Lənkəranda böyük ferma yanır

9 Avqust 2015 20:03

Avqustun 9-da səhər saat saatlarından Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində başlayan güclü yanğını hələ də lokallaşdırmaq mümkün olmayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ümumi sahəsi 2 min kv.m olan fermada yanğın ot tayasının saxlandığı anbardan başlayıb. Hadisə yerinə dərhal FHN-in Lənkəran, Astara və  Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və 50-dək canlı qüvvəsi cəlb edilib.
 
İlkin məlumata görə, ümumilikdə 90 tona yaxın quru ot yanaraq sıradan çıxıb.
 
Həmçinin qatı tüstü səbəbindən kompleksin quşçuluq təsərrüfatında xeyli sayda toyuq-cücə də boğularaq tələf olub.
 
Yanğının söndürülməsində iştirak edən FHN əməkdaşı Elxan Ramiz oğlu Quliyev tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası ona ilkin tibbi yardım göstərib. Daha sonra zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
 
Yanğınla mübarizə davam etdirilir.

Milli.Az