Daha hansı veriliş bağlansın? - MÜZAKİRƏ

11 İyun 2015 12:20

Heç bir insan səhvdən sığortalanmayıb. Hər birimiz həyatımızda ara-sıra səhvlərə yol vermişik. Ancaq bəzən kiçik bir səhv böyük bir kütlənin heysiyyatına toxuna bilir. Hiddətinə səbəb olur. Əgər həmin səhvi edən ictimai şəxsdirsə, vəziyyət daha da pisləşir.

Ötən gün ölkə gündəminə yenidən aparıcı məsələsi gəldi. ANS telekanalının "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova efirdə olarkən inanclı qadınların təhqir saydıqları ifadələri işlətdiyi üçün işdən azad edildi. Telekanalın vitse-prezidenti Mirşahin Ağayev bildirdi ki, aparıcının fikirlərinə görə kanal rəhbərliyi məsuliyyət daşıyır, bu səbəbdən də aparıcıya qarşı ən sərt tədbir görülüb.

"Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı heysiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik", - Mirşahin Ağayev dedi.

Bu arada xatırladaq ki, son bir neçə həftənin içində bu artıq ikinci aparıcı qalmaqalıdır. Bundan əvvəl ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın da efirdə səsləndirdiyi fikirlər narazılığa səbəb olmuşdu. Hər iki səhvi edənlər kifayət qədər tanınmış və peşəkar aparıcılardır. Onların kifayət qədər tanınmış olmaqları etdikləri səhvlərin miqyasını daha da böyüdür.

Televiziya böyük auditoriyanı əhatə edir, hər bir evə daxil olur. Evlərdə hər kəsin diqqəti televiziyadadır. Kiminsə evinin içinə girib onu təhqir edə biləcək ifadələrdən hər kəs çəkinir. Elə aparıcılar da bunu dərk etməlidirlər.

Mövzunun kifayət qədər ciddi olduğunu nəzərə alaraq bu barədə müzakirə açmaq qərarına gəldik. Bəs siz necə düşünürsünüz? Aparıcılar efirlərdə necə ifadələrə yol verə bilməzlər? Hazırda Azərbaycanın efir məkanında yayımlanan hansı verilişdə insanların heysiyyatına toxunan ifadələr səslənir? Hansı veriliş bağlanmalıdır?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az