"Sarkisyanı qulağından tutub gətirəcəklər"

13 May 2015 14:00

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bərpa olunması yaxın zamanlarda gözlənilmir".

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili və politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, danışıqların bərpa olunması Azərbaycanın Rusiya ilə əldə edəcəyi razılıqdan asılıdır.

"Razılıq olarsa, Serj Sarkisyanın qulağından tutub gətirəcəklər masa arxasına", - o əlavə edib.

Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin hərbi təlimlərinə münasibət bildirən Musabəyov bu təlimlərin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşevin Bakıya səfəri zamanı keçirildiyinə diqqət çəkib. O hesab edir ki, Patruşevin səfəri zamanı Naxçıvanda Rusiya ilə birgə təlimlərin keçirilməsi təsadüfi deyil.

"Azərbaycanın Türkiyə ilə hərbi müqaviləsi var. Bu müqavilə təkcə kağız üzərində qalmamalıdır. Müqavilə silah istehsalından tutmuş birgə hərbi təlimlərə qədər bütün sahələri əhatə edir. Rusiya ermənilərlə birgə təlimlər keçirdiyi halda, Azərbaycan cavab verməli idi ki, burada yalqız qalan bir ölkə deyil. Erməniləri inadkarlığında saxlayan Rusiyadır. Patruşev Azərbaycana səfər etdiyi bir vaxtda Naxçıvanda Türkiyə ilə hərbi təlimlər keçir. Bu o deməkdir ki, aparılan danışıqlar zamanı Rusiyanın yuxarıdan aşağı diktəsi ilə deyil, maraqlara uyğun şəkildə problemin həllinə qərar verilsin", - Musabəyov vurğulayıb.

Xatırladaq ki, ötən gündən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin taktiki təlimlərinə start verilib. Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Teymur Hacıyev
Milli.Az