Ekstremal Dodge Viper - FOTOSESSİYA

13 May 2015 18:25

Dodge şirkəti nəhayət yeni Viper American Club Racer (ACR) satış versiyası üzərində işini sona çatdırıb. Vəhşı "gürzə ilanı" gözlənildiyindən daha güclü alınıb və layihə müəlliflərinin qeyd etdikləri kimi bu "ən sürətli yol Viper"idir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əslində bu 652 at güclü 8,4 litrlik V10 mühərrikli trek maşını ilə adi yollarda da hərəkət etmək mümkündür. Bu isə artıq "bütün sərhədləri aşmaq" deməkdir - əcayib 812 Nm və 6 pilləli mexaniki ötürücü qutu şəhərdə dolaşmaq üçün o qədər də münasib yol yoldaşı deyil.

Əvəzində isə trekdə hər şey öz qaydasındadır. Dodge mühəndisləri kütlənin oxlar üzərində ideal paylaşmasına nail olmuş (50:50), 10 mümkün iş rejimi olan asqı və xüsusi işlənib hazırlanmış Kumho Ecsta V720 şinləri geyindirilmiş 19 düymlük təkər diskləri, həmçinin karbon-keramik diskli çox güclü Brembo əyləc sistemi quraşdırmışlar.

Müxtəlif aerodinamik elementlərin və arxadakı iri antiqanadın köməyi ilə Viper saatda 285 km sürətlə hərəkət zamanı təxminən 1 ton təzyiq qüvvəsi hasil edir. Şirkətdə bildiriblər ki, bu, seriya modelləri arasında mütləq rekord göstəricidir.

Viper ACR qiyməti hələlik məlum deyil. Avtomobil ilin ikinci yarısında istehsala göndəriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.