Azərbaycan Müəllif Hüquqları Agentliyi "Köçəri" xalq rəqsi və erməni özününküləşdirmələri barədə arayış yayıb. Ermənistan mədəniyyət naziri Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ qaldırıb.
Trend xəbər verir ki, Azərbaycan Müəllif Hüquqları Agentliyinin bu məsələ ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyində ("AZƏRTAC") verilmiş məlumatında bildirilir ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanılır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın "Sarı gəlin", "Süsən sünbül" və onlarca digər xalq mahnılarını, "Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyildir. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman "Köçəri" rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlamış, "Köçəri" rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və "Köçəri" sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.
Ümumiyyətlə, erməni ədəbi oğurluğu yeni deyil. Əslində Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsidir və bunu ermənilərin tanınmış nümayəndələri açıqca etiraf edirlər. Hələ 1868-ci ildə erməni ədəbiyyatşünası S. Palasanyan Sankt Peterburqda erməni dilində nəşr etdirdiyi "Erməni nəğmələri" adlı kitabında yazırdı ki, "... biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik". M.Nalbadyan adlı erməni müəllifi "Qədim şeir və nəğmələr haqqında" kitabında (bax. M. Nalbadyan. Əsərlər toplusu. 1-ci cild) öz növbəsində yazıb ki, ermənilərin "əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam".
Təbii olaraq Azərbaycan musiqisi peşəkar erməni musiqi əsərlərinə də öz təsirini göstərib. Belə ki, A.Xaçaturyan bir bəstəkar kimi Azərbaycan muğamlarının spesifik xüsusiyyətini qavramağı yaxşı bacarıb. "SSRİ xalqlarının musiqi tarixi"ndə (c.3, M.,1972) çox dəqiq göstərilir ki: A.Xaçaturyanın "Qayane" əsərində "xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. Bu musiqi baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olub. İ. Proxorov və Q. Skudina "Sovet musiqi mədəniyyəti" əsərində xüsusi qeyd etmişlər ki, "Qayane" baletində erməniləşdirilmiş "Şalaxo" və "Uzundərə" Azərbaycan rəqslərindən də geniş istifadə olunub.
Bunu aydınca sezən tənqidçi Q.Xubov yazırdı ki, "Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlamışdır" (Q. Xubov "Aram Xaçaturyan"). Əslən Tiflisdən olan A.Xaçaturyanın özünün isə belə bir etirafı vardır: "Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalmışdır".
Qeyd edək ki, məşhur mütəxəssis A. Koroşşenko özünün "Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr" əsərində yazırdı: "...ermənilərin özlərinin xalq musiqisi yoxdur" ("Moskva xəbərləri",1896).
Qədim Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində tərcümə olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər tərəfindən nəşr olunurdu. Bir qayda olaraq, Azərbaycan yaradıcılıq nümunələri xarici mənbələrdə erməni yaradıcılıq məhsulları kimi təqdim olunurdu. R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış "Erməni xalq nəğmələri" kitabının Paris nəşrini misal kimi göstərmək olar. Bu kitabda nəşr olunanların əksər hissəsini orijinal mətnləri ilə verilmiş Azərbaycan xalq melodiyaları təşkil edir. XIX əsrin axırlarında nəşr olunmuş "Uzundərə" və "Ceyranı" Azərbaycan folklor rəqsləri bir neçə ildən sonra tam mənası ilə qədim erməni rəqsləri elan olunmuşdur. Məşhur Azərbaycan rəqsi "Şalaxo"da ermənilər tərəfindən elə bu cür mənimsənilmiş və 1959-cu ildə nəşr olunmuş "Musiqili ensiklopedik lüğət"də "erməni solo kişi rəqsi" kimi təqdim olunub.
Xalq musiqi folkloru haqqında biliklərin "dərinləşdirilməsi", zaman göstərdiyi kimi, gələcək plagiatın "inkişafı" məqsədilə sovet dövründə, 1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqili lüğət"ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi yazıya köçürülmüş həmin xalq musiqisindən biri qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir ("Etnoqrafik toplu", c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindən Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya "SSRİ xalqları musiqisi tarixi"ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmışdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, "erməni xalq mahnısı"dır.
