İlk baxışdan heç tanımadığımız insanı bəyənib və ya bəyənməməyimizi aydın hiss edirik. Əgər insana ilk baxışdan antipatiya duyuruqsa, sonradan bu hiss nadir hallarda simpatiya ilə əvəz olunur.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, antipatiyanın yaranma səbəblərindən biri özümüzdə bəyənmədiyimiz xüsusiyyətləri qarşı tərəfdə görməyimizdir: "Məsələn, artıq çəki və ya üzdə yaranan sızanaqlar, qırışlara, xoşagəlməz qoxuya görə əziyyət çəkiriksə, bunları başqa adamda görəndə, şüuraltı olaraq bizə xatırlatdığını düşünürük".
Arzuladıqlarımızı, sahib olmaq istədiklərimizi başqasında görəndə və bunların bizim üçün əlçatmaz olduğunu anladıqda da bizdə həmin şəxslərə antipatiya yaranır. Ola bilsin ki, qarşıdakı keçirdiyimiz hisslərdən xəbərsiz olsun. "Bizə pis niyyətlə də yanaşmasın, amma onun arzuladığımız üstünlüklərə sahib olması bizə zəifliyimizi xatırladır. Ona görə də, həmin insandan uzaqlaşmaq istəyir, ondan xoşlanmırıq".
Psixoloq qeyd edib ki, insan beyni baş verən yaxşı və pis hadisələri yadda saxlayır. Biz bunu yada sala bilməsək də, şüuraltı olaraq bu, bizim yaddaşımızda saxlanılır. Biri ilə ilk dəfə rastlaşdıqda məhz yaşadıqlarımıza, şüuraltı məlumatlara nəzərən ona qarşı simpatiya və ya antipatiya yaranır. Bəzən kiməsə qarşı laqeydlik hissi də yaranır. Həmin adama heç bir reaksiya vermirik. Bu, onu göstərir ki, ona oxşar adamlarla bağlı müsbət və ya mənfi hadisələr baş verməyib. Bir nəfəri ilk dəfə görəndə onun haqqında təəssüratlar yanlış da ola bilər, doğru da.
Antipatiyaya səbəb olan xüsusiyyət, hərəkət və jestlər adətən eyni tip xasiyyətin olmasına işarə edir. Bu halda antipatiyaya gerçək əsaslar var. Elə də olur ki, bizə pislik edən insanı yanlış olaraq başqasına bənzədirik. Bu halda yaranan antipatiya əsassız olur. Həyat təcrübəsi artdıqca insanda antipatiya və simpatiya daha dəqiq ifadə olunur. Adətən insanlar belə bir ifadə də işlədirlər: "Adama baxan kimi onu tanıyıram".
Müsahibimizin dediyinə görə, həyat prinsiplərimizə əməl etməyən insanlar da bizdə antipatiya yaradır. Bizdən imtina edən, ünsiyyət qurmaq istəməyən, bizimlə özünü soyuq aparanlar da antipatiyanın yaranmasına səbəb olur. "Özündən razı görünən insanları da az adam bəyənir. Özündən razılıq lovğalanmaq, qarşıdakını özünə yaraşdırmamaq kimi qəbul olunsa da, bəzi hallarda bu utancaqlıq və özünə qapanmadan xəbər verir".
Antipatiya özümüzdən asılı olmadan yaranır. Lakin istədikdə bunun qarşısını almaq olur. "Kimisə ilk dəfə görəndə yaratdığı təəssürata fikir verin. Bu, çox vacib bir informasiyadır, çox vaxt da düzgün olur. Sonra şəxsin davranışına, jest, mimika və baxışlarına fikir verin. Antipatiyanın niyə yarandığını araşdırın. Özünüzə "Məndə ona qarşı antipatiya niyə yaranıb", "Niyə mən onu görəndə əsəbləşirəm", "Niyə onun hərəkətləri məni qıcıqlandırır", "O, mənə kimi xatırladır" suallarını verin. Bu sualları cavablandıraraq sizdə yaranan antipatiyanın səbəblərini anlayacaq və əsassızdırsa, onu aradan qaldıracaqsız".
J.Həmidli bildirir ki, əgər antipatiya bəslədiyiniz şəxsdə özünüzdə bəyənmədiyiniz keyfiyyətləri görürsüzsə, özünüzü olduğunuz kimi qəbul edin. Bunu öyrənsəniz, sizin zəifliyinizi, mənfi xüsusiyyətlərinizi xatırladan insanlardan qıcıqlanmazsınız. "Başqalarını dəyişdirməyə, özünüzə oxşatmağa çalışmayın. İnsanların fərqli fikirləri ola bilər. Bunu qəbul etmədikcə antipatiya artır. Antipatiyanı azaltmaq üçün qarşıdakı insanın mənfi xüsusiyyətlərinə deyil, müsbət xüsusiyytələrinə fikir verin".