Dəniz mövsümü və isti qışı ilə məşhur olan Alanya - FOTO

13 May 2015 17:16

Bu yerlər Alanya qalası, Qızıl qala, Tərsanə və digər tarixi yerləri ilə tanınır

Alanya - Türkiyənin cənub kurort və "Türk rivyerası"nın ən sürətlə inkişaf edən kiçik ilçəsidir. Ərazi olaraq Antalya bölgəsinə bağlıdır. Strateji baxımdan Ağdəniz bölgəsində kiçik bir yarımada şəklində yerləşən Alanyanın şimalında Toros dağları uzanır. Məhz dəniz və dağın harmoniyasının yaratdığı unikal mikroiqlim ekvator iqlimin vəhşi təbiətində yetişən meyvələrin bu bölgədə də yer almasına imkan verir.

Alanya uzun dəniz mövsümü və isti qışı ilə məşhurdur. Möhtəşəm dəniz və dağların görünüşündən zövq almaq üçün insanlar bu sahillərə üz tutur. Beynəlxalq Folklor Festivalının keçirildiyi avqust ayında Alanyada həyat daha şən və maraqlı olur.

İlçəyə turistlərin gediş-gəlişi həm Antalya Hava Limanı, həm də Alanyanın 45 km-də yerləşən Qazipaşa Hava Limanı vasitəsilə həyata keçirilir. Alanya Tanıtma Vakfının (ALTAV) dəvəti və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin kültür və tanıtım müşavirliyinin təşəbbüsü ilə media mənsubları üçün təşkil edilən səfər çərçivəsində şəhərin turizm imkanları ilə yaxından tanışlıq bizə də xoş anlar yaşatdı.

Səlcuq dövlətinin əsəri

Tarix boyunca Roma, Bizans, Səlcuq və Osmanlı kimi imperatorluqlar üçün önəmli bir qala rolunu oynayıb Alanya. Səlcuqlar zamanında sultan 1-ci Ələddin Keyqubadın hökmranlığı altında geosiyasi önəm qazanan ilçənin bu gün dünyaya turist şəhəri kimi sorağı yayılıb. Antalyanın il ərzində qəbil etdiyi 12 milyon turistin 4-5 milyonu bu ilçənin payına düşür. 285 min əhalisi olan şəhərdə isə 2-5 ulduzlu olmaqla 5 mindən artıq otel qonaqları qəbul edir. Ağdəniz iqliminin özəllikləri müxtəlif qitələrin insanlarını həm qışda, həm də yayda bu şəhərdə bir araya gətirir. Hətta ilçədə ev alıb yaşayan əcnəbilər də çoxdur. Son məlumatlara görə, Alanyada minlərlə avropalı yaşayır. Alanya Bələdiyyəsi onlar üçün özəl bir məzarlıq da ayırıb.

Təkcə təbii gözəllikləri ilə deyil, tarixi tikililəri ilə də turistlərin diqqətini cəlb edir Alanya. İstirahət üçün bu məkanı seçənlər klassik tətildən fərqli bir zaman keçirə bilirlər. Gəzməyi sevən turistlər Alanya, Alara, Sinək qalalarını, Qırmızı Qalanı, Tərsanəni, antik şəhərləri, muzeyləri, mağaraları ziyarət edirlər.
Xüsusən turistlər mərkəzdə yer alan və 800 illik tarixə malik olan "Alanya qalası"nı gəzmədən Alaniyanı tərk etmirlər. "Vaxtilə buralar kiçik bir kənd imiş. 1900-cu illərdə kiçik bir qəsəbə olub. İnsanlar burada yaşamağa o qədər üstünlük verməyiblər. Dağla dəniz yaxın olduğundan əkinçilik üçün əlverişli torpaq olmadığından insanlar sahil zolağında yaşamaq istəmirdilər. 80-ci illərdən başlayaraq turizmin qəsəbədə inkişafı insanları cəlb etməyə başladı. İnsanlar bundan pul qazanmağa başladılar"- deyə bizi müşayiət edən kültür və turizm bələdçisi Hilmi Taşdemir danışır: "Alanya tarixi İpək yolu üstündə bir şəhər olduğu üçün əhatəsində bir çox karvansara və onları qorumaq üçün qalalar vardır. Alanya qalası zamanımıza qədər qoruna bilən tək Səlcuq qalasıdır. Qalada Roma, Bizans imperatorluqlarının izlərinin keçməsinə baxmayaraq, bura XIII əsrdə tikilən qalanın indiki halı Səlcuq dövlətinin əsəridir".

