Kimi kimdən və nədən qorumaq lazımdır?

5 Avqust 2015 10:02

Din azadlığı üçün ən böyük təhlükə dini ekstremizmdir. Dünya bunu qəbul etməli və bu haqda tədbir görməlidir.

Dünyanın hər yerində din azadlığı üçün təhlükə artmaqdadır. Əvvəllər dinə qarşı ən böyük düşmənçilik göstərən dünyəvi mütləqiyyət və totalitar xarakter daşıyan rejimlər idi. İndi isə belə deyil. Bu gün dini azlıqlara ən çox əziyyət verən və nifaq salanlar dini radikallardır. Dünya əhalisi hələ XXI əsrin başlamasından bu yana günah hesab etdikləri şeylərə görə "özlərinə yad hesab etdikləri" dini qruplara hücum edən ekstremist qrupların sayında kəskin artımın şahidi olub.

ABŞ-dakı Beynəlxalq Din Azadlıqları Komissiyasının siyasi tədqiqatlar bölməsinin direktoru, ABŞ Müdafiə Nazirliyinin Hərbi Kollecinin adyunkt-professoru, tanınmış dinşünas və politoloq Noks Temz "Foreign Policy" jurnalında dərc olunmuş "Defending Religion From Itself" məqaləsində dini azadlıqlar, insan haqları və demokratiya arasındakı münasibətlərdən bəhs edib.


Soyuq müharibə dövründə olduğu kimi dini hüquqların pozulmasında artıq təkcə dövlətlər rol oynamır. Yaxın Şərqdə İslam dövləti düşüncə və inanc müxtəlifliyinə nifrət aşılayan dini ideologiyanın əsas nümunəsinə çevrilib. Bu terror təşkilatının haradasa bir il əvvəl yezidilərə qarşı soyqırım sayıla biləcək hücumları və xristianlara islam dinini qəbul etmədikləri təqdirdə ölüm cəzası vermələri məqsədlərini açıq şəkildə göstərir. Ancaq müsəlmanlar da təhlükədədirlər. Şiə müsəlmanları və ya təşkilata qarşı olan sünnilər də ölüm hökmü ilə üzləşə bilirlər (4npress.com).

Bu yeni tendensiya ilə mübarizə aparan tək region Yaxın Şərq deyil. Taliban Cənubi Asiyada xristianlar və digər qeyri-müsəlmanlara zərbələr endirib, ancaq eyni zamanda digər islam təriqətlərinə də qəddarlıqla hücum edib. Birmada radikal buddistlərin "969 hərəkatı" Rohinya müsəlmanlarına qarşı kütləvi hücumlar həyata keçirilməsini təşviq edib və bu ekstremist buddistlər Şri-Lankada xristian və müsəlmanları hədəf götürən buddistlərlə həmfikir olub eyni fəaliyyəti izləyirlər.

Afrikada da zorakı dini ekstremizmin hökm sürdüyü ölkələrin sayı artmaqdadır. Boko Haram terror təşkilatı ideologiyasına qarşı çıxan kilsə və məscidlərə hücum edir. Mərkəzi Afrika Respublikasında dini baxımdan əlaqəli silahlılar xristian və müsəlman icmalarında törədilən kütləvi zorakılıq hallarına görə məsuliyyət daşıyırlar. Qitənin müxtəlif yerlərində məskunlaşan ekstremistlər həmin ərazilərdə İslam Dövlətinin qollarının yaradıldığını elan ediblər.

Bu yeni reallıq beynəlxalq ictimaiyyət, onun insan hüquqları və dini azadlıq qarşısında öhdəliyi üçün ciddi problem yaradır. Bu ekstremist qruplar adi diplomatik əlaqələr üçün əlçatmazdır. Beynəlxalq nizamı pozmağa çalışan bu qruplar üçün dünyanın nə fikirləşdiyi önəmli deyil.

Dövlətlər bu qruplara qarşı yeni üsullar hazırlamalıdırlar. Yalnız bir üsulla dini fanatizmlə mübarizə aparmaq olmaz. Dini ektremizmin yaranmasında çoxlu sayda faktor iştirak edir. Buna görə də görüləcək tədbirlər hərtərəfli, bir-birilə əlaqəli olmalı və müxtəlif büro, agentliklər arasında parçalanmamalıdır. ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası ötən il bu məsələlərlə məşğul olmaq üçün ABŞ qanun və siyasətində ölkənin mövqeyini gücləndirəcək dəyişikliklər edilməsini təklif etdi. Komissiyanın təkliflərinə "problemli ölkə"də din azadlığını ən pis şəkildə pozanların təyin edilməsinin genişləndirilməsi, işin yerində araşdırılması üçün maliyyə dəstəyinin artırılması və strateji kommunikasiya proqramlarında din azadlığı və tolerantlığın əhəmiyyəti haqqında mesajlar verilməsi daxildir.

