“Neftçi” Çernoqoriya çempionu ilə oynayacaq

31 Yanvar 2011 12:29
Milli.Az xəbər portalı klubun internet saytına istinadən xəbər verir ki, "ağ-qaralar" fevralın 1-də Bakı vaxtı ilə saat 19:00-da Çernoqoriyanın "Rudar" klubu ilə qarşılaşacaq. Oyun "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında gerçəkləşəcək. Plevlya şəhərini təmsil edən "Rudar" Çernoqoriyanın son çempionudur. Eyni zamanda, bu komanda 2010/11 mövsümündə də qızıl medallara əsas namizədlərdəndir. Qeyd edək ki, Çenrnoqoriya Futbol Federasiyası cəmi bir neçə il öncə FİFA və UEFA-ya üzv qəbul olunmasına baxmayaraq, bu ölkədə futbol çox inkişaf edib. Təsadüfi deyil ki, hazırda Çernoqoriya yığması Avro-2012-nin seçmə mərhələsində qrupda İngiltərəni qabaqlayaraq, birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Neftçi" ikinci təlim-məşq toplanışında ardıcıl iki qələbə qazanıb. Flaqman "Arsenal"ı (Ukrayna) 2:1, "Şturm"u (Qrats, Avstriya) isə 2:0 hesabı ilə məğlub edib.

Milli.Az