Erməni musiqisi kimi toplanmış və təqdim olunmuş Azərbaycan mahnılarının özününküləşdirilmə miqyası absurda gətirib çıxarır. Məsələn, sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə çox məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp.Məlikyan özününküləsdirilməyə pərdə çəkmək məqsədi ilə belə bir nəticəyə gəlməyə məcbur idi ki, bu erməni musiqisi Azərbaycan musiqisinin böyük təsiri altında olub. M.Muradyan və Q.Tiqranovun da redaksiya heyətinə daxil olduğu "SSRİ xalqları musiqisinin tarixi"ndə (M., 1970) də bu barədə belə yazılıb: "O, xalq musiqisini toplamaq və yazmaq məqsədi ilə, ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi". Məhz bu səbəbdən M.Muradyan "XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən" əsərində Sp. Məlikyanın fikrini əsaslandıran "təsir nəzəriyyəsi"ni kəskin tənqid etmişdir, çünki bu nəzəriyyəyə əsasən, "erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarərdir".
Erməni musiqi plagiatı pirat diskləri vasitəsilə yayılaraq MDB hüdudlarını çoxdan aşıb. Misal üçün, ABŞ-ın Los-Anceles şəhərində "Parseqyan-Rekords" tərəfindən buraxılmış "Klarnet və zurna" erməni CD-ni göstərmək olar. Erməni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14 kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbaycanın 12 müəllif əsərindən və folklor musiqisindən ibarət kompozisiyanın mənşəyi haqqında isə heç bir məlumat verilmir. "Şərur yallısı", "Köçəri", "Bənövşə", "Fuadı", Zabul rəngi", İbrahim Topçubaşovun "Söz olmasaydı" və başqa əsərlər bunların sırasındadır. Plagiatçılar öz "oğurluqlar"ını "Armenians Best..." ümumi adı altında, yəni ən yaxşı erməni nümunələri kimi "möhkəmləndiriblər."
Erməni plagiatının həmin o prinsipləri, elə burada Rusiya internet-mağazaları tərəfindən təklif olunan disklərdə də öz əksini tapıb. D. Qasparyanın, S. Asaduryanın və başqalarının tütəkdə ifalarının müxtəlif kolleksiyaları və bunların arasında "Ermənistanın göz yaşı: tütək səsi" və "Erməni tütəyinin sehri" və s. disklər də vardır. Pirat CD-də göstərilmiş 8 kompozisiyanın adları aşaığıdakı kimi verilib:
"Qayıqçı", "Günüm, günəşim olarsan sən", "Uca dağlar", "Tutam yar əlindən, tutam", "Bir çiçək gibi", "Allı durnam", "Yelli yaş", "Qırmızı gülüm soldu". Azərbaycan və ya türk musiqi nümunələri olan bu mahnıların heç birinin mənşəyi göstərilməyib.
"Köçəri" sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur "Divani lüğət" kitabında "köçəri" sözü aşağıdakı mənalarda verilib: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.
Azərbaycan ərazisində islamdan öncəki vaxtlarda qəbirstanlıqlarda başdaşı üzərində "Daş qoç" və "Daş at" heykəlləri qoyulub. "Daş qoç"lu qəbirləri oğuz qəbirləri adlandırırlar. Sözün "koç-qoç" mənasında kəlməsi isə onun türk mənşəli olmasına heç bir şübhə yaratmır. Bununla belə "Köçəri" rəqsinin adı türk mənşəli "köç" sözündən götürülüb. "Köç" sözünün bütün formaları Azərbaycan türkcəsi, türk, türkmən və digər türk dillərində eyni mənanı daşıyır: bir yerdən başqa yerə köçmək; köçəri ailə, tayfa və ya qəbilə; sürgün, sürülmə, köçürülmə; həyatdan köçmə, yəni vəfat etmək; ər evinə gəlin köçmək və s.
"Köçəri" rəqsi Azərbaycanda çox məşhur olan qədim "Yallı" rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də "Yallı" rəqsinin təsvirləri verilib.
"Köçəri" rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb. Azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməmişdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olub. Türkiyədə də bu rəqs populyardır.
Rəqs edənlər bir-biri ilə əl-ələ tutaraq dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağaranın müşayiəti ilə ifa olunur, cəngavərliyi, çevikliyi və cəsarəti ifadə edir.
Beləliklə, "Köçəri" rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycan musiqisindən həmişə bəhrələnmişlər və indi də belədir.
Ermənilərin tanınmış nümayəndələrindən və rus müəlliflərindən çoxlu sayda bu cür etiraflar, sitatlar və erməni plagiatçılığına dair yüzlərcə belə fakt misal gətirmək olar.
Bütün bunlar barədə Kamran İmanovun ingilis, fransız, rus və rumın dillərində çap edilmiş "Erməni yadelli nağılları" kitabında ətraflı yazılıb.
Milli.Az