Azərbaycanlı diplomatın qardaşı oğlu öldürülüb - İDDİA - FOTO
13 May 2015 15:14
Üç gün öncə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun qardaşı oğlu Dursun Osmanovun Sankt-Peterburqdakı mənzilinin 11-ci mərtəbəsindən yerə düşərək həlak olması barədə məlumat yayılıb.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı Dursun Xaqani oğlu Osmanovun ölüm faktı ilə bağlı müəmmalı faktlar ortaya çıxıb. Belə ki, ölümündən bir neçə gün əvvəl Dursun Osmanov qonşusu 16 yaşlı Maksim S.-in naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə müraciət edib. O, iki naməlum şəxsin Maksimi qara "Lada" markalı maşına mindirərək, ərazidən uzaqlaşdıqlarını xatırladıb.
Özünü itirməyən Dursun Osmanov dərhal adam oğurluğu faktı ilə bağlı polisə zəng edib.
"Bizə polis idarəsindən zəng etdilər. Dedilər ki, oğlunuz idarədədi. Mən dərhal ora getdim və öyrəndim ki, Dursun oğurluqla bağlı polisə müraciət edib", - Dursunun atası Xaqani Osmanov belə deyib
Maksim S.-ni oğurlayan şəxslər bir neçə saatdan sonra həbs olunublar. Hadisəni törədən şəxslərin Maksimin keçmiş sevgilisi Mariyanın qardaşları Ruslan və Kirill olduğu müəyyənləşib.
Onlar Maksimi döyərək, keçmişdə baş verənlərə görə Mariyadan üzr istəməyə vadar ediblər.
Dursun Osmanovun polisə zəngi olmasaydı, faktın üstü heç zaman açılmayacaqdı.
"Dursunun öz dostunu azad etmək üçün polisə zəng etməsini axşama artıq bütün məhəllə bilirdi. Hamı onu həmin vaxt özünü itirmədiyi üçün tərifləyirdi. Amma biz qorxurduq. Onun özü də bir az narahat idi. Biz əminik ki, Dursun özünü binadan atmayıb, onu qisas məqsədilə itələyiblər" , - deyə Dursun Osmanovun xalası Şəfa xanım bildirib.
Rusiyalı jurnalistlər Dursun Osmanovun intihar etməsi ilə bağlı onun məktəb yoldaşlarından da münasibət öyrəniblər. İstər müəllimlər, istərsə də şagirdlər Dursun Osmanovun bu addımı atdığına inanmadıqlarını deyiblər. 13 yaşlı Dursunun dəfn mərasiminə bütün sinif yoldaşları və müəllim heyəti gəlib.
Mayın 6-da Sankt-Peterburqun Ernest Telman küçəsində 13 yaşlı Dursun Osmanov yaşadığı 11-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yerə düşüb. Rusiya İstintaq Komitəsi onun ölüm faktı ilə bağlı "intihar həddinə çatdırma" maddəsi ilə cinayət araşdırmasına başlayıb.
Dursun Osmanovun əmisi Qüdsi Osmanov uzun müddət Azərbaycanın Sankt-Peterbuqrdakı konsulu olub, hazırda isə Rusiyadakı səfirimizin müavini postunu tutur. Mərhumun atası Xaqani Osmanov isə Sankt-Peterbuqrqda biznes fəaliyyəti ilə məşğuldur. O, "Abşeron" və "Alyans Holdinq" şirkətlərinin təsisçisidir.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.