Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyi sahələrdən biri də təhsildir. Məlumdur ki, ölkəmiz bu sahədə böyük uğurlar qazanmış qardaş ölkənin təcrübəsindən də yararlanmağa çalışır və bu təcrübə mübadiləsinin artıq müsbət nəticələri də var. Bu müsbət nəticələr sırasında ən vacibi isə əlbəttə ki, test üsulu ilə imtahanların keçirilməsinin tətbiqi idi. Ötən gün ölkəmizin regionlarında orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları veriblər. Bu imtahanlar necə keçib, hansı qənaətə gəlmək olar, hansı yeniliklər gözlənilir, ümumiyyətlə, ölkəmizin təhsil sistemindəki vəziyyəti bu gün necə qiymətləndirmək olar? Kəpəz TV (Region TV) əməkdaşlarının ünvanladığı bu və digər suallara Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsinin rəhbəri Nəsimi Məmmədov aydınlıq gətirib...
- Nəsimi müəllim, ötən gün orta məktəb şagirdləri üçün buraxılış imtahanları keçirildi. Bu imtahanların ötən illərlə müqayisədə hansı fərqli cəhətləri var idi?
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən respublikanın ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları 2012-ci ildən bəri həyata keçirilir. Bu imtahan prosesləri ilk olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi, 2012-ci ildən bəri bu imtahanlar TQDK tərəfindən həyata keçirilir ki, artıq 2015-ci ildə ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarının qrafikinə uyğun olaraq iyunun 2-də Bakı şəhəri və ətraf rayonlar üzrə buraxlış imtahanları həyata keçirildi və imtahanların nəticəsi haqqında məlumatlar TQDK-nın rəsmi internet saytında verildi. İyunun 6-da imtahan prosesi qərb və şimal bölgəsi üzrə həyata keçirildi və imtahanlarda 54.153 nəfərdən artıq şagird iştirak etdi. Qərb bölgəsində keçirilən imtahanlarda ümumilikdə 27.522 nəfərə qədər şagird iştirak etdi. Hər iki imtahan prosesləri çox uğurla həyata keçirildi. Ayın 6-da baş tutan imtahanların nəticələri də tezliklə TQDK-nın rəsmi internet saytında yerləşdiriləcəkdir.
- Bakıda keçirilən imtahanın nəticələri barədə nə demək olar? Ötən həftə bəzi kütləvi informasiya vasitələrində belə bir məlumatlar yayılmışdı ki, guya şagirdlərin 36 faizindən çoxu 2 qiyməti alıb. Bu, yəqin ki, dezinformasiyadır?
- Bildiyimiz kimi, TQDK-nın həyata keçirdiyi bütün imtahanlar ictimaiyyətə tam şəkildə məlum olan bir prosesdir. İmtahan prosesləri keçirilir və sonra nəticələr elan olunur. İmtahan prosesində, təbii ki, ali məktəblərə qəbul olmaq üçün keçid balları müəyyənləşir və keçid balını toplamayan abituriyentlər prosesdən kənarda qalır. İmtahanlarda ümumilikdə təqdim olunan 60 və 90 test tapşırığından Ana dili və Riyaziyyat fənnlərinin hərəsindən 8 və artıq sualı doğru cavablandıran şəxs 3 və daha çox qiymət almış olur. Və bildiyimiz kimi, səhv cavablar düzgünlərə təsir etmədiyinə görə də 8-dən az sualı cavablandırmış abituriyent 2 qiyməti almış sayılır. Burdan da bu nəticəyə gəlmək olar ki, artıq hər bir şagird haqqında bu məlumatlar var. Abituriyentlərin neçə faizinin hansı qiyməti almasını isə ümumi imtahan prosesləri tam yekunlaşdıqdan sonra dəqiqliklə bilmək olar.
- Bakıda keçirilən imtahanın nəticələrinə görə, rus bölməsində aşağı qiymət alanların faizi daha azdır. Bu, istər-istəməz belə bir fikir yaradır ki, rus bölməsində təhsilin səviyyəsi daha yüksəkdir. Bu, niyə belədir?
- Biz TQDK olaraq apardığımız istənilən imtahan prosesində statistik məlumatlara əsaslanırıq. Və apardığımız statistik araşdırmalar, həqiqətən də, göstərir ki, istər aşağı - 5-6-cı siniflərdə, istər qəbul imtahanlarında, istərsə də buraxılış imtahanlarında rus bölməsi üzrə təhsil alan şagirdlərin bilik və bacarıq səviyyəsi Azərbaycan bölməsində təhsil alan şagirdlərin bilik və bacarıqları ilə nisbətdə yüksək göstəricilərə malikdir və bu, bizimçün də maraqlıdır. Bu, yəqin ki, bu sahədə çalışan müəllimlərin bilik və bacarıqlarının yüksək olmasından asılıdır. Qərb bölgəsi üzrə götürdükdə bu, Gəncə, Tovuz və Şəmkir şəhərlərində təhsil alan rus bölməsinin şagirdlərində digər bölgələrin şagirdləri ilə müqayisədə daha çox faiz təşkil edir. Son illər rus bölməsi üzrə təhsil alan şagirdlərin sayının azalmasına baxmayaraq rus bölməsinin şagirdləri buraxılış imtahanlarında daha yüksək nəticə göstərirlər. Ancaq daha yaxşı olardı ki, sizin vurğuladığınız bu məsələ ilə bağlı orta məktəb rəhbərləri maraqlansınlar. Mən belə düşünürəm ki, ola bilər ki, həmin müəllimlərin tədris səviyyəsi yüksəkdir ki, şagirdlər də bu sahəyə maraq göstərir. Həm də güman ki, valideynlər uşağı ibtidai sinifə verdikdə intellekt səviyyəsi yüksək olan uşaqların daha çox xarici dil öyrənməsi baxımından rus bölməsində təhsilinə üstülük verirlər.
