"Sheffield United"in oyunçusu "Qarabağ"da

28 Yanvar 2011 22:02
Azerisport.az xəbər verir ki, qış fasiləsində 3 futblçunu transfer edən komandanın sıralarına bu gün daha bir legioner qoşulub.
 
21 yaşlı Tahar Aymen əslən əlcəzairli olsa da, Britaniya vətəndaşıdı. İngiltərənin ikinci liqasının iştirakçılarından olan "Sheffield United"in üzvüdü. Hücum xəttində daha çox hücumçuların arxasında oynama qabiliyyətinə malik olan Tahar yüksək texnikaya malikdi. Britaniya vətəndaşı olmasına baxmayaraq, Tahar tarixi vətəninin millisinə üstünlük verib. 1989-cu il təvəllüdlü Aymen tarixi vətəni Əlcəzairin 21 yaşlılardan ibarət millisinin şərəfini qoruyur.
 
Gənc  və perspektivli yarımmüdafiəçi haqqında komandanın baş məşqçisi Qurban Qurbanov yanvarın 30-da keçiriləcək yoxlama oyununda qərar verəcək.
 
Qeyd edək ki, "Qarabağ" bu futbolçuya kimi qış fasiləsində öncə yerli oyunçulardan İlqar Qurbanovu heyətində qatmışdısa, ardından iki əcnəbi futbolçu (qapıçı Bojan Pavloviç və yarımmüdafiəçi Nderim Nedzipi) ilə münasibətlərini rəsmiləşdirmişdi. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saytımıza son müsahibəsində artıq yeni futbolçu almaq fikirlərinin olmadığını desə də, deyəsən, britaniyalı da komandada saxlanılacaq.
 
Ağdam klubunun bu transfer pəncərəsindəki transferlərinin indiyəqədərki siyasətlə üst-üstə düşməməsi də diqqət çəkir. Axı qış fasiləsinə kimi heyətində cəmi 5 legioner (Ansi Aqolli, Admir Teli, Andrey Rubins, Devran Ayhan və Georgi Adamiya) olan "Qarabağ" onların sayını 7-yə qaldırdı. Britaniyalı futbolçu da bəyənilsə, əcnəbilərin sayı 8-ə çıxacaq və Ağdam klubu da Premyer Liqanın digər klublarından birinə çevriləcək.

Milli.Az