Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıqlara münasibət bildirib

31 Yanvar 2011 11:59
APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bununla bağlı Azərbaycandakı ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb: "Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ vətəndaşlarına Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar, xəbərdarlıq edir. Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə ictimai yerlərdə sayıq olmalı, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməlidir".

Analoji xəbərdarlıqla Böyük Britaniya Xarici İşlər Nazirliyi də çıxış edib. Britaniya XİN də Azərbaycandakı vətəndaşlarını sayıqlıq nümayiş etdirməyə çağırıb.

Azərbaycandakı ABŞ səfirliyinin mətbuat katibi Kit Bin, ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq olduğunu deyib, lakin əlavə şərh verməyib: "Biz təhlükənin xarakteri və məlumatın mənbəyi barədə şərh verə bilmərik".

ABŞ və Böyük Britaniyanın Azərbaycanda mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlığına münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir: "Bu proses daimidir. Ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur".

Milli.Az