Əməkdar artist: "Onların qeyrəti yoxdur"

11 Avqust 2015 00:10

Onunla danışanda adama elə gəlir ki, hələ də roldadır. Hətta bəzən düşünürdüm ki, görəsən, danışdıqları həqiqətdir, yoxsa oynadığı hansısa rolun mətnidir? Hərarətli nitqi, tez-tez səsini yüksəldib-alçaltması, pauzalar, durğunluqlar, emosiyaları məni belə düşünməyə vadar edirdi. Amma yox, aktyor İlqar Cahangir öz həyatını danışırdı:

- Sovet dili ilə desək, 1967-ci ildə fəhlə və kəndli ailəsində anadan olmuşam. Ceyranbatan qəsəbəsində böyümüşəm. Orada Mədəniyyət evində dərzilik kursu var idi, anam oraya gedirdi. Hər axşam onun dalınca gedərdim. Qış vaxtı soyuq olduğundan onu Mədəniyyət evinin içərisində gözləməli olurdum. Mədəniyyət evində teatr dərnəyi vardı, orada aktyorların məşqlərini görürdüm. Onlara böyük heyranlıqla baxırdım. Müəllimlərim də məndə aktyorluq qabiliyyətini hiss edib oxumağa sövq edirdilər. Ancaq evdə aktyor olmağımı istəmirdilər.

1984-cü ildə İncəsənət İnstitutuna imtahan verdim, yazılıdan kəsildim. Atam əvvəlcədən demişdi ki, qəbul olmasan, səni ən ağır işə düzəldəcəm. Kəsiləndən sonra məni beton zavoduna apardı, tapşırdı ki, ən ağır işi mənə versinlər.

Amma yenə də instituta hazırlaşırdım. İkinci il yenə imtahan verdim. Bu dəfə də yazılıdan kəsildim və haydı, əsgərliyə!

1988-ci ildə əsgərlikdən qayıdandan sonra çox ciddi hazırlaşmışdım. Qəbul olunacağıma çox inanırdım. Hərf-hərf öyrənmişdim hər şeyi. Gəldim imtahanlara, 3 dənə 3-ü elə kürəyimə elə vurdular ki... Dayım dedi, a bala, gəl, pul verək, düzəldək. Razılaşmadım. Dedim, dayı, mən bu instituta özüm girəcəm. Sonra Meydan hərəkatı başladı...

Hərəkatda hamımız böyük şövqlə iştirak edirdik. Bir dəfə meydanda olanda divara "Ceyranbatan" sözü yazdım, bir də gördüm ki, Ceyranbatanın bütün nəşəxor, qumarbazları başıma yığışıb. Öz-özümə fikirləşdim ki, bunların burada nə işi var? O dövrün möhtəşəm romantikası var idi...

Nəhayət, 1989-cu ildə instituta qəbul oldum, 4-cü cəhddə. Sonra Kamera Teatrında işləməyə başladım. 2009-cu ilə qədər Kamera Teatrında işlədim. Kamera Teatrının da ki, axırını bilirsiniz. Biz teatrı yaşatmaq üçün çox çalışdıq, amma nə yazıq ki, bizdə teatrlar, kinoteatrlar banklara, mağazalara, şadlıq evlərinə çevrildi. İncəsənət Universitetinin bu qədər aktyor məzunu var. Bu gün, heç olmasa, Azərbaycanda 80 yaxşı aktyor olmalı idi, hanı? Rejissorların müstəqil fəaliyyəti olmalı idi, aktyorları öz ətraflarına yığmalı idilər. Hanı, varmı? Dünyada qızıl qaydadır, rejissorun öz teatrı, aktyoru olmalıdır. Biz hamımız eyni ola bilmərik, olmamalıyıq. Mənim özümü sübut etməyim üçün meydan yoxdur. Bizim Kamera kimi teatrımız, Cənnət Səlimova kimi rejissorumuz var idi. Bəs gənc nəsil necə olsun?

Yaxınlarım bilirlər ki, sakit, rahat adamam. Sadəcə, cəmiyyətdəki haqsızlıqları qəbul edə bilmirəm. Ona görə də məni çətin adam kimi xarakterizə edirlər.

***

Tələbə vaxtı mənə deyirdilər ki, sənin ürəyin aeroportdur, kim istəyir, qona bilir. Əsgərlikdən gələndən sonra sevdiyim qızla görüşdüm. Onda hələ instituta qəbul olmamışdım. O, artıq universitetdə oxuyurdu. Mənə dedi ki, sən savadsızsan, sənə gələ bilmərəm. Bu söz məni elə tutdu ki... Ayrıldıq onunla.

Cavan vaxtı o qədər dəliqanlılıqlar etmişəm ki. Bir qızdan ötrü metroda eskalatordan-eskalatora tullanırdım, ya gecə qızla görüşüm olan vaxt uşaqlara pul verirdim ki, küçənin işıqlarını sapandla vurub sındırsınlar, bizi heç kim görməsin.

Səmimi deyim ki, burada bunu görüb sevmişəm, orada onu. Sevdiyim qızlardan eləsi var ki, 25-30 ildir, görmürəm. Amma eləsi də var, eyni qəsəbədə yaşayırıq, tez-tez rastlaşırıq.

