Azərbaycanlı sənətçi Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib
31 Yanvar 2011 18:44
Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1974-cü ildən etibarən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmağa başlayıb. 1975-ci ildə xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilmiş V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutub. 1979-1992-ci illərdə Leninqraddakı Kirov Teatrının solisti olub. Burada "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa edib. 1988-ci ildə Y.Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada - Böyük Teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırıb, bundan sonra dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 1991-1992-ci illərdə "Kirov Teatrının və Böyük Teatrın ulduzları" adlı 8 nəfərlik tpuppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olub. 1992-ci ildə "İndianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-a köçüb. 1994-cü ildən "Ballet İnternasionale" adlanan həmin truppanın rəhbəridir.
1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınayıb, Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verib. Onun Şəhriyar rolunda çıxış etdiyi balet ABŞ səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilib.
"Ballet İnternationale" 1996-2005-ci illərdə Eldar Əliyevin rəhbərliyi ilə 30-dan çox tamaşa hazırlayıb. O, məsləhətçi, xoreoqraf, baletmeyster kimi indiyədək Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma və s. teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.
2007-ci ildə ABŞ-ın Boston Balet Məktəbinin icraçı direktoru vəzifəsinə təyin olunan Eldar Əliyev müxtəlif illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər heyətinə daxil edilib. O, 2010-cu ildə Budapeşt Opera və Balet Teatrına balet üzrə bədii məsləhətçi vəzifəsinə dəvət edilib. Bu il yanvarın sonunda isə Macarıstanın mədəniyyət dairələrinin təklifi ilə yaxın beş il ərzində teatrın bədii rəhbəri vəzifəsi həmvətənimizə etibar edilib.
Eldar Əliyev Azərbaycanın Budapeştdəki səfirliyi ilə yaxından əlaqə saxlayır, Qara Qarayev və Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərlərini yeni quruluşda macar tamaşaçılarına təqdim etmək planları üzərində işləyir.
AzərTAc