bir parça çörək yeyərəm, o daha yaxşıdır. Guya elə
müğənnilərin hörməti çoxdur? Onları elə öz səviyyələrində olan insanlar
çox istəyir, bir də yeniyetmələr, uşaqlar. Çünki hələ başa düşmürlər.
Hansı ağsaqqal onlara qulaq asır? Amma Qədir Rüstəmov, Arif Babayev,
Sara Qədimovaya qulaq asırlar. Bu da ailənin tərbiyəsindən asılıdır.
İndi 6 yaşlı qızım televizorda Röya kimi müğənniləri görəndə, deyir,
mama dəlilər başladı, keçir başqa kanala. Çünki o, evdə başqa tərbiyəni
görüb. Amma uşaq "fereçitanı" oxuyanlara qulaq asır. Əgər kimsə
yarıçılpaq müğənnilərə baxırsa, deməli, valideynləri onlar üçün bu
şəraiti yaradıb. Valideyn ki, uşaqlarını yanına çəkib hansısa
tərbiyəsiz seriala baxırsa, uşaq da həmin mühitə alışacaq. Deyir, yəqin
yaxşıdır ki, anam da baxır. Ata-ana özünə müəyyən qadağalar qoysa, uşaq
da o tərbiyəni götürər. Bizim vaxtımızda Zeynəb Xanlarovaya baxardıq,
başqa şeyə qoymazdılar...
... Bu da göysatan Sonanın həyat
aləmi. Onunla bu mövzu ətrafında daha geniş danışmaq olardı. İnanıram
ki, Qarabağdan didərgin düşən bu qadının erməni vandallarının əməlləri
ilə bağlı xüsusi fikirləri, təklifləri vardı. O, lazım gələrsə,
döyüşməyə də hazırdı.
Şəkillərini çəkməyimizi isə istəmədi. Deyir, işimdən utanmıram, amma camaat məni niyə belə görsün axı? Bəlkə də toplum hələ o səviyyəyə çatmayıb ki, sonalar öz şəkillərinin yayılmasının, insanlara tanıdılmasının yaradacağı reaksiyaya ehtiyatla, qorxaraq yanaşmasınlar... Ola bilər...
Amma ehtimalsız-filansız, bircə reallıq var, o qadın çörəyini tikanlıqdan çıxarır, amma
buna heyfislənmir, qadın qürurunu hər şeydən yüksəkdə tutur, o, şikayətlənmir, əksinə nikbindir və inanır
ki, çəkdiyi əziyyət öz bəhrəsini verəcək.
Tahirə Qafarlı
Milli.Az