Avropa Oyunlarının qalibləri bunu gözləmirdilər - FOTO

15 İyul 2015 15:42

"Park Bulvar" ticarət-əyləncə mərkəzi və Day.Az media şirkətinin təşəbbüsü ilə "Park Bulvar"da ilk Avropa Oyunlarının çempionları ilə şəhər sakinləri və paytaxtımızın qonaqlarının görüşü keçirildi.

Trend-in məlumatına görə, karate üzrə dünya çempionu, milli komandanın əsas məşqçisi Rəhman Hətəmov, çempionlar - Ayxan Mamayev (qızıl), Firdovsi Fərzəliyev (qızıl), kişilər arasında 90 kiloqramdan yüksək çəkidə cüdo yarışlarının qızıl mükafatçısı paralimpiyaçı İlham Zəkiyev, Niyazi Əliyev (gümüş), Teymur Məmmədov (qızıl), Elvin Məmişzadə (qızıl), İlahə Qasımova (gümüş), Patimat Abakarova (gümüş) və Tayfur Əliyevin (bürünc) iştirak etdiyi görüş 2 saatdan çox davam etdi. Onların hamısı azarkeşlərindən də çox həyəcanlı idilər, çünki bu qədər insanın görüşə gələcəyini gözləmirdilər.

"Park Bulvar" ticarət-əyləncə mərkəzinin PR-direktoru Günay Məlikqızı bunun çox əhəmiyyətli görüş olduğunu bildirib: "Görüşdə iştirak edən və obyektiv səbəblərə görə iştirak edə bilməyən qaliblərimizin hamısı, necə deyərlər, başımızı uca etdilər. Onlar imkan yaratdılar ki, himnimiz yalnız ilk Avropa Oyunlarını təşkil edən ölkənin himni kimi səslənməsin. Qələbələri ilə sübut etdilər ki, Azərbaycan idmanı qaliblərin reytinqinə görə ən yüksək səviyyədədir. "Park Bulvar" isə, öz növbəsində, istənilən həmvətənimizə dəstək olmağa həmişə hazırdır. Qoy bu görüş nəinki gələcək nəsilləri, eyni zamanda, idmançılarımızı həvəsləndirsin. Qoy onlar qələbələrinin dəyərini anlasınlar. Bu dəyər isə çox yüksəkdir - bu sevgi, nüfuz, qürur və minnətdarlıqdır. Bu hisslərlə oynamağa isə heç kimin mənəvi haqqı çatmır. Qoy onlar atdıqları hər addımları, əməlləri ilə öz qələbələrinin dəyərlərini artırsınlar, öz adlarını qorusunlar. Və mənə elə gəlir ki, idmançılarımız öz münasibətləri ilə karyeralarındakı bu qələbələrin təsadüfi olmadığını sübut etdilər. Biz onlarla hələ çox qürur duyacağıq".

"Day.Az" şirkətinin PR-direktoru Aynur Hacıyevanın sözlərinə görə, belə bir görüşü təşkil etmək çox böyük əmək tələb edirdi: "Təəssüflər olsun ki, bütün qaliblər gələ bilmədi. İndi yay mövsümüdür, əksəriyyəti istirahət edir. 17 gün onlar tamamilə idman dünyalarının içində idilər. Onlar yalnız bir şey - Azərbaycan bayrağı altında çıxış edib qələbə qazanmaq barədə düşünürdülər. Bu səbəbdən həmvətənlərimizin idmançılarımıza görə duyduqları həmin minnətdarlıq, qürur hissini tam mənası ilə hiss edə bilməyiblər. Ziyarətçilərinin bütün pozitiv emosiyalarını, duyduqları minnətdarlıq və qürur hissini gördükləri zaman sadəcə çaşıb qalmışdılar. Onların özü də bunu gözləmirdi. Görüş başa çatdıqdan sonra Günay xanımla mənə elə gəldi ki, idmançılarımız yorulub. Onlara kömək etmək, qonaqlardan uzaqlaşdırmaq istədik. Ancaq qaliblərimiz azarkeşlərdən hər biri ilə ünsiyyət qurmağa israr etdilər. Hamı ilə şəkil çəkdirir, imza verir və söhbət edirdilər. Onlara həmvətənlərimizin məhəbbətini hiss etmək lazım idi. Düşünürəm ki, bu görüş idmançılarımızın gələcək uğurlarına stimul olacaq.

