"Kia Motors Az"dan ETİRAZ

22 İyun 2015 18:51

"Kia Motors Az" MMC "Parabank" ASC-nin "Nəsimi" filialında pul vəsaitinin saxlanması və dövriyyəsinə dair dərc edilmiş məqaləylə bağlı açıqlama yayıb.

Milli.Az-a daxil olan açıqlamada sözügedən müəssisə yazılanlara etiraz edir. Açıqlamanı olduğu kimi təqdim edirik:  

"2015-ci il iyunun 22-də "AzNews.az" və ona istinadən bir sıra internet saytlarında "Parabank" ASC və "Kia Motors Az" MMC barəsində həqiqətə uyğun olmayan məlumatlar  yazılaraq yayılmışdır.  Bu səbəbdən "Kia Motors Az" MMC qeyd edir ki,  "Kia Motors Az" MMC-nin "Parabank" ASC-nin "Nəsimi" filialında uzun illərdir ki, bank hesabı vardır. Hesab üzrə müqaviləyə əsasən, pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir.

Məqalədə istinad edilən cinayət işi üzrə istintaq məhz "Kia Motors Az" MMC-nin təşəbbüsü ilə davam etdirilir. "Kia Motors Az" MMC bu işdə zərərçəkmiş qismində tanınmışdır. MMC-nin haqqında yazılmış məqalə qərəzli və böhtan xarakterlidir, təhrif olunmuş məlumatlara əsaslanır.

Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs vardır. İstintaq davam etdiyinə görə, hər hansısa geniş məlumatların verilməsi məqsədəmüvafiq deyildir. "Kütləvi informasiya vəsitələri haqqında" Qanuna əsaslanaraq, bu etirazın dərc edilməsini xahiş edirik.

Milli.Az