"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

7 Fevral 2011 09:36
Aktyor Eldar Əliyevin böyük qızı Leyla Əliyevanın Milli.Az xəbər portalına müsahibəsi

Peterburqda təhsil aldığına, ordan yeni dünyanın maarifçilik ideyalarını öz yaşadığı, təhsildən uzaq mühitə gətirdiyinə görə "Rus Əhməd" ayaması qazanan, sürgün edilmiş müəllim və müharibə dövründə arxa cəbhənin mütəşəkkilliyinə məsul şəxs kimi ucqar bir kəndə göndərilmiş mühəndis... Bunlar ictimai həyatdakı missiyaları nə qədər ciddi olsa da, əks cinsin diqqətindən xali olmayan, çəkici, məlahətə malik və ləyaqətli qadına diqqət yetirməyi bacaran kişi obrazlarıdır. Əlbəttə, "Dəli Kür"də Rus Əhməd - Salatın xəttinin inkişafı yalnız ehtimallar səviyyəsində qala bilər. "Mən ki gözəl deyildim" povestində olan Çingiz - Səidə - Məzahir üçbucağl isə təəssüf ki, filmin ssenarisinə daxil edilməyib. Geniş tamaşaçı kütləsi onu Rus Əhməd və Çingiz kimi tanıyır. Adlarını çəkdiyimiz ekran əsərlərinin maraqlı qəhrəmanları olan bu obrazların Eldar Əliyevin qismətinə düşməsini aktyorluq bacarığından savayı, yəqin ki, onun təbiətindən gələn inandırıcılıq da doğurub.

Tələbə oğlan müəlliməsinə aşiq olarsa...

Eldar Əliyev (13 yanvar 1936 - 27 fevral 1984) 1959-cu ildə M.F.Axundov adına Pedaqoji İnstitutu bitirəndən sonra bir neçə ay 20 nömrəli orta məktəbdə işləyib. Səhnənin cazibəsi üstün gəldiyindən sənədlərini M.A.Əliyev adına İncəsənət İnstitutuna verib. 1966-cı ildə rejissorluq fakültəsini (Məlik Dadaşovun sinfi) bitirəndən sonra S.Vurğun adına Rus Dram Teatrında fəaliyyətə başlayıb. İlk rejissor işinin - "İnkoqnito" tamaşasının premyerası həmin ilin iyununda baş tutub. Sonralar bu teatrın səhnəsində "Rodstvenniki", "Moi Nadejdı", "Dikiy angel", "Sçastye moyo...", "Şeyx Sənan" əsərlərinə quruluş verb. E.Əliyev həmçinin Azərbaycanda Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Rusiyada Leninqrad Musiqili Komediya Teatrında, Komissarjevskaya adına Teatrda müxtəlif janrlarda tamaşalar qoyub.
Onun aktyorluq potensialı Rus Dram Teatrının, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının tamaşalarında, kino sahəsində isə "Eto sladkoye slovo - svoboda", "Sən niyə susursan?", "Dəli Kür", "Mən ki gözəl deyildim", "Yenilməz batalyon", "1001-ci qastrol", "Mezozoy əhvalatı", "Gümüşü furqon", "Qız qalası əfsanəsi" və digər filmlərdə istifadə olunub.

Aktyor Eldar Əliyevin böyük qızı Leyla Əliyeva atasının maraqlı həyat yolu və film ömrü barədə xatirələrini Milli.Az-la bölüşür:


O, özündən 5 yaş böyük müəlliməsi ilə evlənir...


- Leyla xanım, aktyorların, incəsənət adamlarının adətən, maraqlı, qeyri-adi ailə həyatı olur. Bildiyimizə görə, Eldar Əliyevin də öz xanımı ilə çox qəribə münasibətləri olub...

