"Avropa Oyunlarında ulduz səfir seçilməyimdən qürur duyuram" - FOTO

13 May 2015 17:57

Eldar Qasımov: "Bizim üçün vacib olan məqamda dövlət olaraq birləşməli, dünyaya, ətrafımızda olan ölkələrə çox şeyi sübüt etməliyik"

Azərbaycan gələn ay ev sahibliyi edəcəyi "Bakı-2015" Birinci Avropa Oyunlarına hazırlaşır. Bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsinin nümayəndələri də bu mötəbər tədbiri səbrsizliklə gözləyirlər. Həmin şəxslərdən hətta hər bir idman növü üzrə ulduz səfirlər də təyin olunub. Onlar təmsil etdikləri idman növü üzrə təbliğat işlərini aprmaqla xalqımızı bilgiləndirirlər.

Beləliklə, "Kaspi" qəzetinin budəfəki ulduz səfir qonağı hər birimizin "Eurovision" mahnı yarışmasından yaxşı tanıdığı, vətənimizə qalibiyyət gətirən Eldar Qasımovdur. O, badminton idman növü üzrə səfir seçilib. Özü də əzəli tərəf müqabili olan, sevilən ifaçı Nigar Camalla birlikdə. E.Qasımov Birinci Avropa Oyunlarının Azərbaycana gətirəcəyi uğurlardan və onun faydalarından danışdı. Səmimiliyi ilə seçilən səfirimiz bütün Azərbaycan xalqını bu Oyunları izləməyə və dəstək olmağa səslədi.

Bu, qürurverici işdir

- Eldar bəy, Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsini bir vətəndaş olaraq necə qiymətləndirirsiniz?

- Təbii ki, gözəl qiymətləndirirəm. Avropa Oyunlarının keçirilməsi ölkəmizin dünyaya tanıdılması və təbliğatı deməkdir. Əslində bu, hər bir Azərbaycan vətəndaşı üçün çox qürurverici bir hadisədir. Ona görə ki, ölkəmizdə belə bir mötəbər yarışma baş tutacaq. İlk Avropa Oyunları vasitəsilə mədəniyyətimizi, ölkəmizi bütün dünyaya göstərmiş olacağıq. Bunun üçün bizə böyük şərait yaranıb. Bundan gözəl təbliğat nə ola bilər ki? Bu səbəbdən də Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsini bir vətəndaş olaraq dəstəkləyirəm və onun mükəmməl keçməsi üçün də əlimdən gələni etməyə hazıram. Başqa cür ola da bilməz. O ki qaldı mənim ulduz səfir seçilməyimə, sevinirəm ki, Azərbaycanımızda keçirləcək İlk Avropa Oyunlarında ölkəmizi ulduz səfir kimi təmsil edirəm. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına dəstək kampaniyasında iştirak etmək həm çətin, həm də uğurlu işdir. İlk dəfə eşidəndə ki, badminton üzrə ulduz səfir seçilmişəm, buna çox sevindim və şad oldum. Bu, bizim üçün qürurverici işdir.

- Hazırda badminton idman növü üzrə hansı işlər gedir? Bir ulduz səfir olaraq sizin üzərinizə nə kimi öhdəliklər düşüb?