Din azadlığı ilə bağlı qayğılar ABŞ-ın xarici siyasətdə üzləşdiyi ən böyük problemlərin bir çoxu ilə sıx əlaqəlidir. Barak Obama fevral ayında keçirilən "Zorakı Ekstremizmlə Mübarizə Sammitində" bunu qəbul edib demokratiya və siyasi stabillik üçün din azadlığının zəruri olduğunu qeyd edərək insanların seçdikləri dinə inanmaqda azad olduqları zaman müxtəlif cəmiyyətlərin birliyinin təmin edilməsinin asanlaşdığını bildirmişdi.

Din azadlığının təbliğ edilməsi ilə Amerikanın İŞİD və digər ekstremistlərə qarşı mübarizəsinin daha yaxşı əlaqələndirilməsi terrorizmlə mübarizə cəhdlərini artıra bilər. Din azadlığı, nəticə etibarilə, düşüncə azadlığı deməkdir - insanların inanmaq istədiyi şeyə inanıb, inancları əsasında dinc və qeyri-zorakı yolla fəaliyyət göstərmək hüququ. Heç şübhəsiz, din azadlığı bütün problemləri həll etməsə də, düşüncə və inanc müxtəlifliyi üçün daha çox imkan yaratmaq terrorizmlə mübarizə cəhdlərini daha davamlı edə bilər.

ABŞ bununla təkbaşına mübarizə apara bilməz. Bu problem milli sərhədləri aşır, çünki ekstremist qruplar hər yerdə ideologiya və cinayətkarlıqla bir-birlərinə bağlıdırlar. Bu problemin effektiv şəkildə həll edilməsi üçün düşüncə və inanc müxtəlifliyinə dəyər verən ölkələr birgə fəaliyyət göstərməlidirlər. Ekstremizm və terrorizmlə mübarizə aparmaq üçün artıq transmilli cəhdlər göstərilir. Buna misal olaraq, "Terrorizmlə Qlobal Mübarizə Forumu"nu (ing. "Global Counterterrorism Forum" ) göstərmək olar. Din azadlığı naminə həmfikir dövlətlərin koalisiyalarının yaradılması üçün də fəaliyyət davam edir. Dünyanın hər yerindən millət vəkilləri Pakistan, Birma və İndoneziya kimi yerlərdə din azadlığını qorumaq üçün siyasi kapitalı artırıb. Avropa İttifaqının insan hüquqları üzrə yeni fəaliyyət planı ilə din azadlığının təbliği və dini azlıqların qorunmasına daha çox diqqət ayrılır.

ABŞ və digər dövlətlər yeni, qabaqlayıcı strategiyalara ehtiyac duyduqları qədər tərəfdaşları olan dövlətlərin ekstremizmə təkan verən uğursuz strategiyalarının da qarşısını almalıdırlar. "The Pew Forum on Religion and Public Life" tədqiqat təşkilatı tərəfindən aparılan müxtəlif araşdırmalar göstərib ki, bütün dünyada dinin rolu yüksək olsa da, din üzərinə qoyulan məhdudiyyətlər artmaqdadır. Bu da zorakılıq hallarının artmasına və stabilliyin pozulmasına şərait yaradır. ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı verdiyi hesabatlarda Mərkəzi Asiya dövlətlərinə istinad edilir. Məsələn, Tacikistanla bağlı hesabatda qadın və azyaşlıların məscidə getmələrinin qadağan edilməsi kimi dövlətin zorakı dini ekstremizmin qarşısını almaq üçün göstərdiyi cəhdlərin "din azadlıqlarına mənfi təsiri" vurğulanır. Bu cür hallar sərt reaksiyalara səbəb ola bilər. Buna misal olaraq, 2010-cu ildə "Özbəkistan İslam Hərəkatı"nın ölkənin repressiv qanunlarına cavab olaraq 25 tacik əsgərini qətlə yetirməsini göstərmək olar.

Dini radikallar dini azlıqları və öz qruplarının müxalif üzvlərini öldürür, düşüncə və inanc müxtəlifliyinə qarşı real təhlükə təşkil edirlər. Bu ekstremist qruplar yaxın gələcək üçün milli təhlükəsizlik və insan hüquqları kimi məsələlərlə bağlı ABŞ və onun müttəfiqləri qarşısında böyük bir problem qoyur. Şübhəsiz ki, Şimali Koreya və Eritreya kimi dünyəvi avtoritar rejimlər öz ədalətsiz üsullarına davam edəcəklər. ABŞ və beynəlxalq ictimaiyyət avtoritar rejimlərin islahat keçirmələri üçün göstərdikləri cəhdləri ikiqat gücləndirməlidirlər. Ancaq dini ekstremizmin artması yeni bir yanaşma tələb edir - bu yanaşma ilə dövlətlər problemi qəbul etməli və öhdəsindən gəlmək üçün birgə fəaliyyət göstərməlidirlər.

Orxan Hun
Milli.Az