Tarix sirr saxlaya bilmir. Kim nə qədər çalışsa da, var qüvvə və səyləri cəmləyib əməlinin əyan olmamasına can atsa da, gün gəlir və gerçək üzə çıxır.
Ən fərqli şəkildə, müxtəlif formalarda.
Yüzlərlə günahsız insanın həlak olduğu faciənin yeni təfərrüatları da indi aşkarlanıb və media klişesi kimi səslənsə də, bomba partlayışı effekti yaradıb.
Ötən il partlamış təyyarənin sirri 365 gün sonra əks-səda təki qayıdaraq dünya miqyasında yeni qalmaqal yaradıb.
Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin MH17 reysi ilə uçan Boeing sərnişin təyyarəsinin Ukraynanın şərqində, Donetsk vilayətinin səmasında vurulmasının dünən 1 ili tamam oldu.
Dünən Avstraliyanın news.com.au xəbər portalı qondarma "Donetsk Xalq Respublikası"nın nümayəndələrinin təyyarənin vurulduğu yerdəki əməllərinin əks olunduğu videonu yayıb.
Separatçılar təyyarənin yanan qalıqları arasında dolaşır, həlak olmuş sərnişinlər və heyət üzvlərinin çantalarını, əşyalarını eşələyirlər. Onlar "axtarış"lar zamanı anlayırlar ki, vurduqları təyyarə sərnişin layneridir.
"Lənətə gələsən, tfu, bu ki, sərnişin təyyarəsidir!", - separatçılardan birinin komandiri deyir.
Montaj edilmiş video 4 dəqiqə 11 saniyə davam edir. Portalın yaymadığı orijinal videoçəkilişin sürəti isə 17 dəqiqədir.
Videoda eşidilir ki, separatçılar "Rassıpnoedə veyillənənən pilot" darədə danışırlar.
Rassıpnoe kəndi təyyarənin düşdüyü yerin yaxınlığındadır. "Haydı, özününküləri də götür, qaç ora. Haydı, tərpən, tez ol!" - komandir deyir.
Separatçıların danışıqlarından o da bəlli olur ki, onlar eyni vaxtda iki təyyarə vurublar və ikinci təyyarə də guya Ukrayna Hərbi-Hava Qüvvələrinin Su qırıcı-bombardmançısıdır.
"Qırıcı Boeing-i vurub, bizimkilər də qırıcını vurub salıblar. Onlar belə ediblər ki, guya sərnişin təyyarəsini biz vurmuşuq", - separatçılardan biri söyləyir.
Avstraliya XİN-nin başçısı Culi Bişopun dediyinə görə, ölkənin hakimiyyət dairələri videonu tam yoxlamaq niyyətindədir.
Malaziyanın "Malaysia Airlines" aviaşirkətinin MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayətinin səmasında, Donetskdən 80 km aralıda, Snejnoe yaşayış məntəqəsinin yanında vurulmuşdu. Təyyarədəki 227 sərnişin və 12 heyət üzvünün hamısı həlak olmuşdular.
Sərnişinlərin əksəriyyəti Hollandiya vətəndaşları idilər.
İntiqam və qisas tələb olunur
Malayziya Boeing təyyarəsinin vurulması ilə bağlı beynəlxalq tribunalın yaradılması tələbi ilə BMT-nin Təhlkəsizlik Şurasına müraciət edib.
Təhlükəsizlik Şurası artıq iyulun 21-də müvafiq qətnamə ilə bağlı səsvermə keçirə bilər. Malayziyanın təşəbbüsünü Avstraliya, Hollandiya, Belçika, Ukrayna, habelə iyulda BMT TŞ-ə sədrlik edən Yeni Zelandiya dəstəkləyirlər.
Rusiya, təbii, belə tribunalın yaradılmasına heç bir zərurət görmür.
ABŞ-da isə faciədə həlak olanların ailə üzvləri və qohumları Donetsk separatçılarının sabiq lideri, "Donetsk Xalq Respublikası"nın keçmiş "müdafiə naziri" İqor Strelkov-Girkinə qarşı məhkəmə iddiası qaldırıblar. Onlar separatçı komandiri təyyarənin vurulmasında suçlu sayır və mənəvi təzminat qismində 900 milyon dollar tələb edirlər.
"Kremlin birbaşa dəstəyi və yardımı ilə bu münaqişədə iştirak edən Strelkovun başçılıq etdiyi hərbçilər Boeing-i vurublar. Girkin təyyarəyə raket və ya raketləri buraxan insanlarla sövdələşməyə girərək onları bu cinayətə təhrik edib, əmr verib. Cavabdeh Girkin Rusiya hakimiyyətinin faktiki və ya aşkar rəhbərliyi altında hərəkət edib", - iddiada deyilir.
Hollandiya, Avstraliya, Belçika, Malayziya və Ukraynanın nümayəndələrindən ibarət birgə qrup faciəni araşdırır. Araşdırmaya başçılıq edən Hollandiya Təhlükəsizlik Şurası Boeing faciəsi ilə bağlı yekun məruzəni bu ilin oktyabrın ilk yarısında açıqlayacaq. Kriminal təhqiqat isə ilin sonunadək davam edəcək.
İlkin məlumatlara görə, təyyarənin Donetskdəki separatçıların mövqelərindən buraxılmış raketlə vurulduğu artıq sübut olunub.
Hollandiya Baş Prokurorluğunun mətbuat katibi Vim de Bryunun dediyinə görə, təhqiqat sürətlə aparılır: "Araşdırmalarımızda bu qədər irəliləcəyimizi gözləmirdik".
Orxan Hun
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.