Abdullah Gül: “Bütün Qafqazda təhlükəsizliyin təmin olunmasını istəyirik”
25 Yanvar 2011 15:37
Trend-in məlumatına görə, Türkiyə Prezidenti Abdullah Gül bunu Avropa Şurasına səfəri zamanı AŞPA sədri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan-Türkiyə münasibətləri, Cənubi Qafqazdakı vəziyyətə münasibət bildirərkən deyib.
Türkiyə Prezidenti bütün Qafqazda təhlükəsizlik və əməkdaşlığa söykənən geniş bir platformanın yaranmalı olduğunu qeyd edib: "Mən Ermənistana səfər edən ilk Türkiyə prezidentiyəm. Arzum bütün Qafqazda Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və şübhəsiz Rusiya da olmaqla, təhlükəsizlik və əməkdaşlığa söykənən geniş bir platformanın ortaya çıxmasıdır. İstəyirik ki, bütün Qafqaz təhlükəsizliyə və əməkdaşlığa dayanan yeni məkan olsun. Bu istiqamətdə işlər görülür. Bəzən bunlar səssiz, bəzən də görünən formada aparılır".
O, qeyd edib ki, Avropa Şurasının bütün dəyərlərinin Qafqazda ən gözəl şəkildə yayılması və təşviqi sadəcə region üçün deyil, bütün Avropa üçün də çox önəmlidir. Türkiyə Prezidenti o zaman Azərbaycanın AŞ-yə üzvlüyünü çox ciddi bir şəkildə dəstəklədiyini deyib: "Mən o vaxt millət vəkili olarkən, Azərbaycanın, eləcə də Qafqaz ölkələrinin AŞ-yə üzvlüyünü çox güclü bir şəkildə dəstəkləmişdim. Bu gün məmnunluq hissi ilə görürük ki, AŞ-nin bütün dəyərləri Qafqazda da ən gözəl şəkildə yayılır və təşviq olunur. Bu, sadəcə Qafqaz regionu üçün deyil, habelə bütün Avropa üçün də çox önəmlidir. Qafqaz ölkələrinin AŞ-dən alacaqları çox şey var və eyni zamanda, buraya verə biləcəkləri çox böyük güc və potensial var".
Milli.Az