Bu il fəaliyyəti dayandırılan bankların sayının artması gözlənilir
28 Yanvar 2011 20:42
Həmin qərarla "Birlik Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.
Məlumat üçün bildirək ki, təsisçisi 20 yerli fiziki şəxs olan "Birlik Bank" 1993-cü ildən fəaliyyət göstərib. Ötən il dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 53,775 mln. manat, depozit portfeli 1 mln. manat, əhalinin əmanətləri 53,310 min manat, kredit portfeli 36,293 mln. manat, istehlak kreditlərinin həcmi 520,330 min manat, məcmu kapitalı 20,058 mln. manat, nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Bankın ölkə üzrə 3 filialı olub. Ötən ilin dekabr ayının 1-nə bankda çalışan işçilərin sayı 35 nəfər, orta aylıq əmək haqqı 169 manat, cəmi müştərilərin sayı 1 233, o cümlədən fiziki şəxslərin sayı 495, hüquqi şəxslərin sayı 738 nəfər təşkil edib.
Xatırladaq ki, 2010-cu ildə MB həmçinin "Debütbank" ASC-yə və "Kövsərbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyaları geri almışdı.Bu prosesin davamlı oalcağı gözlənilirdi. Çünki, MB sədri Elman Rüstəmov zəif, fəaliyyət göstərə bilməyən və bütövlükdə bank sisteminə və bank sferasının etibarına problem yarada biləcək bankların sistemdən uzaqlaşdırılacağını söyləmişdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bank sektorunda analoji qərarların davamlı oalcağı gözlənilən idi: "Hətta qlobal maliyyə böhranının birinci mərhələsi başlayan zaman (2008-ci ildə) fəaliyyət göstərməyən, eləcə də Mərkəzi Bankın minimum nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyən bankların lisenziyalarının alınacağı proqnozlaşdırılırdı". Mərkəzi Bankın kommersiya bankları üçün minimum nizamnamə kapitalını 10 milyon manat müəyyən etdiyin xatırladan V.Bayramov hələ də bir sıra bankların nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə yetirə bilmədiklərini söyləyir.
İqtisadçı SİA-ya bildirib ki, bəzi banklar hətta tam şəkildə fəaliyyət göstərmirlər: "Lisenziyası ləğv edilən bank heç də cari ildə Mərkəzi Bankın şərtlərini yerinə yetirə bilməyən bank deyil. Son iki ildə bu bankın fəaliyyəti hiss edilməyib. Sadəcə Mərkəzi Bank böhran dövründə onun lisenziyasını geri almaqla digər bankların fəaliyyətinə mənfi təsir göstərməkdən, banklara inamın azalmasından ehtiyatlanıb konkret qərar qəbul etməyib. Artiq bank sektorunda müəyyən stabilləşmə meyilləri hiss edilməkdədir. Qlobal maliyyə böhranının birinci mərhələsi başa çatıb. Mərkəzi Bank minimum məcmu kapital tələbinə əməl etməyən, cari fəaliyyəti etibarlı olmayan, fəaliyyətini prudensial qaydada həyata keçirməyən bankların lisenziyalarını geri almaq imkanlarına malikdir".
V.Bayramovun qənaətincə, artıq 3-cü bankın lisenziyasının geri alınması bank sektoruna inamın azalmasına gətirib çıxarmayacaq: "Söhbət o bankların lisenziyalarının ləğvindən gedir ki, onların bank sektoruna və sisteminə adiyyatı çox az idi. 3 bankın lisenziyasının geri alınması kredit faizlərinin yüksəlməsinə də gətirib çıxara bilməz. Çünki onlar kreditə olan tələbatın ödənilməsində iştirak etmirdilər".
İqtisadçı deyir ki, 10 yaxın bank tam bank funksiyalarını yerinə yetirə bilmir: "Elə banklar var ki, Əmanətlərin Sığortalanması Fondunun belə üzvü deyillər. Bunun fonunda iki bankın lisenziyasının geri alınması Mərkəzi Bankın hələ də lisenziyaların geri alınmasının bank sektoruna mənfi təsir edəcəyindən ehtiyatlanmasına dəlalət edir. Hesablamalarımız göstərir ki, tam fəaliyyət göstərə bilməyən bankların sayi heç də iki və ya üç deyil. Onların sayı kifayət qədərdir".
V.Bayramov MB-nın prosesi mərhələli olaraq həyata keçirməyə çalışdığını söyləyir. Mütəxəssis güman edir ki, Mərkəzi Bank yaxın gələcəkdə də bankların lisenziyalarının geri alınması barədə qərarlar qəbul edəcək: " Mərkəzi Bank 2011-ci ildə çalışacaq ki, nizamnamə kapitalını yerinə yetirə bilməyən, bank funksiyalarını tam həyata keçirmək imkanına malik olmayan bankların lisenziyasını geri almaqla təmizləmə siyasəti həyata keçirsin".