Ötən gün Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentini zəbt edən əsas xəbərlərdən biri Amerikada "10-AA-100" dövlət nömrə nişanlı avtomobil sürən soydaşımız haqqında idi.
Adının açıqlanmadığı həmvətənimiz Azərbaycanda yalnız dövlət avtomobillərinə verilən AA seriyalı 10-AA-100 nömrəsini alıb, cəmi 45 dollar ödəməklə burada edə bilmədiyini orada edib.
Azərbaycanda "zerkalnı" nömrələrin dəb olduğunu hamı bilir. Bu cür telefon və maşın nömrələri alanlar hər zaman qürrələnirlər. Çox böyük fəxarət hissi ilə idarə etdikləri bahalı maşınların qazını basıb səsi və tüstüsünü bütün şəhərə yayırlar. "Daydaylı uşaqların" qarşısını heç asayiş keşikçiləri də ala bilmirlər. Bəzən isə asayiş keşikçiləri belə hadisələri sadəcə görməzdən gəlirlər. Onlar həmin avtomobili saxlayıb cərimə yazmağın necə sona çatacağını yaxşı bilirlər. Ancaq bugünkü mövzumuz məmur balalarının özbaşınalığında olmadığı üçün burada da dayanırıq.
Əsas məsələ azərbaycanlıların "zerkalnı" nömrə alması, bahalı maşınlarına taxması, sonra həmin maşınlarla qazı basıb səsboğucuların səsini bütün şəhərə salmasıdır. Hər şey qalsın bir kənara, bu adamlar bahalı nömrə almaqla və qazı basmaqla fəxr edirlər. Çox qəribə fəxarət mənbələrimiz var bizim. Hətta azərbaycanlı Amerikada da belə davranır.
İlk əvvəl nömrə məsələsinə nəzər salaq. Bir adam külli miqdarda pul verib sonu 500 rəqəmi ilə bitən avtomobil nömrəsi alır. Nömrənin 500-lə bitməsi o deməkdir ki, həmin avtomobili, misal üçün JB seriyalı nömrələr siyahısında 500-cü sətirdə qeydiyyata salınıb. Siyahıda 500-cü sətirdə olmağın fəxr ediləcək tərəfi nədir, görəsən? Birinci yerdə ki deyilsiniz?
Bahalı maşınları, yüksək sürətlə fəxr edən adamların da məntiqləri anlaşılmır. Həmin bahalı Mercedes, BMW, Honda və başqa bu kimi maşınları hazırlayan mühəndislərin və dizaynerlərin fəxr etməsi çox yerinə düşür. Çünki onlar bütün dünyanı heyran edən avtomobilləri yaradıblar.
Bəs həmin avtomobildə qazı basmaq niyə fəxr olur? Bəs bizim "qəhrəmanlar" niyə qazı basmaqla fəxr edirlər? Axı Bakıya səs salanlar bu avtomobilin ərsəyə gəlməsi üçün heç nə etməyiblər. Əgər pedalı basmaqla ayağındakı gücü göstərmək istəyirlərsə, səhvə yol verirlər. Çünki həmin avtomobillərin pedalları çox yumşaqdır və hətta 3-5 yaşlı uşaq da rahat sıxa bilər həmin pedalı.
Sürətdən qorxmayacaq qədər cəsarətli olduqlarını göstərmək istəyirlər? Yenə səhvə yol veririlər. Elə yuxarıda sadaladığımız mühəndislər həmin avtomobilləri elə hazırlayıblar ki, təhlükə minimuma enib.
Bu boyda fəxarətin mənbəyi nədir, əziz oxucular? Bəlkə, siz anlayırsınız onların dillərini?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Milli.Az