Mübariz Qurbanlı: “Milli Məclis ABŞ Konqresinə etiraz məktubu göndərməlidir”

23 Fevral 2010 13:16
"Ermənistan ilə imzalanan protokolların parlamentdə qəbulunun Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün olmadığını bildirdiyinə görə Türkiyə yenidən təzyiqlərlə üzləşib. Biz də bu təzyiqlərin qarşısının alınması üçün Türkiyəyə dəstək verməliyik", - Trend News-un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, "erməni soyqırımı" məsələsinin ABŞ Konqresinin Komitəsinin martın 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir. "Bu müzakirələrə etiraz etmək üçün Milli Məclis də müəyyən addımlar atmalıdır. Təklif edirəm ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə komitəsi ABŞ Konqresinə soyqırımla bağlı müzakirələrin keçirilməməsi üçün müraciət etsin", - millət vəkili əlavə edib.

Mübariz Qurbanlının fikrincə, soyqırımla bağlı müzakirələrin qarşısının alınması məqsədilə Milli Məclisin nümayəndə heyətinin ABŞ-a səfərini də təşkil etmək mümkündür.

/Trend News/