Yaxşı oğlanların sırğa taxmağı

29 İyul 2015 00:03

Son vaxtlar cəsur və rəşadətli oxucularım mənim sırğa taxmağıma nəinki ağız büzüb, lağ edir, hətta məni tərbiyəsizcəsinə təhqir edirlər. Nəymiş, əfəndim, yaxşı oğlan sırğa taxmazmış! Ay siz öləsiz elə! 

Tarixdən bixəbər, kitab üzü açmağa ərinən cahil insanların kişinin sırğa taxmasına həqarətlə yanaşmaları təəccüblü deyil. Üstəlik, atalarımız demişkən, "Elin ağzı çuval deyil ki, büzəsən". Cahil və nadan adamlar qınamaqda, danlamaqda, səhv axtarmaqda hər zaman həvəsli olurlar. Çün bu biçarələrin dünyadan xəbəri olmadığı üçün öz natamam eqolarını doyuzdurmaq ehtiyacları var.

Nəzərinizə çatdırım ki, sırğa taxmağıma məxluqatın lağ etməsi, imkan düşəndə ələ salması, təhqir etməsi vecimə deyil. Əsla və əsla savadsız nadanlar kefimi pozmaq iqtidarında deyillər. Amma istərdim ki, sırğa taxan gənc oğlanlara lağ edənlər, ələ salanlar bu yazını oxusunlar. Ümid edirəm ki, bu yazıdan sonra bəziləri indiyə qədər yazdıqları hədyanlara görə az da olsa utanacaqlar.

Məlumat üçün bildirim ki, qədim türk örf və adətlərində kişilərin sırğa taxması geniş yayılıb. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanlarında "altun küpəli Oğuz bəyləri"ndən bəhs olunur: "Qulağı altun-altun küpəli... Boz ayğırlı Beyrək çaparaq yetdi". Üstəlik bir çox tarixi şəxsiyyətlərin: Əmir Teymurun, Qara Yusifin, Berke xanın, Sultan Səlimin, Şah İsmayılın, Koroğlunun, xürrəmilərin yenilməz sərkərdəsi Babəkin, Ağqoyunlu ordusunun sərkərdələrinin də sırğa taxması ilə bağlı tarixi faktlar mövcuddur. İnternet əsrində yaşayırıq, zəhmət çəkib "quqllayın".

Qədim misirlilərdən başlayan bu adət dövrümüzə qədər gəlib çatıbsa, bunun feminin bir adət olduğunu düşünmək, sırğa taxan kişilərə "qızbibi", "petux" demək, yüngül ifadə etsəm, qanmazlıqdır. Qədimdə bəzi xalqlarda sırğa taxmaq xüsusi anlam daşıyırdı:

- Ərəblərdə və yəhudilərdə sırğa sahibinin kölə olduğunu bildirirdi. 
- Moğol və Babil kişilərinin taxdığı sırğalar onların daşıdığı rütbələri bəlli edirdi.
- Yunan kişiləri cingiltili, Roma kişiləri qabarıq bilinən və qiymətli daşlarla bəzənmiş daha böyük sırğalar taxardılar.

Eyni zamanda dənizçilərin yolda ölərlərsə dəfn xərclərini qarşılamaq üçün sırğa taxdıqlarını yazan qaynaqlar var.

Göründüyü kimi, kişilərin sırğa taxmasının ayıb tərəfi yoxdur. Daha bir məsələni önəmli hesab etdiyim üçün sizlərlə bölüşürəm.

Məlumunuz olsun ki, kişinin sol və ya sağ qulağına sırğa taxmasının tarixən böyük bir önəmi olmayıb. Kişinin sağ qulağına sırğa taxmasının fərqli anlama gəlməsi ötən əsrin 70-80-ci illərində yaranıb. Homoseksuallığın qadağan edildiyi 70-80-ci illərin İngiltərə və Fransasında homoseksuallar özlərini ifadə etmək üçün sağ qulağa sırğa taxarmışlar. Hazırda kişilərin sağ qulağa sırğa taxmaqdan çəkinməsi bu adətlə bağlıdır.

Çox hörmətli cəhalət təmsilçiləri, indi zəhmət çəkib, dilinizi qoyun dinməz yerinizə. Sayəmdə mənsub olduğumuz xalqın kişilərinin ta qədimdən sırğa taxdığını öyrənmiş oldunuz. Tarixdə iz qoymuş, qalalar alıb şəhərlər yandırmış, imperiya yaradıb dövlət qurmuş bəzi "yaxşı oğlanların" böyük əksəriyyətinin sırğa taxdığını sizə ona görə xatırlatdım ki, bəlkə, cəhalətinizdən, savadsızlığınızdan utanasınız. Sırğa taxan kişilərə qarşı qəzəbinizi və nifrətinizi bir balaca yumşaldın.

Nə bilirsiniz, bəlkə də ulu babalarınızdan hansısa biri səfəvi ordusunda, ağqoyunlu qoşununda qulağısırğalı sərkərdələrdən olub?

Cəlil Cavanşir
Milli.Az