- Onlar atamla rəsmi boşanmasalar da, evlənəndən 8 il sonra ayrı yaşamağa başlamışdılar. Amma onlar dost olaraq qalmışdılar. Anamla biz, atamın bütün premyeralarına gedirdik. Anamın qohumları əvvəlki kimi atamı, atamın qohumları da həmişəki kimi anamı çox istəyirdilər. Ona görə onların ayrı yaşaması qohumlar arasındakı münasibətə qətiyyən təsir etməmişdi. Böyüklər də, uşaqlar da indiyə qədər çox mehribanıq. Bir də ki atam demək olar ki, hər gün bizə baş çəkirdi, anama mənimlə bacım Eldarəni - bu adı ona atam özü qoymuşdu - böyütməkdə kömək edirdi. Buna baxmayaraq, anam hələ sağlığında vəsiyyət edirdi ki, məni valideynlərimin yanında dəfn edərsiz. Son vaxtlara qədər onun sağlamlığında ciddi problem olmamışdı, ona görə də onun belə söhbətləri, vəsiyyətləri bizə qəribə görünürdü.

Onları ölüm birləşdirdi...


Atamın yanında dəfn olunmaq istəməməsini isə biz belə başa düşürük ki, hər nə qədər münasibətləri yaxşı olsa da, anam yəqin fikirləşirdi ki, onların yanaşı dəfn edilməsini atamın qohumları o qədər də razılıqla qarşılamaz, qəbul etməzlər.
Amma iki il bundan əvvəl anam vəfat edəndə onu öz valideynlərinin yanında dəfn etmək istəyəndə gördük ki, orda yer yoxdu. Anamı atamın yanında dəfn etmək üçün bibimdən icazə istəyəndə isə dedi ki, nə söhbət ola bilər, icazə istəməyə də bilərdin. Yəni, anamın çox həssas yanaşdığı bu məsələdə əslində heç bir problem yox idi və olmadı da.
İndi bu haqda düşünəndə vəziyyətin belə alınmasının heç də təsadüf olmadığını düşünürəm - onlar sonda yenidən birləşdilər.

- Əgər ayrı yaşamalarına baxmayaraq, normal münasibətlər davam edibsə, yəqin ki, evlənmələrinin də maraqlı tarixçəsi olub.

- Bəli. Ata babam - əməkdar müəllim Həsən Əliyev Şəki teatrının yaradıcılarından biri idi, uzun müddət Gənc Tamaşaçılar Teatrında, "Azdrama"da, Kinostudiyada, İncəsənət İnstitutunda işləyib. Yeri gəlmişkən, görkəmli aktyor Yusif Vəliyev də ata tərəfdən qohumumuzdur. Ona görə atam da, Fuad əmim də incəsənətə elə uşaqlıqdan bağlanıblar. Əmim Fuad Əliyev on bir ildir ki, rəhmətə gedib, İncəsənsət İnstitutunun qrim sinfinin müəllimi idi, musiqi təhsili olmaya-olmaya gitarada elə yaxşı çalır, elə gözəl aranjemanlar edirdi ki, məəttəl qalırdıq. Amma babam atamın səhnəyə həvəsli olmasını o qədər də təqdir etmirmiş. Atam da babamı razı salmaq üçün əvvəlcə Axundov adına Pedaqoji İnstituta daxil olub. Ondan beş yaş böyük olan anam isə Moskva Dövlət Universitetini yenicə bitirib orda müəllimliyə başlamışdı. Beləliklə, atam öz müəlliməsinə vurulur və ona evlənməyi təklif edir.

Anam danışırdı ki, atama qarşı biganə olmasa da, uzun müddət atamın təklifini rədd edib. Amma atam təslim olmurmuş. Bir gün isə ata nənəm Zəbiyə xanım gəlib anama deyib ki, Eldar çox əzab çəkir, siz evlənsəniz yaxşıdı. Nə isə, nəhayət, anam razılıq vermək qərarına gəlir. Onların toyu düz, üç gün, üç gecə davam edib.
Anamın ana tərəfi osetin, atamın isə ana tərəfi Dağıstan avarıdır. Təsəvvür etmək olar ki, onların toyu necə coşğulu keçib.


Sevilmək gözəldir, bəs aktyor xanımı olmaq necə?...


- Təəssüf ki, belə romantik tərzdə başlayan ailə həyatı davamlı olmayıb. Nə baş verdi?

- Hə, elədir. Təəssüf ki, belə alındı. Amma mən onların münasibətlərini indi daha aydın şəkildə anlayıram. Məsələ ondadır ki, anam atam üçün ömrü boyu əlçatmaz zirvə olub. Anamın təbiəti tam realist, atamın isə xarakteri tam romantik idi. Üstəlik, atam çox gərgin rejissor və aktyor həyatı yaşayırdı, dostları çox idi və dostluq etməyi bacarırdı. Belə insanların həyat yoldaşı olmaq isə təbii ki, çox çətindir.               

