Çempionlar Liqasının ötən mövsümkü qalibi "Real Madrid" ardıcıl 2-ci dəfə finalda oynamaq şansını əldən verib. "Santiago Bernabeu"da "Juventus"u qəbul edən "kral klubu" ümumi hesabda 2:3 uduzaraq mübarizəni dayandırmalı olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məğlubiyyət və gələcək planları barədə danışıb.
"Biz yaxşı oynadıq. Çoxsaylı qol imkanlarımız oldu. Standart vəziyyətdən sonra qapımızda qol gördük. Bütün gücümüzü meydanda qoyduq. Buna görə təəssüflənməyə dəyməz. Hücumları qapıya zərbə ilə tamamlamaqda daha effektli ola bilərdik. Amma əsas problem intensiv oynaya bilmədiyimiz ilk qarşılaşma idi. Gələcək planlara qalanda, Primeroda 2 oyunumuz var. Mövsümü bitirəndən sonra hər şeyi müzakirə edib dəyərləndirərik. Daha doğrusu, işimə klub qiymət verəcək. Mənsə işimi müsbət qiymətləndirirəm. Çünki hər zaman əlimdən gələni etməyə çalışmışam. Futbolçularla əla münasibətim var, klub rəhbərliyi də məni dəstəkləyib. La Liqada 2 oyunluq diskvalifikasiyanın səbəbini anlaya bilmirəm. Düzdür, mən alqışlayırdım. Lakin hakimə yox, tribunalara yönəlmişdim. Düşünmürəm ki, "Juventus"la matç "Real"da mənim üçün sonuncu oyundur. "Real"da qalmaq istərdim. Amma futbolda məşqçi dəyişikliyi normal haldır".
Qeyd edək ki, "Valencia" ilə matçdan sonra referi Klos Qomesi istehza kimi alqışladığı əsas gətirilən Ançelotti Primeronun son 2 oyununda texniki zonada olmayacaq.
Milli.Az