İsrail səfirliyinin avtomobili qəzaya düşdü: 2 yaralı
22 Fevral 2010 21:10
Qəza nəticəsində iki İsrail vətəndaşı yaralanıb. Məlumata görə, hadisə Muğanlı-İsmayıllı yolunun 8-ci kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşı Uriya Varicuhinin idarə etdiyi "D-01601" nömrə nişanlı "Hyundai Tucson" markalı minik avtomobili qarşı tərəfdən gələn, İsmayıllı rayon sakini, 1956-cı il təvəllüdlü Abdulzadə Sabir Mikayıl oğluna məxsus "90-ET-359" dövlət nömrə nişanlı "KAMAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində U.Varicuhinin avtomobilindəki iki qadın - Avidal Varicuhi və Herzel Arizu müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım alan xəstələr müalicə üçün Bakıya göndərilib.
Məlumata görə, hadisə havanın dumanlı olması və İsrail vətəndaşının yola tam bələd olmaması səbəbindən baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
/APA/