Həmidə Ömərovanın ögey oğlundan etiraf: "Deyirdilər ki, təsəvvür et anan ölüb" - FOTOSESSİYA

22 İyul 2015 00:03

Söhbət açacağımız bu iki filmin uşaq qəhrəmanı o zamanlar çox məşhur idi. Elə bunun üçün də rejissorlar onu filmlərində çəkməyə tələsirdilər. O, bütün bu çarpışmalara baxmayaraq iki - "Babamızın babasının babası" (Əziz) və Gümüşü furqon" (Fərid) filmlərində çəkilərək kino lentində qaldı. Söhbət filmlərimizin uşaq qəhrəmanı Samir Qədirovdan gedir. Onunla uşaqlığına döndük, çəkiliş zamanı baş verən maraqlı əhvalatları yada saldıq, zaman-zaman nostalji anlar da yaşadıq. Təsadüf nəticəsində filmdən uzaq düşən bu insan kim bilir neçə-neçə yadda qalan obrazlar yaradacaqdı? Yaxşısı budur hər şeyi özünün dilindən eşidək.

- Samir bəy, istərdim söhbətə lap əvvəldən, filmə necə dəvət almağınızdan başlayaq.

- Mən o vaxtı 132 saylı məktəbdə oxuyurdum. Bu məktəb ölkənin ən sayılıb-seçilən məktəblərindən biri idi. "Babamızın babasının babası" filmi üçün seçimi də bu məktəbdən etdilər. Filmə görə 180 məktəbli dəvət etmişdilər, onlardan "foto probadan" 3 nəfər, sonra "kino probadan" da mən seçildim.

- Təbii ki, o vaxt uşaqların içində çox məşhur idiniz. Bu, sizə məktəb yoldaşlarınızın, müəllimlərinizin qısqanclığını yaşatmırdı ki?

- O vaxtlar məktəbə çox məktublar gəlirdi, direktor müavini məni çağırıb məktubların əlindən bezdiyini bildirirdi. Məktubları evə gətirib oxuyurdum. Ən çox yadımda qalanı Qaxdan bir qızın göndərdiyi məktub idi. O, salamsız, kəlamsız öz əlini çəkib göndərmişdi ki, bu, mənim əlimdir. Məktubu məktəbə də apardım, sinif yoldaşlarımla birlikə bolluca güldük. Böyük bir kağıza hamımız əlimizin şəkilini çəkib o ünvana göndərdik. Amma bir neçə il keçəndən sonra etdiyim hərəkətdən utandım. Bəlkə də o qız nəsə demək istəyirdi, amma mən başa düşməmişdim.

- Adətən uşaqların filmə çəkilməsi çox çətin olur. Bu cür çətinliklərlə rastlaşırdınızmı?

- Təbii ki, çətin idi. Bir kadrı bəzən saatlarla çəkirdilər, günün altında və s. Rejissor köməkçisi kadr alınmayanda gəlib ya gülməli şeylər danışırdı, ya da gəlib acıqlanırdı ki, ağlayasan. Mənə deyirdilər ki, təsəvvür elə anan ölüb, sən necə ağlayarsan? Onda gücüm çatsaydı, boğardım onları, qalırdım çar-naçar (gülür). Amma sonra filmə baxanda bütün bu çətinlikləri unudursan və xoş xəyallara dalırsan. Onu da qeyd edim ki, illər keçdikcə mən o filmləri daha çox qiymətləndirirəm. Çəkilişlərə çox vaxt atamla və qardaşımla gəlirdim. Çünki 9 yaşım var idi, bu, belə də olmalıydı.

- Bir çox tanınmış sənətkarlarla birlikdə çəkilmisiz. Təbii ki, həyəcandan 9 yaşlı uşağın səhv oynadığı səhnələr normaldır.

