Bu gün gözəl toy var: şahzadə modellə evlənir - FOTO

13 İyun 2015 10:19

Bu gün, yerli vaxtla saat 15.00-da İsveçin paytaxtı Stokholmda ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə supermodel Sofiya Hellkvistin toyu olacaq.

Nikah mərasimi Stokholmdakı kral sarayında 18-ci əsrə aid Slottsçyurk kilsəsində olacaq.
Milli.Az European-a istinadən bildirir ki, şahzadə Karl Filipp 38 yaşlı bacısı, şahzadə Viktoriyanın kiçik qardaşıdır. Ailənin sonbeşiyi isə 33 yaşlı şahzadə Madlendir.

Karl Filipp varis şahzadə olmadığından onun toyu İsveçin kral ailəsində sadəcə, "xoş və gözəl hadisə" sayılır. Buna rəğmən nikahla toyun proqramına rəsmi simvolika da daxil edilib.
Həmin simvolikaya saray kilsəsindəki nikahla yanaşı, bəylə gəlinin toy kortejini Stokholmun mərkəzində sakinlərin salamlaması da var.
Nikah və toy mərasimlərini, habelə ziyafəti İsveçin SVT dövlət televiziyası translyasiya edəcək.
Toya dəvət olunmuş 400 qonaq arasında kral ailəsi və gəlinin ailə üzvləri ilə yanaşı, Skandinaviya ölkələrinin kral ailələrinin mənsubları, İsveç parlamentinin spikeri və baş naziri var.
Təntənəli toy ziyafəti Stokholmdakı kral sarayında olacaq.
Şahzadə Karl Filipp orta məktəbi bitirəndən sonra İsveçdə və xarici ölkələrdə təhsil alandan sonra İsveç Hərbi-Dəniz Qüvvələrində xidmət edib. O, ehtiyatda olan mayordur.
Fotoqrafiya və qrafik dizaynla maraqlanan şahzadə İsveçlə bahəm, ABŞ-da da bu sənətləri öyrənib. O, idmanla məşğul olur, Skandinaviyadakı avtoyürüşlərdə çıxış edir.
Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub. O, "adi vətəndaş" sayılır.
Stokholmda məktəbi başa vurandan sonra Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub, daha sonra yoqa kurslarında təhsil alıb.
O, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib.
Model karyerası da olan Sofiya 20 yaşında "Paradise Hotel" realiti-şousuna qatılmışdı.

Milli.Az