Axsaq xəlifə və kor əmir Bakıdan niyə qorxdular: qanlı cığırın şimalda kəsilən yolu
31 Yanvar 2011 08:09
"Palçıqda quru və təmiz qalmaq mümkün deyil". Nə yazıq ki, Şimali Qafqazda insanların həyatı ilə yanaşı, yaşadıqları sistemi və cəmiyyəti dəyişmək istəyənlər bunu anlamır, anlasalar belə, inad və məqsədlərindən əl çəkmirlər.
Bu insanlar cəmiyyəti əsrlər əvvəl yazılmış və yazılmamış, amma deyilmiş sözlər əsasında idarə etməyə çalışır, mifik "pan-dövlət" quracaqlarını düşünürlər. Əslində, həmin adamlar yalnız zahirən belə deyirlər: batində isə özləri də dediklərinə inanmırlar. İnansaydılar, savaşa başladıqları ilk gündən bəri bu qədər şübhə, qəddarlıq, acımasızılıq və ən başlıcası, absurd davranış nümayiş etdirməzdilər.
Milli.Az xəbər portalı Şimali Qafqazdakı həmin insanların məqsədlərini, işlərini və ən başlıcası, Azərbaycanla bağlı planlarını araşdırmaq qərarına gəldi.
"Bura xilafət, siz əmirlər, mən də əmirlərin əmiriyəm..."
Çeçenistanda mövcud hakimiyyətə qarşı çıxan və ən başlıcası, respublikanın Rusiya tərəfindən işğal olunduğunu deyən insanlar var ki, rəsmi dövlət strukturları onları yaraqlı sayır, həmin adamlar isə özlərini "mücahid" adlandırırlar.
Mücahidlərin dediklərinə görə, bütün dünya iki yerə bölünür. Bir tərəfdə "dar ül hərb" var ki, orada kafirlər, yolunu azanlar, zalımlar və mürtədlər yaşayır. "Dar ül hərb"i dağıtmaq, ələ keçirmək, oradakı insanları isə haqq yoluna gətirmək gərəkdir.
Dünyanın digər tərəfi isə "dar ül İslam"dır ki, ora Şəriət qaydaları ilə idarə olunur, həmin məkanda mömin müsəlmanlar yaşayır və onları da xəlifə, ya da əmir idarə edir.
Qurani-Kərimdə buyurulmuş bu kəlmələr əsrlər əvvəl, ərəblərin İslamı yayarkən söyləndiyi ifadədir və məqsəd də gerçəkdən yolunu azan, müsəlmanlara zülm edən, nahaqqı haqdan üstün tutan və mövcudluğunun özü belə, normal insanlar üçün təhlükə olan dövlətlərlə məkanları ələ keçirmək, orada insanın yaşamına yönəlmiş qanunların bərpa edilməsinə nail olmaqdı.
Fəqət, Şimali Qafqazdakı sələfilər, yəni Azərbaycanda oxucularımızın tam əksəriyyətinin "vəhhabi" kimi tanıdığı insanlar bir sıra dövlətlərdən və təşkilatlardan aldıqları dəstək, maliyyə və təşviq nəticəsində Qurani-Kərimdə buyurulmuş sözləri təhrif edərək özlərinin yaşadıqları konkret məkandan savayı hər yeri "dar ül hərb", sələfi olmayan bütün adamları isə "mürtəd" elan etdilər.
Şimali Qafqazda çeçenlərin Rusiyaya qarşı silahlı mübarizəsinin radikal islamçılığa və İslamın özünə belə, təhlükə olan sələfiyyəçiliyə çevrilməsi ideoloji əsasları bunlardı.
Azərbaycana uzanan əllərin məqsədləri nə idi?
Məhz həmin əsaslar da çeçenlərin milli-azadlıq mübarizələrinin "Qafqaz əmirliyi" təki sələfi ideologiyasına söykənən silahlı qruplaşmaya çevrilməsinə rəvac verdi.
Özünü "Qafqaz Əmirliyi İslam Dövləti" adlandıran, Şimali Qafqaz ərazisində separatçı dövlət-ərazi vahidinə çevrilmək istəyən bu struktur 2007-ci ilin oktyabrın 7-də bəyan edildiyi zamandan bəri çeçenlərin mübarizəsini tam iflasa uğratmaq, bu mübarizənin "möminlərin kafirlərə savaşı" kimi qələmə vermək məqsədi güdürdü.
Özünü "Çeçenistan-İçkeriyanın prezidenti" adlandıran Dokku Umarov isə "bütün müsəlmanlara müraciət"ində söylədi: "Bu gündən etibarən Çeçenistan-İçkeriya prezidenti səlahiyyətlərindən imtina edir, Qafqaz mücahidlərinin əmiri, cihadın öndə gedəni, habelə mücahidlər olan bütün ərazilərdə yeganə qanuni hakimiyyətin təmsilçisi olduğumu deyirəm".