- Mən Süleyman Ələsgərov, Səməndər Rzayev, Hüseynağa Sadıqov, Həmidə Ömərova kimi sənətkarları görüb, onlarla canlı ünsiyyətdə olmuşam. Səməndər Rzayevi daha çox tanıyırdım, çünki o zamanlar onun təqdimatında radioda "Bulaq" adlı verilişin daimi izləyicisi idim. Onun səsinin heyranı idim, filmdə çəkilərkən ona böyük maraqla baxırdım. Cəbiş müəllim kimi tanıdığımız Süleyman Ələsgərovla da səmimi söhbətimiz olurdu, o, çox mülayim insan idi. Mənə öz dəsti-xətti ilə filmlərindən çəkilmiş bukletləri verirdi. Sonra o bukletləri neylədim bilmirəm... Allah dünyasını dəyişənlərə rəhmət etsin, qalanlara isə can sağlığı versin. Onlar mənim həyəcanlanmamağım üçün əllərindən gələni edirdilər. Təbii ki, bu da onların böyük sənətkar olmalarından irəli gəlirdi. "Babamızın, babasının babası" filmindən sonra mən rejissoru Oqtay Mirqasımov olan "Gümüşü furqon" filminə yoxlanışsız dəvət aldım.

- "Gümüşü furqon" filmində Həmidə Ömərovanın sonradan oğulluğa götürdüyü övlad Fərid rolunu oynayırdınız. Həmidə xanım o vaxtlar kinomuzun ən gözəl qadın aktrisalarından biri idi. Təbii ki, onun da böyüklü-kiçikli bir çox sevənləri var idi. Siz necə, çəkiliş prosesində ona vurulmamışdınız?

- Həmidə xanım, təbii ki, gözəl, kübar bir xanımdır, amma o vaxt mənim nə sevmək, nə də sevilmək vaxtım deyildi. Həmidə xanımla bir səhnəmiz var idi, səhər məni yedizdirib məktəbə yola salırdı, filmin bu hissəsi 5-6 səhnə çəkildi, daha şordan bezdim. O kadrlar çəkilənə kimi 1 boşqab şor, yarım çörək yedim. İndi də şora nifrət edirəm (gülür). Hamı nazımla oynayırdı, daha doğrusu mənə qarşı çox diqqətli idilər.

- Həmidə xanımla bağlı daha hansı xatirələriniz var?

- "Gümüşü furqon" filmində Həmidə xanımın həyat yoldaşı rolunda tanınmış aktyor Ömür Nağıyev çəkilirdi. Maşında gedə-gedə bunlar zarafatla dalaşırdılar, Həmidə xanım da mənə deyirdi ki, səndə qışqır ki, papa bəsdir, mama bəsdir, kənardakılar da elə bilsin ki, biz bir ailəyik. Atamla anam dalaşırdı, mən də qışqırırdım (gülür). Kino da Pirşağı kəndində çəkilirdi.

- Həyatda ögey ananızla heç üz-üzə gəlmisinizmi?

- Xeyr, sadəcə, sosial şəbəkələrin birində ona yazmışdım ki, mənəm, sizin Fərid oğlunuz. Amma cavab gəlmədi, dedim yəqin ya oxumayıb, ya da ki, mənim kimi milyonu yazır. Hardan cavab verəcək. Onu başa düşürəm, çünki hal-hazırda işləri çoxdur. Hal-hazırda çəkildiyi seriala yalnız ona görə baxıram. Sizin vasitənizlə ona burdan salamlarımı göndərirəm və ona həmişə bir insan kimi hörmət edirəm. Əfsuslar olsun ki, keçid dövrü zamanı Həmidə Ömərova, Rasim Balayev kimi sənətkarlar özlərini sənətdə tam göstərə bilmədilər. Bütün bunlara baxmayaraq onlar bu durğunluğun içindən çıxa bildilər və bu gün xalq bu iki sənətkarı çox sevir. Bu cür sənətkarlar olmayacaq, yaxşısı, ya pisi ola bilər, amma hərənin öz yeri var, özü də əvəzedilməz yeri.

- "Babamızın babasının babası" filminin bəzi səhnələri açıq-saçıq olduğuna görə tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Siz də ukraynalı aktrisa ilə eyni səhnəni bölüşürdünüz. Bu səhnəyə çəkilməyinizdən valideynləriniz xəbərdar idilər?

