Elmar Məmmədyarov: “Hazırkı vəziyyət əbədi davam edə bilməz”
27 Yanvar 2011 15:30
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdiyi müsahibəsində deyib. "XXI əsrdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləməyə göz yumaraq qonşuluq münasibətləri qurmaq və saxlamaq qeyri-mümkündür", - deyə Elmar Məmmədyarov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, münaqişənin hər iki tərəfin maraqlarının müdafiə olunacağı sülh yolu ilə həllini axtarmaq lazımdır: "Moskvaya Rusiyanın vasitəçiliyi ilə bu münaqişənin həlli yollarını axtarmağı davam etdirmək üçün gəlmişəm".
Elmar Məmmədyarov deyib ki, iki ölkə arasında atəşkəs haqqında sazişin imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində hələ də insanlar həlak olurlar: "Bu problemi həll etmək üçün bütün lazımi işləri görməliyik". Onun sözlərinə görə, ilk növbədə Madrid prinsipləri - danışıqlar sənədi bazasında nəzərdə tutulduğu kimi, işğal olunmuş ərazilərdən qoşunlar çıxarılmalıdır. Qaçqınlar öz yurdlarına qayıtmalı, həmçinin həmin sənəddə qeyd olunduğu kimi, işğal olunmuş ərazilərdə infrastruktur bərpa olunmalıdır: "Hazırkı vəziyyət əbədi davam edə bilməz. Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə etməliyik".
Nazir Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında əsir düşənlərin və həlak olanların cəsədlərinin mübadiləsi zamanı razılaşmanın əldə olunmasındakı rolunu xüsusilə qeyd edib. O, həmçinin Mayendorf bəyannaməsini uğurlu və bütün beynəlxalq prinsiplərə uyğun adlandırıb.
Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını və qaçqınların öz doğma yurdlarına qayıtmasını nəzərədə tutan dörd qətnaməsinin yerinə yetirilməməsi ilə bağlı təəssüfünü ifadə edib. O, əlavə edib ki, bütün bu tələblər indiyədək kağız üzərində qalır: "Bundan başqa, AŞPA və Avropa Şurasının qətnamələri var ki, həmin sənədlərdə problemin mərhələli şəkildə həll olunması və ərazilərin azad olunmasının vacibliyi bildirilir. Çünki başqa ölkənin ərazisinin işğalı yolverilməzdir".
Milli.Az