- Əslində bu çox məsuliyyətli bir işdir. Hər şey kənardan göründüyü kimi sadə deyil. Hər bir sahənin öz çətinliyi olduğu kimi, badminton idman növünün də özünəməxsus çətinliyi var. İnsanlar kənardan baxır və düşünürlər ki, burada çətin heç nə yoxdur, badminton, sadəcə kəpənək oyunudur. Əslində belə deyil. Hər kəs bunu uşaq oyunu hesab edir. Düzünü desəm, mən də əvəllər belə düşünürdüm. Bu oyunla yaxından tanış olduqdan sonra fikrimi dəyişdim. Badminton federasiyasında idmançılarımız və məşqçilərimizlə görüşümüz oldu. Onlarla söhbət etdik, işlərin nə yerdə olduğunu öyrəndik. Bizə oyunların qaydaları və istiqaməti haqqında məlumat verdilər. Onlar öz işlərinin peşəkarıdırlar. Anladım ki, bu, heç də asan oyun deyil. Hazırda badminton idman növü vətənimizdə o qədər aktual olmasa da, onun gələcək inkişafı uğrunda mütəmadi olaraq işlər gedir. Belə ki, kiçik bir kort açmaq üçün müəyyən danışıqlar aparılır. Bu sahəyə yatırım qoyacaq sponsorlar axtarılır. Bu idman növü üçün guşə açmaq və onu da xalqımızın öhdəsinə buraxmaq istəyirlər. Elə bir guşə ki, orda həm istirahət etsinlər, həm də idmanla məşğul olsunlar. İdman edək ki, sağlam bədəndə sağlam ruh saxlaya bilək. Sağlam ruhla da hər şeyin öhdəsindən gəlmək mümükündür.

Biz artıq sözümüzü deyirik

- Eldar Qasımov üçün belə mötəbər yarışmada ulduz səfir olmaq necə bir hissdir?

- Əlbəttə ki, ulduz səfir olmaq çox qürurverici bir hissdir. Mən yenə də vətənimi təbliğ edirəm. Bu mənim üçün böyük şərəfdir. Mən və digər ulduz səfirlər bir növ Azərbaycanın Avropa Oyunları ilə bağlı yazılan tarixinə öz nişanəmizi qoymuş oluruq. Biz artıq sözümüzü deyirik. Nəhayət, bir iş görürük. Gözəl bir hissdir. Fəxarət hissi duyuram. Bizim üçün çox vacib olan məqamda dövlət olaraq birləşməli, dünyaya, ətrafımızda olan ölkələrə çox şeyi sübüt etməliyik. Bizi izləyən ölkələr çoxdur. Hər bir addımımız nəinki Azərbaycanda, Avropada və dünyada izlənilir. Bizim təbliğatımızdan da çox şey asılıdır. Mən bir vətəndaş kimi çalışıram ki, oyunlarımızı yüksək səviyyədə təqdim edim. Əlaqələrim geniş olduğu üçün mənə Avropa Oyunlarını izləməkdən ötrü buraya gəlmək istədiklərini bildirən əcnəbi dostlarım çoxdur. Elə xarici vətəndaşlar var ki, biletlərlə maraqlanırlar. Kimisi mən tərəfdən dəvət alıb, kimiləri özləri gəlib izləmək istəyir. Əlbəttə ki, bunların hamısı çox gözəl duyğulardır.

- Badminton idman növü üzrə idmançılarımızdan qələbə gözləyirsinizmi?

- Əlbəttə ki, yalnız badminton idmanı ilə məşğul olan idmançılardan deyil, bütün idamançılarımızdan qələbə, yüksək pillələr gözləyirəm. Azərbaycan ölkəmizdə və beynəlxalq idman yarışlarında çox yaxşı nəticələr göstərib. İstərdim ki, idmançılarımız İlk Avropa Oyunlarında da öz güclərini göstərsinlər. Onların bayrağımızı yenə də yüksəldəcəklərlərinə inanıram. Dünya ölkələrinə bildirəcəyik ki, idman ölkəmizin sənət, mədəniyyət sahəsi kimi ən əsas istiqamətlərindən biridir. Bütün idmançılarımıza qələbə, müvəffəqiyyət arzu edirəm.

- Avropa Oyunlarında sizi ifaçı kimi də görmək istərdik. Elə bir layihə varmı ki, oyunların açılışında və ya sonunda sizi səhnədə görək?

- Bu barədə heç bir şərh verə bilmərəm. Çünki bizə bununla bağlı hər hansı bir məlumatı ötürmək icazəsi verilməyib. Sizə yalnız onu deyə bilərəm ki, inşallah, hər kəs istədiyinə nail olacaq.

- Yəni sizi səhnədə görəcəyik...