"Qafqaz Əmirliyi"nin Azərbaycana olan münasibətinə gəldikdə isə, mücahidlər ölkəmizin dünyəvi və Qərbə inteqrasiyaya üstünlük verən, xüsusilə də ABŞ və İsraillə sıx əlaqələri olan dövlət olmasından bərk qıcıqlıdır.
Onlar müsəlmanlar yaşayan Azərbaycanı aşkar şəkildə "dar ül hərb" elan etməsələr də, son vaxtlar cürətləniblər. Bütün çıxış və videomüraciətlərində özünü "Dokku əbu Osman" adlandıran "Qafqaz Əmirliyinin əmiri" Dokku Umarovun sözlərinə görə, Azərbaycan indi "dar ül küfr"dür. Yəni ölkəmiz "Şəriət qanunlarına əməl edilmədiyi, küfrün çox olduğu" məkandır.
Eyni zamanda, "Qafqaz Əmirliyi"nin "əmir"ləri, yəni Umarovun müavinləri onu da deyirlər ki, bəs Azərbaycanı birmənalı olaraq "dar ül küfr" saymırlar.
Sən demə, ölkəmiz "dar ül küfr mühənnid"miş.
Yəni, Azərbaycanla müəyyən vaxta qədər sülh müqaviləsi bağlanıb ki, bundan da "əmir"lərin özlərindən savayı, kimsənin xəbəri yoxdur.
Dokku Umarovun sağ əli, "Qafqaz Əmirliyi"nin əmirinin "naib"i olmuş "Əmir Supyan", yəni Supyan Abdullayevin isə Azərbaycanla bağlı konkret planları vardı.
Çeçen mücahidlər arasında "Kor əmir" ləqəbi ilə tanınan Supyan Abdullayev ötən ilin yayında Azərbaycandakı "mömin müsəlmanlar və mücahidlər", yəni ölkədəki radikal sələfilərin bir qrupu ilə görüşmək fikrində idi.
Görüş niyə baş tutmadı?
Onu "Axsaq xəlifə" ləqəbli iordaniyalı ərəd Mühənnəd də müşayiət etmək fikrinə düşmüşdü.
"Qafqaz əmirliyi"nin iki "məşhur şəxs"i görüş yeri qismində Dağıstanın cənubundakı rayonlardan birini seçmişdilər.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Şimali Qafqaz regional idarəsinin məlumatlarına görə, görüş yeri qismində Axtı və ya Məhərrəmkənd rayonu müəyyənləşmişdi.
Fəqət, sonradan bəyan edildi ki bəs, "görüş qeyri-müəyyən müddətə təxirə salınır".
Azərbaycandakı ictimai-siyasi vəziyyəti məhvərdən çıxarmaq, "Şəriət qanunları ilə idarə edilən dövlət" yaratmaq ideyaları ilə ekstremist fəaliyyətlə məşğul olmağa can atan qruplaşmaların ölkədə mövcudluğu sirr deyil.
Müxtəlif ölkələr və xarici təşkilatlardan yardımlar alan həmin qruplar "kafirlik" saydıqları indiki dövlət quruluşunu dəyişmək üçün əllərindən gəlməyə etməyə hazırdır.
Bəhs olunan qrupların əksər qismi ilə Şimali Qafqazdakı "mücahid", yəni sələfi dəstələri və "cəmaat" adlı radikal dinçi qrpulaşmalar arasında da əlaqələr mövcuddur.
"Əbu Supyan" və "Əmir Muhannəd"in də Azərbaycana olan maraqları yetərincə konkretdi. Onlar Şimali Qafqazdakı "mücahid hərəkatı"ına yerli radikal islamçılarını cəlb etməklə yanaşı, öz ideyalarının Azərbaycanda yayılmasının vasitə və yollarını arayırdılar.
Nəzərdə tutulmuş görüşdə də müzakirələrin məhz bu istiqamətdə aparılması nəzərdə tutulmuşdu.
Ancaq, görüş alınmadı və bunun bir neçə səbəbi olsa da, başlıca səbəb "Qafqaz Əmirliyi"nin rəhbərliyində təmsil edilmiş şəxslərin qorxuya düşmələri idi.
Onları qorxudan isə Bakı, daha doğrusu, Azərbaycanın müvafiq dövlət strukturlarının "sələfi"lərə və ümumiyyətlə, radikal islamçı qruplara qarşı apardığı effektiv mübarizə idi.
"Axsaq xəlifə" və "kor əmir" anlamışdılar ki, onların görüşləri baş tutsa belə, həmin müzakirələr və danışıqlar sonradan gözlənilən effekti verən deyil.
Bunu Şimali Qafqazdakı "cəmaat" və "əmirlik"lərdəki şəxslər də etiraf etmişdilər. Onların dediklərinə görə, Azərbaycanda "dar ül İslam" ideyalarının, xüsusilə də sələfilik ideologiyasının yayılması və tərəfdarların artırılması üçün "əlverişli şərait" yoxdur.
