Qəzzaya yeni donanma hazırlanır

28 Yanvar 2011 09:30
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, ötən ilin may ayında Qəzzaya humanitar yardım aparmaq məqsədi ilə təşkil edilən beynəlxalq donanmanın bənzərinin bu il yenidən təşkil edilməsi planlaşdırılır.

Ötənilki missiyanın əsas təşkilatçılarından biri olan Türkiyədəki Humanitar Yardım Vəqfinin sədri Bülənd Yıldırım ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində bu barədə məlumat verib.

Onun sözlərinə görə, bu dəfə missiyada 100-dən artıq ölkədən fəalın iştirakı gözlənilir, donanmaya 50-yə yaxın gəminin qoşulması planlaşdırılır.
Bülənd Yıldırım bildirib ki, müxtəlif istiqamətlərdən gələcək gəmilərin ötən il İsrail əsgərlərinin "Mavi Mərmərə" gəmisinə hücum etdiyi yerdə bir araya gəlib, oradan Qəzzaya hərəkət etməsi plaşlaşdırılır.

Bülənd Yıldırım bildirib ki, ötən il İsrail əsgərlərinin hücumuna məruz qalan "Mavi Mərmərə" gəmisinin də builki aksiyada işkirak etməsi nəzərdə tutulur.
Türkiyənin rəsmi dairələri bu ölkənin fəallarının Qəzza ilə bağlı yeni aksiyada iştirakı məsələsinə hələlik münasibət bildirməyiblər.

Milli.Az