Ay mənim Ana dilim!

10 İyun 2015 18:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili, Riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) Ana dili fənni üzrə, 7746 nəfəri (26,74 faizi) Riyaziyyat fənni üzrə "2" qiyməti alıb. Şagirdlərin 12 933 nəfəri (44,96 faizi) Ana dili, 11 475 nəfəri isə (39,61 faizi) Riyaziyyat fənnindən "3" qiyməti alıblar. Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 5075 nəfəri (20,92 faizi) Ana dili fənni üzrə, 5373 nəfəri (22,03 faizi) Riyaziyyat, 4695 nəfəri (19,45 faizi) xarici dil, 56 nəfəri (22,49 faizi) isə Kimya fənni üzrə "2" qiyməti alıb.

Keçən ilki nəticələrlə müqayisə aparsaq, vəziyyətin yaxşılığa doğru dəyişmədiyi üzə çıxır. 2013-2014-cü tədris ilində də IX və XI siniflər üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının statistik nəticələri də ürəkaçan olmayıb. 1569 IX sinif şagirdinin iştirak etdiyi buraxılış imtahanında 678 şagird Ana dilindən "3", 692 şagird isə "2" alıb. 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanının nəticələrinə dair statistik məlumatlara gəlincə, 2689 XI sinif şagirdinin 965-inin Ana dilindən qiyməti "3", 1599-unun isə "2" olub.

Nəzərə alsaq ki, şagirdlərin Ana dilindən zəif nəticə göstərmələri ümumən cəmiyyəti narahat edən məsələdir, onda problemin nə qədər dərin olduğunu anlamamaq mümkün deyil. Hərçənd şagirdlərin zəif nəticə əldə etməsində təkcə onların Ana dilinə marağının azalmasının rol oynamadığını qeyd edənlər də var. Nəticənin aşağı olmasında uşaqların son illər əcnəbi dillərə marağının artması, orta məktəb müəllimlərinin səviyyəsinin aşağı olması, dilin tədrisi ilə maraqlanmamaları və s. səbəblər göstərilir. Gerçək mənzərəyə alimlərin, ekspertlərin gözü ilə baxanda, ümumilikdə milli varlığımız olan Ana dilimizə laqeydlikdən söhbət gedir.

Şagirdlərə qarşı tələblər

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, AMEA Dünya Siyasəti İnstitunun direktoru Musa Qasımlı hesab edir ki, belə bir nəticənin olması qarşıdakı illərdə hansı istiqamətdə daha çox səylər göstərməyimizin lazımlığını ortaya qoyur: "Buraxılış sinifləri məzunlarının öz Ana dilini bərbad halda bilməsi çox pis haldır. Ana dilimiz eyni zamanda, dövlət dilimizdir. Deməli, biz yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarmalıyıq". "Həmin yollar hansılar ola bilər?" sualına aydınlıq gətirən mullət vəkilinin fikrincə, hər şeydən əvvəl məktəblərimizdə Ana dilinin tədrisi işi yaxşılaşdırılmalıdır. Bundan əlavə, müvafiq qurumlar Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyən müəllimlərin ixtisas artırmasını təşkil etməli, açıq dərslər keçirməlidirlər: " Yaranmış vəziyyətlə bağlı pedaqoji kollektivlər müzakirələr aparmalıdırlar. Digər tərəfdən, şagirdlərə qarşı tələblər artırılmalıdır. Həmçinin şagirdlər arasında məktəb və rayon çərçivəsində inşa yazı müsabiqələrinin keçirilməsi praktikası genişləndirilməlidir". Professor hesab edir ki, hətta dövrü mətbuatımız da Ana dilinə rəğbətin artırılması ilə bağlı müxtəlif layihələr həyata keçirə bilər.

Bu fənnin tədrisi yüksək olsa...

