Bakının bu gün yasaq edilən yolu bəs sabah kimin olacaq?

26 May 2015 12:53

Bakıda keçiriləcək Avropa Oyunları zamanı yol hərəkətində bəzi yeniliklər ediləcək. Bunlardan biri də oyunlar üçün yollarda çəkilmiş xüsusi zolaqlardır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyir ki, ötən şənbə günündən artıq çəkilən zolaqlara maşınların girişini qadağan edən nişanlar quraşdırılır. Müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. İşlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək. Qaydanı pozanlar isə cəzalanacaqlar. Cərimə protokolları yazılarkən İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə istinad ediləcək. Cərimənin miqdarı isə 40 manat olacaq.

Qurum rəsmisi onu da bildirib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.

Avropa Oyunları sırasında həmin qaydaların tətbiq edilməsi təşəbbüsü alqışa layiqdir. Çünki şəhər küçələrində bəzən elə tıxaclar olur ki, oyunlar zamanı idmançıların və nümayəndə heyətlərini bir yerdən başqa yerə daşınması çətinləşə bilər. Belə qaydaların tətbiqi, sözsüz ki, ən azı, idman ictimaiyyətinin Bakıda rahat nəqliyyatını təmin edəcək.

Ancaq məsələnin başqa bir tərəfi də var. Çəkilən zolaqlar gələcəkdə şəhərdə təcili yardım, yanğınsöndürən, polis və başqa bu kimi xüsusi nəqliyyat vasitələrinin xidmətinə verilsə, yaxşı olmazmı?

Təcrübə göstərir ki, Bakıda tıxacların ucbatından bəzən təcili yardım və yanğınsöndürmə maşınları mənzil başına vaxtında çata bilmirlər. Xüsusi zolaqların tətbiqi isə onların işini xeyli rahatlaşdırar. Nəticədə insanlarımız təcili yardım maşınının tıxaclarda qalmasından ölməzlər. Yanğınlar vaxtında söndürülər. Cəmiyyətə təhlükə yaradan canilər vaxtında zərərsizləşdirilər. 

Həmin zolaqlara daxil olan sürücülər üçün 40 manat deyil, daha yüksək cərimənin tətbiqi işi daha da effektiv edərdi.

P.S. Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Teymur Hacıyev
Milli.Az