"Azərbaycanın geosiyasəti"

29 İyun 2015 13:05

Şəxsiyyətin, yaxud dövlətin lideri haqqında, onun dünya görüşləri, şəxsi keyfiyyətləri və konkret olaraq hər hansı bir məsələyə münasibətindən yazmaq üçün bir qədər haşiyə çıxmaq istərdim. Müxtəlif ölkələrdə, elə Bakının özündə də kitablarımın təqdimatlarını keçirəndə, yaxud jurnalistlərlə söhbətləşəndə çox vaxt soruşurlar: Sizin kitablarınız yalnız şahlardan, sultanlardan, əmirlərdən, xaqanlardan bəhs edir, onların fəaliyyətini işıqlandırırsınız, xalqın fəaliyyəti bu zaman kölgədə qalır, daha doğrusu, həmin dövrün liderinin kölgəsində qalır, hətta bəzən əzilir də. Niyə?

Cavab verirəm ki, ümumi tarixi baxışda iki tarix var; bir xalqın, bir də onun liderinin tarixi. Birincidə xalq hərəkətverici qüvvə hesab edilir. İkinci isə istiqamətvericidir. Birinci tarixin iştirakçısıdır, ikinci onun yaradıcısı. İkinci şəxsi keyfiyyətinə, dünyagörüşünə, qlobal düşüncəsinə, insanlarla münasibətinə, hər addımı, etdiyi hərəkətləri ölçdüyünə, hesablayıb-hesablamadığına görə xalqını ya xaosa sürükləyə bilər, daha doğru desək, dağıdıcı qüvvəyə çevrilə bilər, ya da özü ilə bərabər xalqını və dövlətini inkişaf etdirər, dövlətinin vətəndaşlarını milli gücə çevirər. Qlobal düşüncəsinə, yaxud bilərəkdən, bilməyərəkdən dövlətin lideri elə qərarlar qəbul edə bilər ki, bu qərarlar ya dövləti dövlətlər sırasına çıxarar, ya da 20 il, 30 il dövlətin, millətin inkişafını əngəlləyər.

Liderin tarixinin xalqın tarixindən daha bir üstünlüyü mövcuddur:

Birincisi, xalq tarixi çox zaman öz tarixinin ayrı-ayrı sahələrində inkişaf etdirərək yazır, yəni bura mədəniyyət, incəsənət, sənətkarlıq, elm, idman, sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı və s. daxildir. Burada fərdlər, toplumlar, qrup və zümrələr öz sahələri üzrə fərdi tarixlə yanaşı, yalnız lokal tarix yaradırlar. Bu Milli Tarixin bir hissəsi olur, amma Milli tarixə çevrilmir, baxmayaraq ki, qeyd etdiklərimiz bunun əsasını təşkil edir. Burada liderin müsbət keyfiyyətləri ondan ibarətdir ki, bu fərdi və lokal tarixi ümumiləşdirib Milli Tarixə çevirə bilir, onun istiqamətlərini müəyyənləşdirir, növbəti inkişaf mərhələsinə təkan verir, təşəbbüsü həm dəstəkləyir, həm də nəzarətdə saxlayır. İkincisi, xalqın tarixi ictimai-siyasi fəaliyyətdə daha çox emosional və həyəcanlı hərəkətlərlə, temperamentlə müşayiət olunur, hətta bu müharibə şəraitində olsa belə. Lider isə əsəbi halda ağlına gələn qərarı verə bilməz. Xalq fərdlərdən, zümrələrdən, təbəqələrdən ibarətdir. İctimai-siyasi fəaliyyətdə onların maraqlara daha çox önə çıxır, daha çox qabarır, daha çox ifadə olunur. Liderin marağı isə daha çox bütövlükdə xalqın və dövlətin maraqlarına yönəlir. Bəzən isə qrupların, zümrələrin, təbəqələrin, fərdlərin, ayrılıqda götürüldükdə xalqın, yaxud dövlətin maraqları ilə üst-üstə düşmədikdə ziddiyətlər yaranır, son nəticədə sosial və siyasi münaqişələrə yol açır. Xırda, yaxud lokal maraqlar daha çox qabardıqda, ümumi marağı üstələdikdə korporotiv maraqlar yaranır və ümumi inkişaf tempini ləngitməklə, bütövlükdə dövlətin bütün sahələrdə inkişafını ya axsadır, ya da dayandırır.

