Milli Şura demokratik şəkildə idarə olunmur

13 May 2015 17:25

Razi Nurullayev: "Azərbaycan müxalifətinin gedişlərini doğru saymıram"

Bir neçə ay bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, "Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) rəhbəri Razi Nurullayev təmsil olunduğu siyasi təşkilatdan istefa verib və bu addımını partiya sədri Əli Kərimli ilə aralarında dərin uçurumun yaranması ilə əlaqələndirib. Bildirib ki, avtoritar düşüncə tərzi AXCP sədrində cəmiyyətin digər kəsiminə, iqtidara və digər müxalif qüvvələrə, hətta öz partiyadaşlarına qarşı da qısqanclıq hissi yaradıb. Onun fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası demokratiya uğrunda səmimi mübarizəni əngəlləyib. R.Nurullayev AXCP-dən uzaqlaşandan sonra "Yeni Demokratiya" Hərəkatı (YDH) yaratmaqla, siyasi fəaliyyətini davam etdirməyə başlayıb. Amma bu addım da AXCP funksionerlərinin ona qarşı ittihamlarını, cəza tədbirlərini səngitməyib. Ə.Kərimlinin diktəsi ilə idarə olunan Milli Şuranın (MŞ) ötən ay keçirilən sessiyasında R.Nurullayev bu qurumdan çıxarılıb. Bir neçə gün bundan öncə isə R.Nurullayevlə əlaqəsinin olduğu iddia edilən iki nəfərin AXCP-dən kənarlaşdırılacağı barədə xəbərlər yayılıb. Bununla da aydın olur ki, AXCP sədrinin keçmiş müavininə qarşı hirsi, hikkəsi hələ də soyumayıb. Ünvanına səsləndirilən ittihamlar, Azərbaycan müxalifətinin vəziyyəti, YDH-nin məqsədi, anti- Azərbaycan kampaniyasında MŞ-nin yer alması və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını R.Nurullayev cavablandırır.

- Razi bəy, mayın 8-də Böyük Britaniyada keçirilən seçkilərdə ana müxalifətin leyborist lideri Ed Miliband öz partiyasının parlament seçkilərində məyusedici məğlubiyyətinə görə istefa verdi. Nəzərə alsaq ki, Azərbaycan müxalifəti də hər zaman Qərbi özünə nümunə sayır, o zaman nə üçün 20 ildir bu ölkədə keçirilən bütün seçkiləri uduzan müxalifət liderləri bu cür oxşar addım atmırlar?

- Mən bu sualın cavabını bilmirəm. Ancaq hesab edirəm ki, Azərbaycanın müxalifət partiyaları öz tezisləri ilə öz postlarını qorumağa, sədrlik kürsüsündə qalmağa üstünlük verirlər. Mən bunu doğru saymıram. Düşünürəm ki, hər şey nəticə ilə ölçülür. Nəticənin nə olub-olmasından asılı olaraq qərarlar verilməlidir. Dəxli yoxdur ki, seçki mürəkkəbdir, sadədir və sair. Nəticəyə görə qərar verilməlidir. Əgər məğlubiyyət varsa, istefa da olmalıdır. Bu baxımdan Azərbaycan müxalifətinin gedişlərini doğru saymıram.

- Siz özünüz də YDH yaratmısınız və müxalif düşərgədə olduğunuzu bəyan etmisiniz. Bu quruma sədrlik etdiyiniz müddətdə qatıldığınız seçkilərdə məğlub olsanız, istefa verəcəksinizmi?

