Son bir neçə gündür ki, ölkə gündəmini zəbt edən mövzulardan biri də müğənni İlhamə Quliyevanın "Neyləmişəm" mahnısını başqalarının oxumasına qadağa qoymasıdır.
Xanım Quliyeva iddia edir ki, bəstəkar Fikrət Əmirov həmin mahnını onun üçün yazıb. Bu səbəbdən də İlhamənin icazəsi olmadan, başqalarının həmin mahnını oxumağa ixtiyarı yoxdur.
Xalq artisti Brilliant Dadaşova həmin mahnını öz repertuarına daxil etmək istəyəndə problem ictimailəşib. Bundan xəbər tutan İlhamə Quliyeva Brilliant Dadaşovanı məhkəmə ilə hədələyərək, mahnını oxumağı qadağan edib. "Primadonna" iddia edib ki, mahnını bəstəkar məhz onun səsi üçün bəstələyib.
Müğənni Fikrət Əmirovun oğlu və hüquqi varisi Cəmil Əmirovu da hədələməkdən çəkinməyib. Cəmil Əmirov deyəndə ki, İlhamənin başqa bir müğənniyə qadağa qoymağa haqqı yoxdur, "primadonna" bərk qəzəblənib. Dahi bəstəkarın oğlunu hədələyib: "O yox, atası yazıb və mənim mülkiyyətimdir".
Məsələ ilə bağlı tanınmış hüquqşünas Ənnağı Hacıbəylinin fikirlərini öyrəndik. Onun sözlərinə görə, intellektual mülkiyyət bərasində hər hansı bir formada sərəncam vermək yalnız müəllifin özünə məxsusdur. Əgər müəllif vəfat edibsə, onun qanuni varisləri həmin hüququn daşıyıcılarıdır.
"Əgər İlhamə Quliyeva mahnı ilə əlaqədar hansısa hüququnun pozulduğunu düşünürsə, məhkəməyə müraciət edə bilər", - hüquqşünas deyə əlavə edib.
Teymur Hacıyev
Milli.Az