Azərbaycanlı idmançı: "Əlimizdən gələnin ən yaxşısını eləyəcəyik" - FOTO

9 İyun 2015 10:09

Ağır məşq prosesləri arxada qalıb. İndiyə qədər çox güclü məşqlər edirdik. Ancaq axır bir neçə gündür ki, enerjimizi saxlamaqla yüngül məşqlər edirik. Oyunlara enerji ilə çıxmaq istəyirik.

Bu sözləri Milli.Az-a Avropa Oyunlarında ölkəmizi avarçəkmə növü üzrə təmsil edəcək idmançı Tamerlan Mustafayev bildirib.

İdmançının azarkeş dəstəyinə hər zaman ehtiyac duyduğunu deyən Tamerlan Mustafayev bildirib ki, Avarçəkmə idman növü ölkəmizdə, hələ ki, çox populyarlaşmayıb. Ancaq Mingəçevir şəhərində bu idman növünə maraq göstərən çoxlu sayda insan var. Onlar həmişə yarışları izləyirlər.

Təkcə mənim dost-tanışlarım arasında ən azı 200 nəfər oyunları izləməyə gələcək.

İdmançı əvvəlcədən deyə bilməz ki, mən birinci olacam və ya ikinci olacam. Çıxırsan meydanda bacarığını göstərirsən və yer qazanırsan. Əlimizdən gələnin ən yaxşısını eləyəcəyik ki, uğur qazanaq.

Xatırladaq ki, avarçəkmə üzrə yarışlar iyun ayının 14-də Mingəçevir şəhərində başlayacaq.

Teymur Hacıyev
Milli.Az