- TQDK yeniliklər edəcəyi, yeni innovativ metodlar, texnologiyaların tətbiqinə başlayacağı barədə məlumat vermişdi. Bu yeniliklər barədə bir qədər açıqlama verərdiniz.
- TQDK 1992-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti illərində də bir çox əhəmiyyətli yeniliklər həyata keçirmişdir. Ötən il belə bir yenilik oldu ki, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri elan olunduqdan sonra abituriyentlər və buraxılış imtahanında iştirak edən şagirdlərin cavab kartının qrafik təsvirləri TQDK-nın rəsmi internet saytında yerləşdirildi və abituriyent bu kartı əldə edə bildi. Əvvəllər cavab kartı yalnız imtahanda iştirak edəcək şəxsin özünə aid idi və ona tədim olunurdu, sual kitabçaları isə 4 variantda istifadə olunurdu, ancaq sual kitabçası adlı deyildi. Bu il respublikanın ali təhsil müəssisələrinə və istərsə də buraxılış imtahanlarını həyata keçirəcək TQDK-da həyata keçirilən innovativ yenilik ondan ibarətdir ki, artıq keçirilən istənilən imtahan prosesində şagird və abituriyentlərə sual kitabçaları da adlı şəkildə təqdim olunur. Bunun da icrası imtahan prosesində əvvəlki illərdən fərqli olaraq bir sıra neqativ halların qarşısını almaqda böyük rol oynayır. Bu və digər effektli yeniliklər TQDK tərəfindən hər zaman davam etdirilir. Qeyd etmək istərdim ki, TQDK tərəfindən istər respublikanın ali təhsil müəssisələrində, istərsə də buraxılış imtahanı baxımından ümumi imtahan kampaniyasında hansı yeniliklər həyata keçirilirsə, o yeniliklər ən azı 1 il əvvəl abituriyent və şagirdlərin nəzərinə çatdırılır.
- Bu il orta məktəb şagirdləri üçün ali təhsil müəssisələrinə qəbul imtahanları nə vaxt keçiriləcək?
- Artıq respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının bir hissəsi həyata keçirilib. Ümumilikdə 88 mindən artıq abituriyent respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə təqdim etmişdir. Biz artıq 2 ildir ki, bu prosesi ayrı-ayrılıqda həyata keçiririk. Əvvəlki ilin məzunları üçün respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanı may ayında həyata keçirildi, cari ilin məzunları üçün imtahan prosesi isə iyul ayının 14-də I-IV ixtisas qrupları üzrə, 25-i tarixində isə II və III ixtisas qrupları üzrə həyata keçiriləcək. Və bu imtahan prosesində cari ilin məzunları respublikanın ümumtəhsil müəssisəsindən tam orta təhsil müəssisəsini başa vuranlara aiddir. Respublikanın ali və orta ixtisas müəssisəsinin son kursunda təhsil alan sənəd təqdim etmiş abituriyentlər - cari ilin məzunları bu imtahan prosesində iyul ayında iştirak edəcəklər. İyul ayında imtahan prosesi yekunlaşdıqdan sonra ümumilikdə iyul ayının 30-dan avqust ayının 11-dək bu imtahan prosesində iştirak edən əvvəlki və cari ilin məzunları birlikdə ixtisas seçimi mərhələsində iştirak edəcəklər. Bir məsələni də qeyd edim ki, bu il V ixtisas qrupu da yaradılıb. Respublikanın tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə və xüsusi qabiliyyət tələb edən ixtisaslar V ixtisas qrupuna daxil edilib. V ixtisas qrupunun yeniliyi ondan ibarətdir ki, bu il artıq iyun ayının 2-si və 6-da ümumi buraxılış imtahanlarında iştirak edən şagirdlər V ixtisas qrupuna sənəd veriblərsə, onlar artıq birbaşa keçirdikləri imtahanın nəticəsinə uyğun olaraq ixtisas seçimini aparacaqlar. Ancaq əvvəlki illərdə tədrisi başa vuran, sənəd qəbulunda iştirak etmiş abituriyentlər isə iyul ayının 2-də imtahan prosesində iştirak edəcəklər ki, bu nəticələr ümumi ali təhsil müəssisəsinə qəbul imtahanının 1-ci - ixtisas seçimi mərhələsi yekunlaşdıqdan sonra tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi həyata keçiriləcəkdir. Bu proses isə avqust ayının 11-dən - ümumi nəticə elan olunduqdan sonra aparılır.
Milli.Az