Millət vəkili: "Onları qəbul etmirəm"

13 May 2015 16:00
Milli.Az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Madər Musayevin SİA-ya müsahibəsini təqdim edir.

- Madər müəllim, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində respublikadakı mövcud vəziyyəti və bu Oyunların ölkəmizə hansı üstünlüklər qazandıracağı ilə bağlı nə deyə bilərsiniz?

- İlk Avropa Oyunları bir tarixdir. Elə bir tarix ki, bu, məhz Azərbaycanımızın qismətinə yazılıb. Məhz Azərbaycan buna ilk olaraq imzasını qoyacaq. Yüz illər keçsə də, Azərbaycanın adı çəkiləcək, onun ev sahibliyi vurğulanacaq. İstənilən bir idman yarışında bayrağımız yüksəklərə ucaldılanda nə qədər qürurlanırıqsa, nə qədər seviniriksə indi də eynilə həmin hissləri keçiririk. Əhalidə sanki bir ruh yüksəkliyi, bir sevinc var. Bu baxımdan da ümumi ab-havanı yüksək dəyərləndirir, əhalimizi Oyunlarda fəal iştirak etməyə çağırıram.

- Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində bəzi dövlətlərin, beynəlxalq təşkilatların qərəzli mövqeyinin arxasında sizcə hansı amil dayanır?

- Azərbaycan artan iqtisadiyyata malik, inkişaf edən bir ölkədir. Dövlətimizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi, söz sahibinə çevrilməsi ermənipərəst təşkilatları ciddi narahat edir. Ona görə də onlar erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmiz haqqında mütəmadi olaraq qərəzli hesabatlar yayaraq qazanılan uğurlara kölgə salmağa çalışırlar. Hadisələrin gedişi də onu göstərir ki, bu cür hesabatları təqdim edənlər ilk növbədə özlərini gülünc vəziyyətdə qoyurlar. Çünki onların göstərdikləri "faktlar" həqiqətdən uzaqdır və heç bir yerdə ciddi qəbul olunmur. Birinci Avropa Oyunları ərəfəsində də verilən bəyanatlar, yayılan hesabatlar da deyərdim ki, elə bu qəbildəndir. Oyunların vaxtı yaxınlaşdıqca, ölkəmizin uğurunu istəməyən bəzi xarici qüvvələr və onların daxildəki havadarları Azərbaycana qarşı qərəzli mövqelərini daha qabarıq şəkildə göstərməyə başlayıblar. Demək olar ki, hər gün qondarma təşkilat və qurumların adı altında Birinci Avropa Oyunları barədə həqiqəti əks etdirməyən məlumatlar yayır, bəyanatlar səsləndirirlər. Bu anti-Azərbaycan qüvvələrinin yarışların keçirildiyi günlərdə də təxribat xarakterli hərəkətlərə yol verəcəkləri isə istisna edilmir. Bunların yalnız və yalnız bir məqsədləri var. O da Azərbaycanda gedən bugünkü inkişafın üzərinə kölgə salmaq. Amma əmin olsunlar ki, heç bir halda inkişaf edən Azərbaycanın, dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü və ağıllı siyasətə zərrə qədər xələl gətirə bilməyəcəklər. Bunu əvvələr də Azərbaycan sübuta yetirib. Bir qayda olaraq, ölkəmizdə təşkil olunan müxtəlif səpkili iri tədbirlər ərəfəsində belə qüvvələr fəallaşır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də bunun şahidi olmuşuq. Həmin il də bədnam media qurumları, "ekspert"lər, "politoloq"lar canfəşanlıq edirdilər, Azərbaycanı qaralamaq, onu geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməyə cəhd göstərirdilər. Onların niyyətləri puç oldu, arzuları ürəklərində qaldı. "Eurovision-2012" musiqi festivalı tarixdə möhtəşəmliyi ilə dərin iz buraxdı. Hər bir Azərbaycan vətəndaşı tam əminliklə söyləyə bilər ki, ilk Avropa Oyunları da qitə tarixində öz möhtəşəmliyi, bənzərsizliyi ilə yadda qalacaq.

- Yerli qüvvələr də var ki, onlar da İlk Avropa Oyunlarına qara yaxmaqla məşğuldurlar. Bunların "fəaliyyətləri" ilə bağlı nə demək istərdiniz?

- Bu insanlar, içimizdə olan düşmənlər özləri-özlərini elə gözdən salıblar ki, xaricdən qazandıqları qrantlar belə onlara nüfuz qazandıra bilməz. Mənim aləmimdə onlar sakitcə çəkilib bir küncdə otursalar bəlkə hörmətləri olardılar. Bu gedişlə nəyəsə nail olmaq mümkün deyil. Bu nə müxalifətçilik mövqeyidir, nə də dövlətçilik. Bunun yalnızca bir adı var-satqınçılıq!

- Əli Kərimlinin Milli Şuranın fəaliyyətinin arxasında xaricdən alınan sifarişlərin olduğunu söyləyə bilərik?

- Bu satqınlar nə qədər qrantlar alırlar və nə qədər yeyirlərsə özləri bilərlər. Ancaq içində bir insanlıq hissi olanlar bir az da dövlətinin marağından çıxış etsə, yaxşı olmazmı?! Öz millətinə, dövlətinə qarşı bu qədər qərəzli mövqe tutmaq heç bir insanlıqdan xəbər verən hal deyil. Bu baxımdan da bu cür insanlara heç bir sözüm yoxdur. Onları qəbul etmirəm.

- Maraqlıdır, siz ilk Avropa Oyunlarında hansısa idman növünü izləməyə bilet almısınız?

- Mən açılış mərasimini, bir də güləşi izləməyə gedəcəm. Çünki güləşə böyük marağım var. Gənclərimizə də idmana maraqlarının daha da artmasını, sağlam olmalarını və ölkəmizin adını ucalığa qaldırlamaları üçün səylərini əsirgəməmələrini tövsiyə edərdim. Bir daha hər bir azərbaycanlını, hər bir vətəndaşımızı bu böyük, möhtəşəm idman hadisəsi ilə bağlı təbrik edirəm, idmançılarımıza isə uğurlar arzulayıram.

Milli.Az