- Rejissor və aktyor həyatı dedikdə, yəqin ki, çoxsaylı səfərləri və məclisləri nəzərdə tutursunuz. Bəs ailədə, evdə hansı ab-havanı xoşlayırdı? Axı qohumlar arasında mehribanlığın olması xeyli dərəcədə onun davranışının nəticəsidir.

- Tamamilə doğrudur. Atam xoşlayırdı ki, hamı bir yerdə olsun. O, anamın Qubadakı qohumlarıgilə qonaq getməyi sevirdi. Gözəl geyinməyə həvəsli olduğu kimi insanlarla ünsiyyətə girməyə də çox həvəsli idi. O dərəcədə xoşrəftar idi ki, heç kəs ona acıqlı söz deyə bilmirdi. Bibim söz düşəndə xatırlayır ki, atam insanlara etibar edən, praktik olmağı, mənafeyini güdməyi bacamayan, paxıllıq hissindən uzaq adam idi. Çox şən, geniş dünyagörüşlü, gözəl danışmağı bacardığı üçün hər kəs onunla ünsiyyətə can atırdı.
Bibim həmişə deyir ki, Eldar işgüzar səfərlərə getməyi çox sevirdi, bəlkə də elə erkən dünyasını dəyişməsəydi, indi daha çox şeyə nail ola bilərdi. 

- Eldar Əliyevin aktyor-rejissor çevrəsində kimlər var idi?

- Aleksandr Şarovski ilə yaxın dost idilər, o, atamın məzarı üstündə Vısotskinin "Koni" mahsını oxutmuşdu. Rus Dramasından Falkoviçlə, Adamovla dostluq edirdi. SSRİ-nin görkəmli incəsənət xadimləri olan Tovstonoqov, Jalakyaviçusla yaxşı münasibətləri var idi. Mixail Kazakov, Eduard Bredunla dostluq edirdi.

Yadıma gəlir ki, Kazakov Bakıda olanda necə oldusa ayağını sındırdı. Səhəri gün atamın başına elə bir iş gəldi. İkisi də çəliklə gəzməli oldular. Atam onun gəlişinə həsr olunmuş tədbirdə Ömər Xəyyamdan şeir oxudu. Qohumlarla da münasibətləri qohumluq əlaqələrindən daha yüksək idi. Yusif Vəliyev, yeznəsi İsrafil Hüseynovla da əsl sirdaş idilər. İsrafil əmi müharibə veteranı idi, amma atamın qəfil ölümündən çox sarsılmışdı, çox keçmədi ki, o da rəhmətə getdi. Görünür, atamın ölümü ilə bağlı öyrəndikləri də ona çox təsir eləmişdi.

- Nə demək istəyirsiniz? Məgər Eldar Əliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişməyib?

- Rəsmi rəy o cür oldu - yaşadığı binanın çıxış qapısından çıxanda ayağı buzun üstündə sürüşüb arxası üstə yıxılıb və ölümcul beyin zədəsi alıb. Amma İsrafil əmi gedib sahə müvəkkilini sorğu-suala tutmuşdu. O da demişdi ki, mən bildiyimi desəm, Eldarın qardaşı sakit durmayacaq. Təkcə onu deyib ki, sizin qaynınızı qonşuluqda olan bir erməni itələyib. Bu yaxınlarda da bir nəfər mənim böyük oğlumun Eldar Əliyevin nəvəsi olduğunu biləndə deyib, sən bilirsənmi ki, babanı öldürüblər? Biz bu söhbətlərdən tamam çaşbaş qalmışıq. Axı atamın düşməni yox idi. Başa düşə bilmirik ki, atamı itələmək o erməninin nəyinə lazım imiş...

Samirə Behbudqızı      
Milli.Az

Eldar Əliyev (müxtəlif illərdə, həyatda və filmlərdə)































































Eldar Əliyevin qızı Leyla Əliyeva ailəsi ilə









Azərbaycanın kino incilərindən:

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?