Dilçi alim, professor Nadir Abdullayevin fikrincə, buraxılış imtahanlarının acınacaqlı nəticələrinin olması şagirdlərin yazı və danışıq dilinə az fikir verməsi ilə bağlıdır. Belə ki, bu sahədə şagirdlərdə biliklər olsa da, bacarıq və vərdişlər yoxdur: "Şagirdlərlə möhkəm iş aparılsa, şübhəsiz ki, onlar müvəffəq qiymət ala bilərlər". Dilçi alimin fikrincə, şagirdlərin yol verdiyi səhvlərin çoxu orfoqrofiya ilə bağlıdır: "Şagirdlərin əllərində orfoqrafiya lüğəti yoxdur. Ümumiyyətlə, orfoqrafiyamızda mübahisəli məsələlər də var. Sözsüz ki, bu da təsirsiz ötüşmür. Ümumtəhsil məktəblərində Azərbaycan dili müəllimləri bu sahə ilə istənilən səviyyədə məşğul olmurlar. Ona görə şagirdlər bu cür nəticə göstərir. Məktəblərdə təcrübəsiz müəllimlər var. Onlar şagirdlərin hazırlığında daha çox nəzəri məsələlərə üstünlük verirlər. Ədəbi dilimiz, orfoepiya, orfoqrafiya, üslub normalarına müəllimlər lazımi səviyyədə diqqət vermirlər. Müəllim özü də sinfə hazırlıqsız gəlir. Hazırlıqsız müəllimin gördüyü işin nəticəsi bu formada olmalıdır".

Alimin sözlərinə görə, müəllim ilk növbədə şagirdlərdə motivasiya yaratmalıdır. Belə ki, müəllim şagirddə maraq yaratsa, onun oxumağa həvəsi də olar: "Ən böyük problem də budur ki, müəllim şagirddə öz doğma dilinə maraq yarada bilmir. Müəllim şagirdə "Bu, sənin Ana dilindir, sən hər şeydən əvvəl bu dildə yazmağı və oxumağı bacarmalısan və ən əsası, bu dili sevməlisən" hisslərini aşılamağı bacarmalıdır". Dilçi alimin sözlərinə görə, əlavə hazırlığa gedən şagirdlərin hazırlaşdıqları fənlər arasında Azərbaycan dilinə rast gəlinmir: "Onlar Ana dili fənninə barmaqarası baxırlar. Valideynlər özləri də övladlarının bu dili mənimsəməsinə laqeyd yanaşırlar".

N.Abdullayevin sözlərinə görə, şagirdlər ilk növbədə öz fikirlərini Ana dilində ifadə etməyi bacarmalıdırlar: "Onlar ünsiyyəti bu dildə qururlar. Bizim mənəvi sərvətimiz tarixən bu dildə yazılıb. Necə ola bilər ki, azərbaycanlı olasan, ancaq Azərbaycan dilini öyrənə bilməyəsən? Bu, bütün ümumtəhsil məktəblərində ən əhəmiyyətli rol oynayan fənn olmalıdır. Amma təəssüf ki, Ana dili kölgədə qalmış vəziyyətdədir". Dilçi alimin fikrincə, orta məktəblərdə Azərbaycan dili müəllimləri arasında müsabiqələr keçirilməli, onlar üçün konfranslar təşkil olunmalı, fəaliyyətləri mütəmadi yoxlanılmalıdır: "Ümumiyyətlə, bu fənnin tədrisi yüksək olsa, şagirdlər də nümunə götürə bilər. Orta məktəbdə Azərbaycan dilinin başlıca məqsədi şagirdi öz Ana dilində fikrini yazılı və şifahi şəkildə ifadə etmək bacarığına yiyələndirməkdir. Təəssüf ki, bu məqsədə istənilən səviyyədə nail ola bilmirik".