- Bu sualdan yayınma haqqımdan istifadə edirəm (gülür).

- Badminton idmanı ilə nə zamandan tanış olmusunuz?

- Bu idman növü ilə uşaqlıdan tanışam. O zaman ən sevdiyim oyunlardan biri məhz badminton idi. Uşaqlıq illərimdə bu oyunu qeyri-peşəkar səviyyədə oynayırdıq. Uşaqlarla məhəllədə badminton oynamaq istəsək də, həmişə bu arzumuz ürəyimizdə qalırdı. Oyun başlamamış bitirdi. Bu da bizi həvəsdən salırdı. Çünki oynadığımız vaxt valan budaqda və ya hansısa bir yerdə qalırdı deyə həmişə oyunumuz yarımçıq qalırdı. Təbii ki, o zaman biz bu oyunu qeyri-peşəkar oynayırdıq. Təzə valanı alanacan oyunumuz baş tutmurdu. Əslində nəinki Avropa Oyunlarında, hətta gündəlik həyatımızda da badminton oynamağı hər kəsə məsləhət görürəm. Çünki bu oyun stressi, gərginliyi aradan qaldırır. Çox istərdim ki, ölkəmizdə belə bir məkan açılsın və biz də yorğun, gərgin olanda həmin məkana üz tutaq. Dostlarımızı ətrafımıza cəm edib, gözəl dəqiqələr yaşayaq. Həm idman edək, həm də bir qədər dincələk. Ümid edirəm ki, yaxın zaman ərzində bizim də belə bir guşəmiz olacaq.

Onlardan biri qalib ola bilər

- Eldar bəy, Avropa Oyunlarından qabaq "Eurovision-2015" başlayır. Bu müsabiqənin qalibi kimi orada təqdim olunan mahnıları necə qiymətləndirirsiniz? Ümumiyyətlə, kumiriniz varmı?

- Hər il "Eurovision" musiqi yarışmasına biri-birindən maraqlı mahnılar təqdim olunur. Hərənin öz kumiri olur. Təəssüflər olsun ki, bu il müsabiqəyə təqdim olunan mahnıların hamısını izləməyə vaxtım olmayıb. İzlədiklərimin çoxunu bəyənirəm. Bəziləri çox keyfiyyətli və dəbə uyğundur. Misal üçün, Avstriya, İsveç, Estoniya, İslandiyanın iştiraçılarını çox bəəynirəm. Onlar mənim favoritlərimdir. Fikirləşirəm ki, onlardan biri qalib ola bilər. Dördü də öz üzərində çox çalışır və özlərini göstərməyə cəhd göstərirlər.

- Bəs, Elnur Hüseynov?

- Əslində, bizim"Hour of the Wolf" mahnımız da çox gözəldir. Mahnı mənim zövqümə və dünyagörüşümə çox uyğundur. Bu tip mahnıları sevirəm. Belə mahnılarda mətnlərin mənası, böyük məntiqi, düşüncəsi var. Elnura da uğurlar arzulayıram, ona görə ki, onun mahnısını bəyənirəm.

"Eurovision"a qatılan ifaçılarımızın mahnılarını hər zaman dinləyirəm. İnanıram ki, Elnur ilk sıralarda yer alacaq və ölkəmizi uğurla təmsil edəcək. "Eurovision"a qatılmağa gəlincə, bəzi iştirakçılar var ki, müsabiqədə birinici, ikinci yeri tuturlar, amma öz sözlərini deyə bilmirlər. Elə iştirakçı da olub ki, orta sıralarda qərarlaşsa da, sonradan məşhur olub. Elnur əvvəlki müsabiqədə səkkizinci yeri tutub. Ona sizin vasitənizlə bol-bol uğur arzulayıram. İnşallah, hər şey könlümüzcə olar. Sizə də bizim fikirlərimizi işıqlandırdığınız üçün minnətdarlığımı bildirirəm.

- Biz də diqqətinizə görə minnətdarıq və sizə bol-bol uğurlar arzulayırıq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.