Son dövrlər bir-iki günlük səyahət turları geniş yayılıb. Turizm şirkətləri Azərbaycanın müxtəlif bölgələrinə rahat və ucuz qiymətə, əyləncəli turlar təklif edirlər. Tur paketlərdə qeyd olunur ki, səyahət etmək üçün ödəniləcək məbləğə yol və yemək xərcləri, müxtəlif oyunlar, fotosessiya daxildir. Lakin bu turlara gedənlərin çoxusu narazı qayıdır. İstirahət zamanı ac qaldıqlarını, gəzintinin maraqsız olduğunu deyirlər.
Birgünlük turlar necə keçir?
Jurnalist Amin Nəzərlinin sözlərinə görə, turzim şirkətlərinin təklif etdiyi qiymətlər xidmətləri ilə üst-üstə düşmür: "Dostumla Qubaya birgünlük tura getmişdik. Turun qiyməti 25 manat idi. 2-3 gün əvvəldən turizm şirkəti ilə danışıb pulu ödəmişdik. Tur meneceri bizə unudulmaz tur vəd edirdi. Tur proqramına görə səhər və nahar yeməkləri, istirahət mərkəzlərində fotosessiya, yol boyu oyunlar olmalıydı. Amma xoş istirahət, yeyib-içmək arzusu ilə gedib ac və dilxor qayıtdıq. Səhər yeməyi, ümumiyyətlə, vermədilər. Yolda fasilə olarkən çay süfrəsinə dəvət etdilər. Çay süfrəsində hərəmiz bir armudu stəkan çay içə bildik. Stolda çaydan əlavə yalnız qənd və ucuz karamel konfetlər vardı. Yol boyu, üstəlik təmiz havada Qubada gəzintidən sonra çox acmışdıq, ümidimiz nahar yeməyinə idi. Ümidlərimiz puç oldu. Naharda bir pors üstündə toyuq çığırtması (yumurta ilə bişirilmiş toyuq) olan plov verdilər. Çox az idi. Bir tikə toyuq, bir az düyü. Heç doymadıq. Süfrədə pomidor, xiyar da 3-4 dənə. Kim götürə bildi, götürdü".
Gəzintiyə gəlincə, A.Nəzərli bildirdi ki, tur operator Qubanın görməli yerlərinə apardı: "Amma getdiyimiz yerlər haqqında məlumat vermirdi. Gərək bizi maraqlandıran yer və abidə haqqında soruşardıq ki, danışsın. Hərə iki, üç nəfər qruplaşıb gəzir, mobil telefon və ya fotoaparatları ilə şəkil çəkdirirdilər. Söz verdikləri fotosessiya da olmadı. Oyunlardan voleybol və s. oynadıq. Axşam hava qaralmamışdan avtobusla geri qayıtdıq. Gecə saat 11-də evə çatdıq, şam yeməyi yemədən".
Turist şam yeməyi yeməsə də, olar
"Turizm.az" şirkətinin tur meneceri Suzanna Vəliyeva bildirib ki, yay aylarında birgünük turlara tələbat daha çoxdur: "Qəbələyə, Lahıca, Qubaya, Şamaxıya piknik və ekskursiya turları təşkil olunur. Piknik turlarına qiymətlər 18 manatdan başlayır. Ekskursiya turları isə 22-33 manatdır. Turlara, əsasən, nəqliyyat, foto çəkiliş, səhər və nahar yeməyi, ekskursiya xərcləri daxil olur. Hər turun öz tur bələdçisi var. Birgünlük turlarda səhər gedib axşam gəlirsən. Belə turlar ayda bir dəfə tələbat çox olan vaxtlarda olur. Bir neçə günlük turlar da olur. Məsələn, Balakən-Gürcüstan turunda bir və ya iki gecə Balakənddə, iki gecə də Tiflisdə hoteldə qalırsan".
S.Vəliyeva qeyd edib ki, bayram ərəfələri turlar təşkil etmək daha çox sərf edir: "Çünki bayram günlərində işləməyən və evdə oturanların əksəriyyəti harasa 3-4 günlük tura getmək istəyir. Ona görə bayram ərəfələri 3-4 günlük turlar daha çox olur. Birgünlük turları isə həftə sonları keçiririk. İnsanlar daha çox Qəbələyə istirahətə getmək istəyir. Lənkəran və Lahıcın istirahət mərkəzinə gedənlər də kifayət qədərdir".
Səyahət üçün nəqliyyat vasitəsi avtobus seçilir. Avtobus səhər saat 7-də yola düşür. Hardasa iki saata Şamaxıya, 4 saata Qəbələyə çatır. Yolda fasilə zamanı və ya getdikləri rayona çatdıqda səhər yeməyi verilir.
Bir-iki yerə ekskursiyadan sonra nahar yeməyi təşkil olunur. Nahar yeməyi beş ulduzlu hoteldə verilir. Sonra ekskursiyaya davam edirlər. Çay süfrəsi də açılır. Gecə saat 11-də isə Bakıya çatırlar.
Tur meneceri deyir ki, Qəbələyə 4 saat yol olduğu üçün şam yeməyini vermirlər: "Şam yeməyi üçün çox vaxt Bakıya gəlib çatırlar. Və yaxud da şam yeməyini yol kənarında verməli oluruq ki, bu da baha başa gəlir. Həm də adətən şam yeməyi tələb olunmur. Turistlərə nahar yeməyi kifayət edir. Qayıdan zaman yol kənarında fasilə olur. Bu zaman avtobusdan düşüb özlərinə yemək ala bilərlər".