Hər bir aktyor kimi mənim də sosial problemlərim var, sadəcə, mən barışmışam artıq. Başqa nə etməliyəm ki? Mən bəzən ailəmi dolandırmaq üçün toylarda video da çəkmişəm. Aktyor var, gedib tamadalıq eləyir, aktyor var, başqa işlərlə məşğul olur ki, vəziyyətdən çıxsın. Amma bütün bu problemlər məni teatrın havası ilə nəfəs almaqdan ayıra bilməyib. Hər tamaşadan sonra uzun-uzun gəzirəm, oynadığım tamaşanın ləzzətini yaşayıram. Bu, bir növ narkotik qəbul etməyə bənzəyir. Tamaşadan sonra uzun müddət oynadığım rolun "kayf"ını yaşayıram.

"İtən vaxt" monotamaşasının təsiri çox ağırdır. Mənim qardaşım Qarabağda şəhid olub. O hadisələrin qızğın vaxtı oralarda olmuşam. Ona görə də "İtən vaxt" içimi yeyirdi, içimi ağrıdırdı. Mən hər dəfə onu oynayanda elə bilirdim ki, ömrümdən 1 il getdi.

Mən özüm heç vaxt həyata məğlub olmamışam. Sadəcə, məğlubiyyətin içində olmuşam. Yəni təklikdə yox, ümumilikdə məğlub olmuşam.

Həyatda çox faciə gördüm, cavan bacımı, qardaşımı itirdim. Bütün çətinliklərə sinə gərdim. Sevgi məsələlərində uğursuzluq olanda, alınmayanda da düşündüm ki, olmadı - olmasın. Oturub nəyə görə onun fikrini eləməliyəm?

Kişi kimi müəyyən zəifliklərim, bir az da qətiyyətsizliyim var. Ancaq bu, özümə qarşı olan məsələlərdə belədir. Dostuma, qardaşıma aid olan məsələlərdə qətiyyətsizlik etmərəm.

1996-cı ildə məni Türkiyəyə dəvət etdilər. Ev verilmişdi, teatrla da danışıq olmuşdu. Qalıb orada işləyə bilərdim, amma ailəyə, doğmalarıma, ata-anaya bağlılığım imkan vermədi. Yenə də peşman deyiləm. Bəlkə, indi olsa, yenə o qərarı verərəm.

***

Bir neçə il bundan əvvəl hiss etdim ki, artıq teatrın bir dirəyi də mənəm. Mən bunu deyirəm, qoy lap özündən razılıq kimi çıxsın. Bəli, Azərbaycan teatrının bir dirəyi də mənəm!

Bir dəfə bir toy məclisində oturmuşduq. Orada vəzifəli adamlar da var idi, istədilər mənimlə yuxarıdan-aşağı, ironiya ilə danışsınlar. Cavablarını verdim, otuzdurdum yerlərində. Lap böyükləri təpindi üstlərinə, dedi, ondan heç olmasa, bir küçə qalacaq, bəs sizdən nə qalacaq - onu bilmirik. Biz tarixin dövrlərini hansısa aktyorun, rəssamın, yazıçının, şairin yaşadığı dövr kimi qavrayırıq. Məsələn, demirik ki, filan padşahın taxtda olduğu vaxt, deyirik, filan şairin yaşadığı dövr. Bu, bizim üçün ən böyük fəxrdir.

Məni ancaq özümə və ya kiməsə qarşı xəyanət, yalançılıq sındırar. İnsanıq da, sabah ola bilər ki, 5-otaqlı ev, maşın, bağ verələr ki, get yaşa. Onda sabah heç kimlə üz-üzə gələ bilməyəcəm, aktyor kimi də rolumu oynaya bilməyəcəm. Aktyorlar var ki, qeyrəti yoxdur, amma ağız dolusu qeyrətdən danışır. Belə olanda tamaşaçı onun roluna da inanmır. Baxırlar ki, sən kimsən, nəsən axı?

Belə bir şey var, həmişə valideynlər qürurlanırlar ki, səni mən dünyaya gətirmişəm, mən adam eləmişəm. Amma deyən lazım ki, sənə yalvaran var idi? Amma hər şeydən keçib, artıq varıq, var olduğumuz üçün bizim şüurumuz var. İnsan nə isə eləməlidir, bir iz qoymalıdır, bir mövqeyi olmalıdır. Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq. Buna görə fəxr edirəm ki, mən aktyoram. Ya kimsə şairdir, rəssamdır, bəstəkardır. Mənəvi mirası qalacaq. Qürurlanıram ki, sıravi bir insan olmamışam. Mən xoşbəxtəm. Həyatda nələrəsə nail olmamışamsa, nələrdənsə məhrum olmuşamsa, itirmişəmsə, mənə aktyor olmağım təsəlli olub. Aktyorluq itkilərimə bəs edər.

Bir ruhi xəstə vardı. Onu danlayırdılar, söyürdülər ki, sən nəyə yarayırsan axı, səni doğan yerdə daş doğaydım. O ağlayıb deyirdi ki, mənim günahım nədir axı, taleyim belə gətirib. Bir gün anasına dedi ki, düz deyirsən, məni doğan yerdə daş doğaydın. Dediyim odur ki, hər şeydə biz günahkar deyilik, artıq bizimki belə gətirib...

Sevinc Fədai

Milli.Az