Məşhur teleaparıcı Xəzər TV-ni tərk etdi

24 Yanvar 2011 11:45
"Xəzər" Televiziyasında bir sıra maraqlı layihələrə aparıcılıq edən Səxavət Nur tele-şirkətdən ayrılıb. O, öz istəyi ilə ərizəsini yazıb və gedib. Bunu o, Milli.Az xəbər portalına açıqlamasında bildirdi.
Söylədi ki, televiziya aləmini birdəfəlik tərk etmir. Sadəcə bir telekanaldan digərinə keçib. Bundan sonra Səxavət AzTV-də çalışacaq.

"Yaxın günlərdə Beynəlxalq Muğam Festivalı yenidən başlayır və mən burada növbəti dəfə aparıcılıq missiyasını daşıyacam. Həm bu işimin başına qayıtdım, həm də sözügedən telekanalda başqa layihələrdə də çalışacam" - deyən S.Nur yaxın zamanlarda açılışı gözlənilən Mədəniyyət Telekanalı ilə də əməkdaşlığının olacağını bildirdi.
Onun Mədəniyyət kanalında verilişlərdən birinə aparıcılıq edəcəyi gözlənilir.

Xədicə
Milli.Az