- Yaratdığım "Yeni Demokratiya" Hərəkatı müxalifət hərəkatıdır. Hərəkatı yaradarkən sosial şəbəkədə, eləcə də mediada bununla bağlı ətraflı məlumat da vermişdim. Mən düşünürəm ki, Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir. İnsanların böyük bir qisminin siyasətə marağı ölüb. Bir çoxları isə onu haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət edən bir institut kimi görməyə başlayıb. Siyasətə yeni yanaşmanın ortaya qoyulmasına zərurət var. "Yeni Demokratiya" Hərəkatı da məhz bu məqsədlə yaradılıb. O ki qaldı istefa məsələsinə, əgər mən birinci sədrlik dönəmində sədr seçilərək proseslərin gedişində heç bir nəticəyə nail olmayacamsa, ikinci sədrlik dönəmində düşünəcəm, hətta ola bilər sədrliyimi irəli sürməyim. Yəni nümunə bu cür olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, hazırda Azərbaycan müxalifətində səmimiyyət yoxdur. Sadəcə olaraq, kreslodan daha bərk yapışmaq, müxalifətdə əbədi kresloya sahib olmaq uğrunda mübarizə gedir.

- Artıq neçənci dəfədir ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilir. Növbəti dialoqun isə bu həftə keçiriləcəyi gözlənilir. Bir siyasətçi kimi bu dialoqu necə dəyərləndirirsiniz? Dəvət edildiyiniz halda bu dialoqa qatılmaq niyyətiniz varmı?

- Dialoq konstruktiv bir müstəvidir. Bütün hallarda dialoq olmalıdır. Amma bununla bərabər, dialoqun əvvəlcədən hazırlanmış, razılaşdırılmış predmeti də olmalıdır. Dialoqun predmeti, mövzu və nəticəsi barədə əvvəlcədən düşünmədən qərar qəbul edə bilmərəm.

- Son günlər ölkə mətbuatında bəzi qüvvələrin ölkəmizdə həyata keçirməyi planlaşdırdığı məkrli niyyətləri haqda ilginc faktlar yer alıb. Məlumatlara əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində Milli Şura adlandırılan qurumun cəlb olunması da planlaşdırılıb. Azərbaycan əleyhinə kampaniyada MŞ-nin də adının keçməsinə, sözügedən qurumun bu kampaniyaya dəstək verməsinə necə baxırsınız?

- Hesab edirəm ki, Amerika böyük dövlətdir və Azərbaycanın strateji müttəfiqidir. Amerika ilə Azərbaycanın dost olması daha gərəklidir. Amerika-Azərbaycan münasibətləri daha da inkişaf edərsə, ölkəmizin dünyada, eləcə də regionda yeri bir qədər də möhkəmlənər. Bunda həm ABŞ, həm də Azərbaycan maraqlı olmalıdır. Hər iki dövlət daha ciddi müttəfiqlik və strateji əməkdaşlıq edərsə, bu, faydalı olar. İndiki durumda ölkələrimiz arasında münasibətlərin korlanması ermənipərəst qüvvələrin bundan istifadəsinə gətirib çıxara bilər. Belə bir imkanı ermənilər üçün yaratmamalıyıq. Milli Şuranın adının anti-Azərbaycan kampaniyasında hallanmasına gəlincə, bu qurum elə bir gücə sahib deyil ki, ölkədə siyasi kataklizmlər yarada bilsin.

- Yeri gəlmişkən, MŞ-nin ötən ay keçirilən sessiyasında iştirakınız təmin olunmadan Sizi bu qurumdan xaric ediblər. Bu addım nə dərəcədə düzgündür?

- Təbii ki, düzgün addım deyil. Məni o sessiyaya dəvət etməyiblər və qeyri-qanuni yolla Milli Şuradan çıxarıblar. Hadisə baş verən andan buna etirazımı da bildirdim, lakin arxasınca çox düşmədim. Fikirləşdim ki, onsuz da AXCP ilə, Milli Şurada təmsil olunanlarla yollarımı ayırmışam və həmin şəxslərlə bir sırada oturmaq, nəyi isə müzakirə etmək mümkünsüzdür. Hesab etmirəm ki, Milli Şura demokratik bir qurumdur. Milli Şura demokratik şəkildə idarə olunmur və xalqın iradəsini tam əks etdirmir. Bu kimi səbəblərdən həmin qurumda qala da bilməzdim. Sadəcə, son baş verən hadisə bir daha sübut etdi ki, Milli Şura irəli sürdüyü dəyərlərin daşıyıcısı deyil.