S.Vəliyeva bildirib ki, azərbaycanlılar daha çox yeməyə fikir verdiyi üçün bu sahədə xidmətin yüksək səviyyədə olmasına çalışırıq: "Yeməklər turist sayına əsasən sifariş olunur. Səhər yeməyində yağ, bal, yumurta verilir. Nahar yeməyində orta səviyyəli yerlərdə iki yemək təklif olunur. Birinci yemək şorba, ikinci yemək isə assorti kabablar və tərəvəzlər olur. 5 ulduzlu hotellərdə isə yemək menyusu təklif olunur və yeməklər çox olur, hətta turistlərin qabağından da qalır. Trusitlər üçün yaxşı süfrənin təşkili tur rəhbərindən asılıdır. Tur rəhbəri təşkilatla bağlı məsələlərə fikir verməlidir. Hərdən elə olur ki, restoranlar sifariş olunandan az yemək gətirir. Tur rəhbəri buna nəzarət etməlidir. Əvvəlcədən menyu barədə restoranla danışmalıdır".
O qeyd edib ki, imkanı aşağı olanlara ekonom paket də təklif edirlər: "Ekonom paket 22 manatdır. Yemək fastfud xarakterlidir".
Turizm şirkəti seçərkən nəyə fikir vermək lazımdır?
S.Vəliyevanın sözlərinə görə, turizm şirkəti seçərkən, ilk növbədə, qiymətə fikir vermək lazımdır: "Qiymət nə qədər aşağıdırsa, xidmət də bir o qədər aşağı olur. Seçdiyimiz restoran, avtobus, sürücü, tur rəhbərinə daha çox pul verdikdə yaxşı xidmət də görürük. Qiymətlə yanaşı tur rəhbərinin davranışına, təşkilatçılıq bacarığına fikir vermək lazımdır. Bundan başqa, tur proqramını yaxşı oxumaq lazımdır. Hərdən elə olur ki, turistlər proqramı oxumadan tur səyahətinə gedir. Nəticədə proqramda nəzərdə tutulmuş gedilən yer və ya başqa nəsə xoşuna gəlmir. Deyir ki, "Mən belə istəmirdim". Bu səbəbdən də, proqrama fikir vermək lazımdır. Hər kəs ona uyğun tur proqramını seçməlidir. Lakin turistlərin çoxu proqramı oxumur".
Turizm şirkəti seçərkən saytın zənginliyinə də fikir vermək lazımdır. İstər sosial şəbəkələrdə, istərsə də saytın özündə tur proqramları mütəmadi yenilənirsə, deməli, həmin turizm şirkətinə müraciət etmək olar.
"Sia Travel" turizm şirkətinin tur meneceri Ceyhun Həsənli bildirib ki, turist onun üçün sərf edən və eyni zamanda yaxşı xidmət göstərən turizm şirkətini seçməlidir: "Hansısa turizm şirkətinə ilk dəfə müraciət etdikdə nə dərəcədə maraqlı tur təklif etdiklərini bilmək çətindir. Ən azından daxili turlarla bir-iki dəfə səyahət etməlisiz".
Tur meneceri qeyd edib ki, turizm şirkətinin işçiləri müştərini gülərüzlə qarşılayırsa, tur bələdçilərindən tutmuş sürücüsünə kimi turisti qane edirsə, həmin turun səviyyəsi qalxır. Turizm şirkətlərinə güvən belə yaranır.
Daxili turizm zəifləyib
C.Həsənlinin sözlərinə görə, tur paketlərinin qiyməti tarixinə, hotelin səviyyəsinə görə dəyişir: "Daxili turlara nəzər salsaq, Azərbaycanın tanınmış turizm yerləri, misal üçün, Quba, Qusar, Nabran turizm cəhətdən inkişaf edib və daxili turizm bazarını ələ alıb. Bunların da qiyməti kəllə-çarxa qalxıb. Bu səbəbdən də müştərilərin çoxu xaricə, Türkiyəyə, Gürcüstana üz tuturlar. Bu da Azərbaycanda daxili turizmin bir qədər zəif inkişaf etdiyini göstərir. Nəyə görə biz vətəndaş olaraq pulumuzu Azərbaycanda deyil, gedib Gürcüstanda və ya Türkiyədə qoyuruq? Çünki orada gülərüz personal var. Müştəri xidmətdən məmnun qalır. Qiymətləri ucuzdur. Istirahət etmək istəyənlər də fikirləşir ki, Azərbaycanı gəzib görməkdənsə, buna sərf etdiyim puldan daha az sərf edərək fərqli yerləri görərəm. Dəyişiklik olar.
Camaat turizm şirkətlərinə etibar etmir
"SilkWay travel" şirkətinin tur menecerinin sözlərinə görə, şirkətləri daha çox xarici turistlərlə işləyir: "Çünki yerli camaatın turizm şirkətlərinə etibarı yoxdur. Fikirləşirlər ki, birbaşa, turizm şirkətinə müraciət etmədən hotelə getsələr, daha ucuz başa gələr. Bu, yanlış fikirdir. Qiymətlər müştərilərdən asılıdır. Müştəri istəsə, bir həftəlik, istəsə də, üçgünlük istirahət turunu seçə bilər. Məsələn, Qubada hər bir şəraiti olan istirahət üçün bir həftəyə 350 manat bəs edir".
Aynurə Məmmədova
Milli.Az