Böyük Səlcuq dövlətinin qurucusu Ələddin Keyqubad 1220-ci ildə bu yerlərə gələrək qalaya sahiblik edib. Bu baxımdan ərazidəki qədim tikililər Keyqubadın adı ilə daha çox səsləşir. "Bütün tarixi tikililər, su anbarları, qalalar, bürclər, "Qırmızı qala", "Tərsanə", "Topxana" və s. tikililər Ələddin Keyqubad dönəmində tikilib. Həmçinin ərazidə Keyqubad caddəsi və məscidi də var" - deyə bələdçi məlumat verir. Ümumi uzunluğu 6 km yarım olan qalanı yerdən 250 metrlik məsafə ayırır. Qalanın ilk tikilmə dövrü və qalıqları Roma dönəminə bağlıdır. Romalıların zəiflədiyi dönəmlərdə bölgəni dəniz quldurları ələ keçirib. Ərazidə dəniz quldurlarının mağarası da olayın gerçəkliyini təsdiqləyir. "Sonradan romalılar tərəfindən gələn donanma dəniz quldurlarını məhv edib və onlar yenidən qalanı ələ keçirib. Romalılar yenidən zəifləyincə bizanslılar qalaya hakimliyi ələ keçirib. Daha sonra isə qala Səlcuqların əlinə keçib. Sonrakı dövrdə qalaya nəzarəti Karamanoglu bəyliyi ələ alır. Durumları zəifləyincə isə qalanı Məmlüklülərə satırlar. Fateh Sultan Mehmet zamanında ərazi Osmanlı torpaqlarına qatılır və Qanuni Sultan Süleyman tərəfindən fəth edilir"- deyə bələdçi qalanın tarixi haqqında məlumat verdi. 1935-ci ildə Türkiyə Cümhuriyyəti qurulanda Atatürkün əmri ilə "Alayi" adı ilə tanınan ilçə "Alanya" adını daşıyır.

YUNESKO-nun Dünya Mədəniyyət Mirası olan "Alanya qalası"nı addım-addım gəzmək üçün azı 3 gün vaxt lazımdır.

Qalanın giriş qapısında onlarla əcnəbi turist görünür. Aralarında yaşlı, əlil arabasında gələnlər, azyaşlı uşaqlar var. Onlar tarixin şahidi və sükunəti içində uzanan tikilini ziyarət etmək üçün dünyanın müxtəlif nöqtələrindən üz tutublar Alanyaya. Qala divarlarına nəzər saldıqda hansının daha qədim və ya sonradan tikildiyini anlamaq olur. Qırmızı kərpicli divarların çoxu Səlcuqlar dövründə tikilib. Daha çox dağılan divarlar isə Roma dönəminə aiddir. Ərazidə xristianların kiçik ibadətxanası da var. Səlcuqların həmin ibadətxananı kiçik məscidə çevirmələri ilə bağlı məlumatlar isə hələ də təsdiqini tapmayıb.
Bələdçi məlumat verir ki, qalanın içərisində yerləşən 400 su anbarından bəzisi indi də istifadədədir. Qala divarlarından kənarda yaşayanlar bu sudan istifadə edirlər.

Qalanın ərazisində 83 qüllə və bir metrdən bir müdafiə məqsədi ilə tikilən 140 burc var.

Qalanın sol tərəfi Keyqubad, sağ tərəfi isə Kleopatra sahilləridir. İndi bu sahillər həm də "Kleopatra çimərliyi" kimi məşhurdur. Hətta bu tarixi çimərliyin Kleopatraya gözəllik verdiyi deyilir. 3 km uzunluğu olan çimərlik dünyanın bır çox ölkələrində gözəl qumu ilə tanınır. Yaz aylarında burada türkcə qədər başqa dillərin də danışıldığı eşidilir. Turistlər buradan təknə turları ilə Ağdənizi seyrə çıxırlar. Deyilənə görə, romalılar dönəmində Mark Antoni və Kleopatra burada evlənib. Mark Antoni Alanyanı və sahilləri evlilik hədiyyəsi olaraq Kleopatraya bağışlayıb. "Kleopaqtra çimərliyi tarixi əsər deyil, sadəcə adı ilə məşhurdur" - deyə bələdçi bildirdi.