- MŞ-dən çıxarılmağınıza səbəb kimi Sizin fəaliyyətinizin bu qurumun prinsip və maraqlarına uyğun gəlmədiyi göstərilib. Söhbət hansı fəaliyyətdən gedir?

- Hadisənin mahiyyətində Milli Şuranın prinsip və maraqları deyil, AXCP-ni tənqid etməyim dayanır. Onlar mənim fərqli fikir səsləndirməyimi qəbul etməyiblər. Milli Şuranın, AXCP-nin və ümumilikdə müxalifətin apardığı siyasəti tərifləmədiyimə, onlara yaltaqlıq etmədiyimə, yalnız reallıqdan çıxış etdiyimə görə məni adıçəkilən qurumdan çıxarıblar. Əgər onları tərifləsəydim, nəticəsiz və yanlış siyasətlərinə dəstək versəydim, Milli Şuradan çıxarılmayacaqdım. Hadisənin kökündə bu dayanır. Bundan başqa söylənilən heç bir arqument tutarlı deyil.

- Heç kimə sirr deyil ki, MŞ bilavasitə AXCP sədrinin diktəsi ilə idarə olunur və oradan kimlərinsə xaric edilməsinə, kimlərinsə oraya qəbul edilməsinə də o, qərar verir. Əli Kərimlinin istər partiyada, istərsə də MŞ-də apardığı belə siyasəti necə qiymətləndirirsiniz?

- Zamanında bu mövzuda çox danışmışam. Hazırda AXCP-nin və Milli Şuranın necə idarə olunması maraq dairəmdə deyil. Amma vaxtilə Milli Şuranın tədbirlərində AXCP-nin xüsusi rolu və yeri var idi. Bu da ondan irəli gəlirdi ki, AXCP yaxşı təşkilatlanmışdı və onun çoxsaylı üzvləri var idi. Mitinqlərin ağırlığı da məhz AXCP-nin üzərinə düşürdü. Bu səbəbdən də daha çox söz sahibi AXCP olurdu. Amma indi orada baş verənlərlə maraqlanmıram.

- AXCP üzvləri Ağaşirin Tanrıverdioğlu və Dəyanət Babayevin partiyadan qovulacağı barədə xəbərlər də mediada yer almaqdadır. Hər iki şəxsi Sizdən pul almaqda günahkar bilir və məhz buna görə partiyadan çıxarırlar. Partiyadan çıxarılan şəxslərin Sizinlə belə əlaqəsi həqiqətən varmı?

- Mən AXCP-dən, sədrin müavini postundan özüm istefa vermişəm, oradan uzaqlaşmışam. Bundan sonra AXCP ilə hər hansı şəkildə əlaqə qurmaqda maraqlı olmamışam. Bundan sonra kimlərinsə partiyadan uzaqlaşdırılması və bu zaman həmin şəxslərin mənimlə əlaqələndirilməsi yalnız bəhanədir, absurd ittihamdır. Yaranmış vəziyyətdən maksimum yararlanmaq cəhdidir. Adıçəkilən şəxslərlə hər hansı əlaqəm yoxdur.

- Razi bəy, Azərbaycan müxalifətinin indiki duruma düşməsində AXCP-nin və onun sədrinin rolu nə dərəcədədir?

- Müxalifətlə bağlı yeganə onu deyə bilərəm ki, müxalifətin indiyə qədər apardığı siyasətin ciddi bir nəticəsi olmayıb. Ona görə də Azərbaycanda yeni müxalif simalara, yeni müxalif təşkilatlara ehtiyac var. Yaratdığım yeni təşkilatın qarşısında duran əsas məqsədlərdən biri də budur. Azərbaycanda yeni-yeni insanlar ortaya çıxmalı, fərqli düşüncələr ortaya qoyulmalı, hakimiyyət uğrunda yeni metodlarla mübarizə aparılmalıdır. Artıq 20-25 il siyasi səhnədə qalan və heç nəyə nail olmayan insanlar təbii bir təkamül yolu ilə siyasətdən getməlidirlər. Ortaya çıxacaq yeni qüvvələr həmin adamları tarixin arxivinə gömməlidirlər.

Milli.Az