Sumqayıtlıların rahatlıqlarını əllərindən aldılar

13 May 2015 16:13

Hər gün minlərlə insan iş və təhsil ardınca Sumqayıt şəhərindən Bakıya yollanır. Şəhər sakinləri paytaxta çatmaq üçün bir neçə marşrut dəyişməli olurlar. Əvvəlcə Sumqayıt avtovağzalına, oradan Bakının avtovağzalına, ardınca isə "20 yanvar" metro stansiyasına marşrutla getmək məcburiyyətində qalırlar. Məzil başına çatmaq üçün metrodan da istifadə etdiklərini nəzərə alsaq, orta statistik Sumqayıt sakini cəmi 30 km uzaqlıqda olan məntəqəyə çatmaq üçün ən azı 4 marşrutdan istifadə etməli olurlar.

Son illər şəhərdə açılmış 501 saylı marşrut xətti hər gün Bakıya üz tutan sumqayıtlıların işini rahatlaşdırırdı. Gediş haqqı cəmi 50 qəpik olan bu avtobus Sumqayıt şəhərinin və Saray qəsəbəsinin yarısını dövr edərək vətəndaşları bir başa "20 yanvar" metro stansiyasının yanına gətirirdi. Bu marşrutun xidmətindən yararlananlar hər gün ən azı 40 qəpik pula və hər şeydən dəyərli olan vaxta qənaət edirdilər. Ancaq bu sevinc çox çəkmədi.

Bir neçə gün öncə Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 501 saylı marşrut xətti bağlanıb.
Milli.Az-a məktub yazan oxucular bildiriblər ki, artıq bir neçə gün idi ki, adəti üzrə dayanacağa çıxarkən bir saata yaxın gözləsələr də, avtobus gəlmirdi. Sonradan marşrutun bağlanması barədə xəbər tutublar. Bu müddət ərzində isə bir neçə dəfə işə və dərsə gecikməli olublar. Marştun bağlanması barədə vətəndaşlara heç bir xəbərdarlıq edilməyib.

Məsələ ilə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamenti ilə əlaqə saxladıq. Qurumun rəhbəri Anar Səfərli Milli.Az-ın əməkdaşına bildirdi ki, xəttin bağlanması, marşrut xəttinin sahibkarının qaydaları pozması ilə əlaqədardır. Onun sözlərinə görə, marşrut avtobusları indiyə qədər şəhərdəki "Pioner" ticarət mərkəzinin qarşısında dayanırdılar. Xəttin sahibkarına göstəriş verilib ki, avtobuslar yalnız şəhər avtovağzalından hərəkət etsinlər. Göstərişə tabe olmadığı üçün marşrut xəttinin fəaliyyətinə qadağa qoyulub.

Anar Səfərli hesab edir ki, şəhər sakinləri yeni situasiyaya vərdiş edəcəklər.

Teymur Hacıyev
Milli.Az