İki div yeni layihəyə başlayır

13 May 2015 22:22

Çin Xalq Respublikasının sədri Si Tsin Pinin Moskvaya səfəri zamanı Rusiya və Çin xarici işlər nazirləri Sergey Lavrov və Van İ beynəlxalq informasiya təhlükəsizliyinin təmini sahəsində saziş imzalayıblar.

Saziş, ilk növbədə, beynəlxalq informasiya təhlükəsizliyi sahəsində dövlətlərin daxili işlərinə müdaxilə, suverenitet, siyasi və iqtisadi sabitliyin pozulması, millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması kimi təhlükəli təhdidlərə birgə reaksiyanı nəzərdə tutur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sənəddə həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində mövcud potensial risklər və təhdidlər haqqında məlumat mübadiləsi, sahə üzrə beynəlxalq hüquqi əməkdaşlıq bazasının təkmilləşdirilməsi ilə bağlı fəaliyyət, lazımi birgə etimad tədbirlərinin işlənilməsi və həyata keçirilməsi öz əksini tapıb.

Sazişin əsas istiqamətləri kimi beynəlxalq informasiya təhlükəsizliyinin təmini ilə bağlı məsələlər üzrə birgə elmi tədqiqatların aparılması, sahə üzrə birgə mütəxəssis hazırlığı, eləcə də tələbə, aspirant və müəllim mübadiləsi qeyd olunur, - SecurityLab yazır.

Milli.Az