Düşənbədə 10 imam niyə məscidlərdən kənarlaşdırıldı?

31 Yanvar 2011 21:03
Milli.Az xəbər portalı "Ferqana"ya istinadən bildirir ki, Tacikistanın məşhur siyasi və ictimai xadimi Əkbər Turaconzodanın qardaşı Nuriddin Turaconzoda Vəhdət rayonunundakı "Muhammədiyyə" məscidinin imam-xətibi vəzifəsindən istefa verib.
O, səlahiyyətlərini kiçik qardaşı Mahmudjona həvalə edib.
Məşhur imamın istefasından sonra Tacikistanın paytaxtı Düşənbədə 10 məscidin imamı da vəzifələrindən kənarlaşdırılıb.

Düşənbə şəhər meriyasının din məsələləri şöbəsinin rəhbəri Şəmsiddin Nuriddinov isə deyib: "Dindarlar özləri məscidlərin rəhbərlərini dəyişmək qərarına gəliblər. Qanunvericiliyə görə hakimiyyət dairələrinin bu prosesə müdaxiləsi qəti qadağandır".
Düşənbənin "Kalinin" qəsəbəsindəki məscidin imamı Əbdülhəmid Şəripovun dediyinə görə isə, onu vəzifədən kənarlaşdıranda kimsə dindarların fikrini soruşmayıb.

"Xütbədən əvvəl yeni imamı təqdim etdilər və heç bir seçki-filan da olmadı", - Şəripov deyib.
Tacikistandakı "Dialoq" Analitik Mərkəzinin eksperti Hikmətullo Seyfullozodanın fikrincə, 10 imamın "könüllü şəkildə" istefa verməsi barədə hakimiyyət dairələrinin dedikləri yalandır.

Tural
Milli.Az