"Park Bulvar" və "Day.Az"-ın təşəbbüsünə ayırdıqları diqqət üçün digər sayt və teleşirkətlərdən olan həmkarlarımıza təşəkkürümüzü bildiririk. Görüşdə iştirak edən hər bir idmançımıza minnətdaram. Onlar öz şəxsi işlərini bir kənara qoyub bizə vaxt ayırdılar. Bütün bu vaxt ərzində bizimlə olan Boks, Cüdo və Karate federasiyalarına da təşəkkürümü bildirirəm. Paralimpiyaçı İlham Zəkiyevi xüsusi vurğulamaq istəyirəm. Demək olar ki, hər gün ona zəng edir, görüşü yadına salırdım, o isə belə cavab verirdi: "Yadımdadır. İyulun 11-i, saat 17:00-da, dediyiniz yerdə olacağam!" Bu, həmçinin onların bizim təşəbbüsümüzə necə məsuliyyətlə yanaşdığını göstərir. Və əlbəttə ki, Günay Malikqızının simasında "Park Bulvar" rəhbərliyinə minnətdaram. Onlar bu görüşün ən yüksək səviyyədə keçməsi üçün əllərindən gələn hər şeyi etdilər".

Karate üzrə dünya çempionu, milli yığmanın baş məşqçisi R.Hətəmov öz növbəsində, "Day.Az" və "Park Bulvar"a görüşə görə təşəkkürünü bildirdi: "Görüşdə iştirak etdiyimə və həmvətənlərimizin bizi necə sevdiyini öz gözlərimlə gördüyümə görə çox şadam. Bu, bizim üçün böyük şərəfdir. Axı hamımız xalqımız üçün işləyir və qələbə qazanırıq".

Karateçi A.Mamayev bildirib ki, onun üçün yer üzündə Azərbaycan bayrağının yüksəldiyi və himninin səsləndiyi an yaşanan hisslərdən gözəl hiss yoxdur: "Doğma Vətənimdə çıxış edirdim və heç bir çətinlik məni sındıra bilməzdi. 17 ildir karate ilə məşğul oluram, dünya, Avropa və İslam Oyunlarının çempionu olmuşam, lakin bu qələbə xüsusi əhəmiyyətlidir və ölkəmin tarixinə yazılıb. İlk Avropa Oyunları zamanı qazanılan qalibiyyət həm də ona görə əhəmiyyətlidir ki, bu qələbə dünyanın ən yaxşı karateçiləri ilə mübarizədə əldə olunub".

Karate üzrə qızıl medal sahibi F.Fərzəliyev qeyd edib ki, ölkə başçısının şəxsən onu medalla təltif etməsi böyük şərəfdirr: "Qalib olmaq heç nə ilə müqayisə oluna bilməz duyğudur və bu duyğuları yalnız həmin anları yaşayan idmançı hiss edə bilər. Bu həyatımda yaşadığım ən gözəl hisslər idi. Azərbaycan xalqına dəstəyinə, məşqçilərə mənə inandıqlarına görə minnətdaram".

Paralimpiyaçı İ.Zəkiyev "Day.Az" və "Park Bulvar" rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, ziyarətçilərlə ünsiyyət qurmaq, onlarla şəkil çəkdirmək və onların məhəbbətini hiss etmək xoş idi: "Avropa Oyunlarında qazandığım qələbə idman karyeramda ən böyük uğurdur. Bu mənim üçün böyük şərəfdir! Bu qədər insanın mənimlə fəxr etməsinə görə çox şadam, axı hamımız onlar üçün çalışırdıq".

Karateçi İlahə Qasımova bu qədər insanın gələcəyini gözləmədiyini və şok olduğunu etiraf edib: "Əvvəl çox həyəcanlı idim. Bilmirdim özümü necə aparım. Ancaq sonra insanlar yaxınlaşmağa, şəkil çəkdirməyə başladı. Onlarla söhbət etmək mənə xoş idi. Belə bir görüşü təşkil etdiyinə, belə bir imkan yaratdığına görə "Day.Az" və "Park Bulvar"a minnətdaram".

Milli.Az