"Birlik Bank" niyə bağlandı?

28 Yanvar 2011 10:06
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə fəaliyyətdə olan daha bir bankın lisenziyası ləğv edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumatına görə, "Banklar haqqında" qanunun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrin əsasında AMB-nin İdarə Heyətinin qərarı ilə "Birlik Bank"a bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Həmin qərarla "Birlik Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin edilib.

Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan "Birlik Bank" 1993-cü ildən fəaliyyət göstərib. Ötən il dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 53,775 mln. manat, depozit portfeli 1 mln. manat, o cümlədən əhalinin əmanətləri 53,310 min manat, kredit portfeli 36,293 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 520,330 min manat, məcmu kapitalı 20,058 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Bankın ölkə üzrə 3 filialı fəaliyyət göstərib.

Dekabrın 1-nə bankda çalışan işçilərin sayı 35 nəfər, orta aylıq əmək haqqı 169 manat, cəmi müştərilərin sayı 1 233, o cümlədən fiziki şəxslərin sayı 495, hüquqi şəxslərin sayı 738 olub.

Xatırladaq ki, 2010-cu ilin dekabrın 2-də AMB həmçinin "Debütbank" ASC-yə və "Kövsərbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyaları ləğv edib

Milli.Az