- Ssenaridə belə idi ki, qız səhərlər saçını qatıqla yuyurdu, qatığı isə onun saçına mən tökürdüm. Bu rola bir çox aktrisalarımız dəvət almışdı, amma razı olmamışdılar. Çünki həmin aktrisa açıq-saçıq rolda çəkilməli idi. Bu rola çəkilən aktrisa Ukraynadan gəldi. Qız göbəydən yuxarı çılpaq idi. Evdəkilər bu səhnəni çəkiləndən sonra gördülər, o vaxtı axı uşaqlar elə də gözü açıq deyildi. Bir də orada elə də ayıb səhnə yoxdur, xarici uşaq filmləri bundan betərdi.

- O vaxtlar ukraynalı aktrisa filmlə bağlı xatirələrini bölüşərkən sizin çəkiliş öncəsi filmdən imtina edib, qaçmağınız barədə maraqlı bir faktın üstünü açmışdı. Həqiqətən, bu hadisə olmuşdu?

- "Babamızın babasının babası" filmi çəkilərkən biz Şəkidə mehmanxanada qalırdıq. Elə vaxt oldu ki, mən tək qalası oldum, çünki atam Bakıya qayıtmışdı. Rəhmətlik rejissor Tofiq Tağızadə gəldi ki, bəs Samirçik, nəhayət ki, sən bu gün sevgilinə qovuşacaqsan (Kinoda mən ömrümün axırına qədər o qızın həsrətiylə yaşamışam). Sən demə, Şəkiyə qonaqlar gəlib, mehmanxanada da yerləri sıxlaşdırırlar və məni də həmin ukraynalı aktrisa ilə bir otaqda yerləşdiriblər. İnanın ki, səhərə kimi yatmamışam, çayxanada oturub, səhər də qaçmışam bazara özümə oyuncaq almağa. Şəhəri ələk-vələk edəndən sonra, nəhayət ki, məni tapıblar və rejissor məni nəyi var danladı. Sübh tezdən çəkiləsi kadrlar növbəti günə qaldı. Sonradan qız məsələdən hali olub, bu hərəkətimə çox gülmüşdü (gülür).

- Aldığınız qonorar nə qədər idi?

- Dəqiq yadımda qalmayıb, amma mənə "Desna" velosiped aldıqları yadımdadır. Başqa nə aldıqlarını unutmuşam. Zəhmət olmasa, Həmidə xanımdan soruşun, yəqin ki, qonorar onun yadında qalar (gülür).

- Sonradan "Papaq" filmində də əsas uşaq rollarından biri, papaqçının dostu Nuru roluna dəvət almısız, amma getməmisiz? Səbəbi nə idi?

- Babam saçımı çox qısa, demək olar ki, keçəl qırxdırmışdı. Uşağa da parik qoymadıqları üçün bu filmdə çəkilə bilmədim. Çox pis təsadüf məni film sahəsindən ayırdı. O vaxtı bu filmdə çəkilmədiyim üçün çox sevindim, çünki tətil idi. Amma indi hardasa peşmanam. Mənim fikrimcə, ən gözəl sənət aktyorluqdur. Çünki insanları qəmgin olanda güldürə, şən olanda ağlada bilir. Həyatın özü kimi. Mən belə deyərdim ki, sənət adamlarıyla ünsiyyət çox maraqlıdır, ona görə çəkiliş meydançaları üçün çox darıxmışam.

- Çəkildiyiniz filmləriniz bu gün göstəriləndə nə hissi keçirirsiz? Darıxırsız, yoxsa bu sənətdə olmamağınıza görə sevinirsiz?

- Filmlər efirdə göstəriləndə hər dəfə çox gözəl hisslər yaşayıram. Amma yenidən həyatımı yaşasaydım, məmnuniyyətlə, aktyorluq sənətini seçərdim. Çünki aktyorlar ölmür, sadəcə, dünyasını dəyişirlər. Amma adi, sıradan insanlar, təəssüf ki, ölürlər. Hansı insan xatırlanırsa, deməli, ölməyib, yaşayır.

- Hal-hazırda hansı sahədəsiz?

- Hal-hazırda məşhur tikinti şirkətlərinin birində çalışıram, iki oğlum var. Onlar mənim çəkildiyim filmlərə baxanda böyük övlad deyir ki, ata sən mənə oxşayırsan. Balaca da deyir ki, yox, bu, sən deyilsən, Elturandır. Yəni böyük oğlum. Yəqin balaca düz deyir (gülür).

Əli Rəhimoğlu
Milli.Az