Azərbaycanda terror törədilməsi planları necə iflasa uğradı?
Şimali Qafqazda özünü dövlət hesab edən "Qafqaz Əmirliyi"nin qazisi və Ali Şəriət Məhkəməsinin sədri "Əmir Seyfullah" (Anzor Astemirov) 2010-cu ilin martında Rusiyanın xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülənədək Azərbaycanı da "cihad"ın arealına cəlb etmək, ölkəmizdə müxtəlif "cəmaat"ların qurulmasına və aktiv fəaliyyətinə can atırdı.
Daha sonra isə, yəni ötən ilin iyulunda "Qafqaz Əmirliyi"nin baş əmiri Dokku əbu Osmanın, yəni Dokku Umarovun əmri ilə Şəriət Məhkəməsinin qazisi "Qubdenli Seyfullah" (Maqomed Vahabov) da çıxışlarından birində "Qafqazda cihadın bütün bölgəyə yayılması, mübarizəyə Azərbaycandakı müsəlmanların da cəlb olunmasının vacibliyi"ni vurğulamışdı.
Ötən ilin avqustun 21-də Vahabov da Rusiyanın xüsusi xidmət orqanlarının əməliyyatında öldürüldü və onun ideyası da "yarımçıq" qaldı.
Buna rəğmən, "Qafqaz Əmirliyi"nin "Təhlükəsizlik Xidməti"nin rəhbəri, "rəis" Tarxan Qazıyev bu təklifi məqbul və məntiqi sayaraq "cihadın cənuba doğru genişləndirilməsi üçün gərəkli tədbirlərin görülməsinə ehtiyac duyulduğu"nu söyləyib.
Çeçen yaraqlıların əsas informasiya mənbəyi olan "Kavkaz Center" internet saytında da "cihadın Azərbaycana yayılmasının vacibliyi" dəfələrlə vurğulanan məqamlardan biridir.
Lakin "əmir"lərin istəkləri hələ ki, yalnız xəyal səviyyəsində qalıb. Onların özləri də etiraf edirlər ki, Azərbaycanda "normal fəaliyyət" üçün nə gərəkli şərait, nə də əlverişli şərtlər yoxdur. Üstəlik, Azərbaycanda radikal islamçıların təşkilatlanması, onların cəmiyyətdəki yeri və hadisələrə təsir imkanları "qənaətbəxş səviyyədə deyil".
"Axsaq xəlifə" və "kor əmir"in planlarının alt-üst olması əslində radikal islamçılıq pərdəsi altında fəaliyyət göstərən terrorçuluğun qanlı cığırının Azərbaycanın şimal sərhədlərində kəsilməsi idi.
Radikal islamçıların istəkləri baş tuta bilərmı?
Qafqaz Sülh və Təhlükəsizlik Fondunun eksperti Aleksandr Malışev Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Şimali Qafqazdakı radikal dinçi və ekstremist təşkilatların ətraf bölgələrlə bağlı planları illərdən əvvəl olub, indi də qüvvədədir.
"Cənubi Qafqaz ölkələri arasında Ermənistan birmənalı olaraq islamçı radikalları maraqlandırmır, çünki həmin ölkədə praktiki olaraq, müsəlman yoxdur. Gürcüstandakı müsəlmanlar da azərbaycanlılardır və onlar sələfilik ideyasına o qədər də meylli deyillər. Belədə, potensial hədəf qismində yalnız Azərbaycan qalır ki, "Qafqaz Əmirliyi"nin illərdən bəri həyata keçirməyə çalışdığı planlar da məhz Bakını nəzərdə tutur. Lakin etiraf edək ki, "əmir"lərin planlarının gerçəkləşmə şansları çox azdır. Bunun çox bəsit səbəbi var: Qafqaz bölgəsindəki bütün ölkələrdən fərqli olaraq, Azərbaycandakı hakimiyyət istənilən formada və adda radikallığa qarşı mübarizə aparır, ölkədəki müxtəlif dini icmalar arasındakı mövcud sıx əlaqələrlə mnasibətləri və ümumiyyətlə, tolerantlığı qorumaq üçün bütün gərəkli addımları atır", - Aleksandr Malışev söylədi.
Ekspertlər hesab edir ki, "Qafqaz Əmirliyi"nin rəhbərləri, habelə onları təlimatlandıran və maliyyələşdirən qüvvələrin bölgə ilə bağlı məqsədlərindən əl çəkdiklərini düşünmək sadəlövhlük olardı. Eyni zamanda, "kor əmir" və "axsaq xəlifə" kimi "mücahid liderləri", daha doğrusu, radikal islamçıların "sələfiyyun" təriqətinin mənsublarının da Azərbaycana yönəlmiş hərəkətləri davam edəsidir.
Lakin onlar uğur qazana biləcəklərmi?
Onların son niyyətlərinin fiaskoya uğraması elə sualın cavabı sayıla bilər.
Tural Əliyev
Milli.Az