Gələn ildən Bakının qaz şəbəkəsinin yenidən qurulmasına başlanacaq
3 Fevral 2011 14:41
APA-nın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda Almaniyanın "E.ON" və "RWE" şirkətləri ilə danışıqlar aparılır və fevralın sonunadək danışıqlar başa çatacaq: "Fevralın sonunadək "Azəriqaz" seçiləcək şirkətlə Bakının qaz sisteminin yenidən qurulması ilə bağlı layihəsinin hazırlanmasına dair memorandum imzalayacaq".
Əkbər Hacıyev onu da bildirib ki, layihənin hazırlanması prosesi 2011-ci ilin sonunadək başa çatacaq, layihənin icrasına isə 2012-ci ildən başlanacaq: "Bakı şəhərinin qaz sisteminin yenidən qurulması işlərinə 10 ilə yaxın vaxt tələb olunacaq".
"Azəriqaz" İB-nin rəhbəri həmçinin qeyd edib ki, ümumiyyətlə, bütün işlərə 800-900 mln. avro məbləğində vəsait tələb olunur və bu vəsaitin xarici banklardan cəlb edilməsi planlaşdırılır: "Layihəni hazırlayacaq şirkət və "Azəriqaz" birgə müəssisə yaradacaq ki, kreditin xarici banklardan cəlb olunması və ümumiyyətlə bütün işlərin icrası ilə yeni yaradılacaq müəssisə məşğul olacaq".
Milli.Az