Ziya Məmmədov: “Bakı-Tiflis-Qars dəmir yolunu 2012-ci ilin sonunda təhvil verəcəyik”

26 Yanvar 2011 17:51
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının iclasında Gürcüstan və Türkiyə tərəfdə görülən işlərin vəziyyəti barədə mütəxəssislərin hesabatı dinlənilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin tikinti nəqliyyat naziri Binəli Yıldırım bildirib. Onun sözlərinə görə, BTQ layihəsinin Türkiyə tərəfində işlərin yüzdə 53%-i görülüb: "Gürcüstan tərəfdə bundan bir qədər az iş həyata keçirilib. Onlar da tezliklə işlərini sürətləndirəcəklər. Heç bir əskiklik yoxdur, planlı şəkildə işləyirik."

Vaqonların Avropa standartlarına uyğun gəlməməsi haqqında məsələyə münasibət bildirən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, tərəflər faktiki olaraq bütün məsələlər üzrə razılığa gəlib: "Digər kiçik məsələlər ikitərəfli görüşlərdə həll olunacaq. Bugünkü tədbirdə ən başlıca müzakirə mövzusu vaqonların hündürlüyü ilə əlaqədar məsələ idi ki, bu məsələdə biz ümumi fikrə gəlməmişdik. Amma danışıqlar zamanı demək olar ki, bunu həll etdik. Bizim vaqonlar sovetlərdən qalma vaqonlardır. Biz belə fikrə gəldik ki, Türkiyə tərəfdə yükləmə texnologiyasını həll edək, daşınan yüklər Türkiyədə digər vaqonlara boşaldılacaq. Düşünürəm ki, bunlar bizim layihəni vaxtında təhvil verməyimizə mane olmayacaq. 2012-ci ilin sonunda dəmir yolunu təhvil verəcəyik".

Qeyd edək ki, bu saatlarda layihəni inşa edən hər üç ölkənin nəqliyyat nazirlərinin Gürcüstan prezidenti ilə görüşü gözlənilir.

Milli.Az