Şəhərin simvolu

Alanya qalasını ziyarət etdikdən sonra bələdçi bizi şəhərin mərkəzində yerləşən Qırmızı qala ilə (Kızıl Kule) - şəhərin simvolu ilə tanış edir. 1200-ci illərdə tikilən qala bölgənin ən görkəmli tikililərindən sayılır. 33 m yüksəkliyə sahib olan qala qırmızı kərpicdən tikilib. Bu qala haqqında "qala adını rəngindən alır" deyirlər. 8 guşəli qala yaxındakı Tərsanəni qoruma məqsədilə tikilib. Qakanın ortasında su anbarı, yuxarı çıxmaq üçün pilləkənləri var. "Qala Alanya alındıqdan 5 il sonra Səlcuqlar tərəfindən tikilib.

Qədim Tərsanə isə 5 bölümdən ibarətdir. Eyni anda burda beş gəmi inşa edilirmiş. Şəhər alınandan sonra Qırmızı qala ilə eyni vaxtda tikilib. Bu, Agdənizə hakim olmaq üçün Səlcuq dövlətinin tikdirdiyi ilk Tərsanədir və içərisi muzey kimi ziyarətçilərə nümayiş etdirilir. Otaqlarda gəmi eksponatları və digər eksponatlar qorunub saxlanılır. Tərsanənin tarixin dönəmlərinə şahidlik edən divarlarını indi Ağdənizin mavi suları yuyur.

Yunan, Roma, Bizans, Lidiya və bir çox başqa ölkələrin mədəniyyətini özündə birləşdirən Alanya Muzeyində isə maraqlı tarixi əsərlər sərgilənir. Arxeoloji və etnoloği olaraq iki bölümdən ibarət olan muzey dünyaca məşhur Heraklın heykəlinə də ev sahibliyi edir.

Alanyada tarixi min illərlə ölçülən mağaralar var. Damlataş mağarası, Dim mağarası, Aşıklar mağarası və s. tarixi yerlərə turistlər böyük maraq göstərir. "Damlataş" mağarasının müalicəvi xassələri də bir çox insanları bura cəlb edir. Deyilənə görə, burada çox insan öz şəfasını tapır, xüsusilə tənəffüs xəstəlikləri, əsasən də astmadan zərər çəkən insanlar bu mağaraya pənah aparırlar. Ümumilikdə 410 metr uzunluğu olan mağaranın 360 metrlik dərinliyi ziyarətçilərə açıqdır. Hərçənd bu məsafəni hələm-hələm turistlər qət edə bilmir. Ərazidə yaşayan insanlara Dimli deyirlər. Dim çayı üzərindəki restoranlar isə turistləri türk mətbəxinin ləziz yeməklərinə qonaq edir. Dağların əhatəsində, yaşıllığın qoynunda, axar suların musiqisini dinləyən turistlər xoş anlar yaşayırlar.

Maraqla izlədiyimiz tikililərdən biri də tarixi abidə kimi qorunan Alanya Bələdiyyəsinin Kültür evidir. 150 yaşı olan ev dənizdən 220 m hündürlükdə yerləşir və bu ocaqda 3 nəsil yaşayıb. Bələdiyyənin kültür məsələləri üzrə işçisi Hüseyn Ayan dedi ki, evin daş divarları orijinaldır və qışı isti, yayı sərin olur. Turistlər bu evi ziyarət edərkən Alanya insanının keçmiş həyatı haqqında maraqlı bilgilər əldə edirlər. Evin aşağısında toxucu dəzgahı var və burda toxuculuğa həvəsi olan şagirdlərə kurs keçilir. İpəkdən toxunan müxtəlif şal, qurşaq, örtüklər bölgədə həm də satış məqsədi daşıyır. Evi ziyarətə gələn əcnəbilərə 15 dildə məlumat verilir.

Alanyanın bütün tarixi məkanlarına turizm şirkətləri tərəfindən gündəlik turlar təşkil edilir. Turistlərin yaddaşında Alanya həm gözəl istirahət məkanı, həm də onlara mənəvi zənginlik gətirən tarixi yer kimi qalır.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.

{C}