Avropa Oyunları çempionlarımızın avtoqraf-sessiyası keçirildi - FOTO

14 İyul 2015 13:21

"Park Bulvar", "Shokki Mokki" və "Day.Az"-ın təşkilati dəstəyi ilə Avropa Oyunları çempionlarının avtoqraf-sessiyası keçirilib. Trend-in məlumatına görə, ötən həftəsonu "Park Bulvar"da ilk Avropa Oyunlarının çempionları ilə şəhər sakinləri və paytaxtın qonaqlarının çoxdan gözlənilən görüşü baş tutub.

Bu əlamətdar görüş ilk dəfə "Park Bulvar" ticarət-əyləncə mərkəzi, "Shoki Mokki" və "Day.AZ" media şirkətinin təşəbbüsü ilə təşkil olunub.

Dünya və ölkəmizin idman tarixinə adını yazdıran çempionlarımız kimi ilk Avropa Oyunları da hələ uzun müddət xalqımızın qürur mənbəyi olacaq.

Əsrimizin qəhrəmanları ilə görüş təşkil etmək böyük əmək tələb edib. Çünki idmançıların əksəriyyəti ölkədən getmiş, bəziləri gərgin keçən günlərdən sonra istirahət edirdi. Ancaq onların çoxu böyük məmnuniyyətlə azarkeşləri ilə görüşmək, onlarla şəkil çəkdirmək, söhbət etməyə razılıq verib. Buna görə də biz onlara minnətdarıq.

"Park Bulvar"ın birinci mərtəbəsində çempionlar və qonaqlar üçün bütün şərait yaradılmışdı. Ziyarətçilər arasında müxtəlif yaş nümayəndələri, ələlxüsus kumirlərinə fəxrlə baxan, böyüyəndə onlar kimi çempion olmaq istəyən uşaqlar var idi.

Görüşdə karate üzrə dünya çempionu, milli komandanın əsas məşqçisi Rəhman Hətəmov, çempion karateçilər - Ayxan Mamayev (qızıl), Firdovsi Fərzəliyev (qızıl), kişilər arasında 90 kiloqramdan yüksək çəkidə cüdo yarışlarının qızıl mükafatçısı paralimpiyaçı İlham Zəkiyev, karateçi Niyazi Əliyev (bürünc), boksçular Teymur Məmmədov (qızıl), Elvin Məmişzadə (qızıl), karateçi İlahə Qasımova (bürünc) və taekvondoçu Patimat Abakarova (bürünc), boksçu Tayfur Əliyev (bürünc) iştirak ediblər. Onların hamısı azarkeşlərindən də çox həyəcanlı idilər, çünki bu qədər insanın görüşə gələcəyini gözləmirdilər.

Tədbirin aparıcısı Sənan Şərifzadə həmişəki kimi işinin öhdəsindən yüksək səviyyədə gəlib.

Qonaqların əksəriyyəti çempionlardan imza alıb, onlarla xatirə şəkilləri çəkdiriblər. İdmançılar qonaqları maraqlandıran istənilən sualı cavablandırıb, onlarla selfi çəkdirib və imza veriblər.

Avropa Oyunlarının qızıl mükafatçısı, "ən gözəl idmançı" adına layiq görülən karateçi Ayxan Məmmədovdan avtoqraf almaq üçün növbədə dayanan qızların izdihamı isə diqqət çəkib. Rəqibinin A.Məmmədova ciddi zərbə endirib, onun üz sümüyünü sındırdığı görüş isə hələ də hamının yadındadır.

Paralimpiyaçı İlham Zəkiyevə yol tapmaq da böyük əmək tələb edib. Çünki uşaqların çoxu onunla şəkil çəkdirmək və idmançının qızıl medalını əllərinə almaq istəyirdilər. Əsgərə oxşasa da, onunla ünsiyyət qurduqdan sonra görürsən ki, idmançının daxili dünyası zahiri görünüşünün tam əksidir. Yorulub-yorulmamağı ilə bağlı hər suala çempion hazır olduğunu və davam etmək istədiyini bildirib. Qələbəsi münasibəti ilə onu təbrik edən və uğurlar arzu edən insanlarla söhbət etmək İ.Zəkiyevin üçün çox xoş idi. Bütün xoş diləkləri İ.Zəkiyev belə cavablandırıb: "Hər şey irəlidədir!"

Ən utancaq çempion isə boksçu Teymur Məmmədov olub. Onu danışdırmaq bir qədər çətin olub. İdmançı deyib ki, özündən danışmağı xoşlamır, yalnız rinqdə özünü göstərə bilir.

Çempionlara dəstək olmağa bir çox məşhur gəlmişdi. Onların arasında "Səs" şousunun ulduzu, müğənni Aygün Tağıyeva, modelyer Leyla Əhmədova, teleaparıcı Hacı Nuran Hüseynov və başqaları var idi. Onların hər biri bəxş etdikləri qələbələrə görə çempionlara təşəkkürlərini bildirib, gələcək idman karyeralarında onlara uğurlar arzulayıblar.

İdmançılar Oyunlar zamanı yaşadıqları hissləri qonaqlarla bölüşüblər, yarışların ən yadda qalan məqamlarını xatırlayıblar, gəncləri idmanla məşğul olmağa, ölkəmizə qələbə gətirməyə və bu müstəsna duyğuları yaşamağa çağırıblar.

Görüşün iki saatdan çox çəkməsinə baxmayaraq, tədbirdən sonra da insanlar idmançılara yaxınlaşıb onlarla şəkil çəkdirməyə davam ediblər. İdmançıların isə görüş o qədər xoşlarına gəlib ki, onlar da bir müddət tədbirdən getmək istəməyiblər.

Görüş iştirakçılarından hər biri həmin iftixar anlarını yenidən yaşayıb. Axı Azərbaycanın bayrağının yüksəlməsi və himninin səslənməsi zamanı yaşanan hissdən gözəl hiss yoxdur.

Milli.Az