Konseptual düşüncəyə ehtiyac

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev mövzuya münasibətini "Mən bu il TQDK-nın məlumatında böyük bir məntiqi və elmi səhvə rast gəldiyimə görə, bu nəticələrə şübhə ilə yanaşıram" deyə bildirdi: "Biz hər il TQDK-nın nəticələrinə baxırıq, inanırıq, sonra da "məktəb öyrətmədi, nəticə belə oldu və s." deyə hay-küy etməyə başlayırıq. Nəticədə "2" və "3" qiymət alanların faizi filan qədərdir" - deyə qeyd olunur. Ancaq təhsil işçisi, pedaqoq bilir ki, "2" və "3"-ün meyarı nədir. "2" qiymət o deməkdir ki, şagird heç nə bilmir. "3" qiymət də "kafi" deməkdir, yəni şagird hərəkət edə bilər. Belə bir pedaqoji səhvə yol verdiklərinə görə, mənə elə gəlir ki, onların nəticələri obyektivliyi təmin etmir. Onlar işi saxtalaşdırmayıblar, sadəcə, elə qurublar ki, nəticə belə alınıb".

TŞ sədrinin sözlərinə görə, imtahan verən uşaqlara xüsusi diqqət göstərilməlidir. Belə ki, hazırkı uşaqların çoxu sağlamlıq etibarilə zəifdir: "İmtahanda onlara psixoloji təsirlər olmamalıdır. Hər cür iradlar onları çaşdırır". Ə.Ağayev hesab edir ki, şagirdlərin Ana dilini öyrənməsində təkcə məktəb rol oynamamlıdır. Ailə, televiziya, yollardakı elanlar, yazılar da bu dili uşaqlara öyrədir: "Gəlin baxaq, televiziyada aparıcıların dili hansı səviyyədədir? Yollardakı reklamlar hansı səviyyədədir? Uşaq onlardan götürür. Buna görə məktəbi günahlandırmaq lazım deyil. Ölkədəki sosial və mədəni şəraiti təbliğ etmək lazımdır. Çünki bunlar uşağa təsir edir". Ekspert şagirdlərin İngilis dili fənni üzrə daha yaxçı nəticə göstərdiklərinə şübhə ilə yanaşır: "Uşaq öz Ana dilini uşaqlıqdan bildiyi halda, necə ola bilər ki, iki il ərzində öyrəndiyi İngilis dilini öz doğma dilindən yaxşı bilsin? Bu, cəfəngiyyatdır. Demək, TQDK köhnəlmiş bir formanın təsiri ilə bu cür nəticələrə gəlib çıxır. Fikrimcə, test imtahanının forması dəyişdirilməlidir. Bu gün test yalnız psixoloji durumu müəyənləşdirə bilir. Bu gün insanın nitqi, yazısı, təfəkkürü, analitik təhlili öyrənilməlidir. Testin qaydaları yeniləşməlidir. "Məktəb pis öyrədir, dərs keçilmir" fikirlərindənsə, təkliflərə keçməliyik. Qəbul komissiyası nəticəni hər il eyni verir. Bəs hansı işi görür? Ortada faydalı iş yoxdur. Bu barədə konseptual bir düşüncə lazımdır".

Eksperin fikrincə, buraxılış imtahanlarını qəbul imtahanları ilə birləşdirmək və il ərzindəki sınaq imtahanlarını aradan götürmək lazımdır: "Uşaqları imtahanla iradəsizliyə, zəifliyə gətirib çıxarmaq lazım deyil. İlboyu öyrədib sonunda imtahan etmək lazımdır. Bu məsələnin bir sosioloji, psixoloji, fizioloji səbəbləri var. Əlbəttə, məktəbin qüsurları yox deyil. Rəhbərləri zəif, müəllimləri bacarıqsız məktəblər çoxdur. Repetitorluq etməklə başlarını dolandıranlar var. Çünki məktəbə nəzarət də, məktəb rəhbərlərinin məsuliyyəti də zəifdir. Ancaq işi kökündən qaldırmaq üçün münasibət hərtərəfli dəyişdirilməlidir".

Kaspi.az