Belə şəraitdə liderin çevik siyasəti, bütün məsələlərə qlobal baxışı, şəxsi və xarizmatik keyfiyyəti, problemləri ümumiləşdirmə qabiliyyəti ona imkan verir ki, hadisələrə çevik yanaşsın, bütün maraqları nəzərə almaqla, dövlət və milli maraqları önə çıxarsın. Burada liderin əvəzedilməz və istiqamətverici rolu danılmazdır.

Üçüncüsü isə hər xalq öz liderini konkret olaraq konkret şəraitdə yetişdirir, önə çıxardır. Bu halda isə xalqın tarixi ilə liderin tarixi çuğlaşır. Ancaq bütün hallarda liderin tarixi, onun ümumiləşmiş cizgisi, fəlsəfi, psixoloji, sosial, fərdi keyfiyyətləri və düşüncələri daha maraqlı və cəlbedici olur, fikirləri və əməlləri cəmiyyət tərəfindən maraqla qarşılanır, hörmətlə yad olunur, ondan iqtibaslar gətirilir, bir sözlə, xalqın sevimlisinə və kumirinə çevrilir.

Belə bir portretin cizgilərini Əli Həsənov öz kitabında mərhum prezidentimiz Heydər Əliyevin timsalında görür, onun qlobal düşüncələri və keyfiyyətlərini, dövlətçilik və milli maraqlarını önə çıxarır. Müəllif Azərbaycanın müstəqil dövlət quruculuğunu və milli inkişafını bir neçə mərhələyə bölür və bu quruculuq və inkişaf mərhələsində H. Əliyevə xüsusi yer ayırır. O yazır: "Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, sağlam qüvvələri öz ətrafına toplayaraq, dövlətin gələcək iqtisadi, ictimai-siyasi və sosial mənəvi inkişafının prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqtisadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar iqtisadiyyatına və çoxmülkiyyətli iqtisadiyyata, demokratik normalara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti modelinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi". (Bax, s. 98)

Düz yazır. Heydər Əliyev təkcə Azərbaycan Respublikasının Konstitusiyasını imzalamaqla özünün tarixini, hünərini elə bir zirvəyə yazdı ki, onun adı dövlətimizin və millətimizin ayrılmaz hissəsinə çevrildi. Belə bir hadisə hər millətin və dövlətin tarixində bir dəfə olur və bu ona nəsib oldu. O bunu haqq olaraq qazandı. Hörmətli professor Heydər Əliyevin Azərbaycanın geosiyasətinin müəyyənləşməsində, inkişafında danılmaz rolunu qırmızı xətlə qeyd edir: "Heydər Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya birliyinə inteqrasiyasının prinsipial xəttini, əsas məqamlarını dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq olaraq həm region ölkələri, həm də dünya dövlətləri ilə münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azərbaycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi biləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin istifadəsində Heydər Əliyevin yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya dövlətləri içərisində Azərbaycanın güclü milli və regional faktora çevrilməsini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və əksər geosiyasi faktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirmişdir". (Bax, s. 100-101)

O qeyd edir ki, xalqı vahid ideologiya ətrafında birləşdirmək üçün Heydər Əliyev yeni şəraitdə etnik mənsubiyyəti xüsusi qabartmadan, müxtəlif aşırı ideologiyalardan yan keçərək birləşdirici Azərbaycançılıq ideyasının konturlarını və prinsiplərini yaratdı və cəmiyyət tətbiq etdi və bunun əsasında da "... azərbaycançılıq ideyasını bütöv bir xalqın- bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlı olan bütün soydaşlarımızın və həmvətənlərimizin vahid milli birlik platformasına çevirdi..." (Bax, s.103)

Və bununla yanaşı Heydər Əliyevin məşhur nitqindən aşağıdakı cümlələri sitat gətirir: "Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam". (Bax, s. 104)

Əli Həsənov H. Əliyevin hətta gələcək, özündən sonra təməlini qoyduğu milli strategiyasının uğurla davam etdirilməsindən bəhs edərək yazır ki, Heydər Əliyev dühasının fövqəladəliyi həm də onda idi ki, o, təkcə öz dövrünün nəbzini tutmaqla məhdudlaşmadı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafının birinci fazasından uğurla çıxmaq missiyasını başa vurdu və bununla kifayətlənməyərək, vaxtında ikinci fazanın təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək siyasi güc mərkəzini yaratdı, bir sözlə estafeti İlham Əliyevə ötürdü.

Ardı var

Yunus Oğuz

olaylar.az