"Konsensus Ermənistanı krala çevirib"

13 May 2015 11:19
"ATƏT-in Minsk Qrupunun (MQ) vasitəçiliyi Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir. Amma Aİ-nin ATƏT-in MQ-yə bu dəstəyi kifayət qədər politoloji tədqiqata əsaslanmır. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ideya və resurs baxımdan tükəndiyini çoxdan bəyan edib. Davranışı da bunu sübut edir. Rəsmi vasitəçilər bu vaxtadək heç bir yeni ideya irəli sürməyiblər. Digər qurumlardan irəli sürülən ideyaları isə boğmaqla məşğuldurlar".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, ATƏT-in MQ-na daxil olan ayrı-ayrı dövlətlərin Qrupun qalan üzvlərinin də işini canlandırmaqla bağlı ideyaları həmsədrlər tərəfindən dərhal neytrallaşdırılıb:

"Həmsədrlərin irəli sürdüyü təklifləri tərəflərdən biri qəbul etmir və dərhal həmsədrlər bu təklifi daha aşağı statuslu, daha az təsirli təkliflə əvəzləyirlər; Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə azərbaycanlıların öz doğmalarının məzarlarını ziyarət etməsi təklifinin müəllifi ATƏT MQ idi. Bu təklifə görə ermənilər Bakıdakı erməni kilsəsini və erməni qəbristanlığını da ziyarət edəcəkdilər. Ermənistan 2-3 il yubatdıqdan sonra bu təklifi rədd etdi. Çünki azərbaycanlıların işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağda yaşamış azərbaycanlıların işğal altındakı doğma yurdlarına baş çəkməsi gənc ermənilərdə müxtəlif suallar yaradacaqdı. ATƏT MQ bu təklifi itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi təklifi ilə əvəzlədi. Bu təklifin reallaşması Dağlıq Qarabağa - azərbaycanlıların işğal altındakı doğma yurdlarına kütləvi baş çəkməsini nəzərdə tutmur. Azsaylı ekspertlər bu təklifi reallaşdırmalı idilər. Ortalığa DNT analizi məsələsi çıxan kimi Ermənistan tərəfi bu təklifi də rədd etdi. Çünki itkin düşənlərin siyahısını dəqiqləşdirmək, kütləvi məzarlıqdakı meyitlərin kimə məxsusluğunu müəyyənləşdirmək üçün DNT analizi aparılmalıdır. Bu isə ermənilərin yalanını üzə çıxaracaqdı. Çünki kütləvi məzarlıqlardakı meyitlərin, demək olar ki, hamısı azərbaycanlılara məxsusdur. Ermənistan havadarları ilə birlikdə Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlıları soyqırıma məruz qoyublar".

Onun sözlərinə görə, Ermənistanın da dinc tənzimləməyə seçici yanaşması və ATƏT MQ-nin Ermənistanın yarımçıq təkliflərinə dəstək verməsi də tənzimlənməni yubadır: "Ermənistan tərəfinin ən çox iddia etdiyi mövzu etimad tədbirləridir. Etimad tədbirləri kimi Ermənistan snayperlərinin geri çəkilməsini və qoşunların təmas xəttindəki hərbi insidentlərin araşdırılmasını qəbul edir. Beynəlxalq siyasi həyatda etimad tədbirləri elmi-politoloji anlayışdır. Bu sahədə çoxsaylı olmasa da, bir neçə elmi məqalə dərc olunub. Etimad tədbirlərinə elmi-politoloji və normal məntiqi prizmadan yanaşdıqda Dağlıq Qarabağda yaşamış ermənilərlə azərbaycanlılar arasında dialoqun etimad tədbiri kimi qəbul edilməməsi başa düşülmür.

Vasitəçilər snayperlərin geri çəkilməsindən başlayaraq bütövlükdə işğalçı qoşunların Azərbaycan ərazisindən çıxmasını nəzərdə tutan yol xəritəsi hazırlaya bilərdilər. Həmsədrlər bunu etməyiblər.

Bəzi avropalı deputatlar və siyasətçilər də Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə qeyri-məntiqi yanaşmanın daşıyıcılarıdır. Onlar Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyini əsas götürüb Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfərlər edirlər. Azərbaycan BMT, ATƏT, AŞPA, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının üzvüdür. Avropada sərbəst yerdəyişmə azadlığı prioritetdirsə, ortaya sual çıxır. Niyə görə Dağlıq Qarabağda işğaldan öncə yaşamış azərbaycanlılar indi Dağlıq Qarabağ ərazisinə gedə bilmirlər?! Ağdam, Füzuli və ya Cəbrayılın bir kəndinin sakini o biri kəndə ayaq qoya bilmir?!"

M.Əhmədoğlu bildirib ki, Ermənistanın münaqişənin yalnız dinc yolla tənzimlənməsinin tərəfdarı olması da tənzimlənməni yubatmaq üçün istifadə etdiyi vacib rıçaqlardan biridir: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT MQ müstəvisində tənzimlənməsinin tərəfdarıdır. ATƏT MQ konsensus mexanizmi ilə işləyr. Konsensus mexanizmi Ermənistanı münaqişənin dinc tənzimləməsinin yubadılmasının kralına çevirib. AŞPA, Aİ və BMT-də qərarlar ya majoritar, ya da qarışıq səsvermə mexanizmi üzrə qəbul edilir. İş o həddədir ki, Ermənistan hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin AŞPA-da Alt Komitə yaradılmasının, müzakirəsinin əleyhinədir: AŞPA-da müzakirə dinc tənzimləməyə ziyan vurur. Ermənistan təxminən 15 ildir bu tezisi təkrarlayır. Vasitəçilər AŞPA-nın tənzimləmədəki rolunun ziyan və ya faydalı olmasına heç bir münasibət bildirməyiblər. AŞPA yalnız ideyalar, təkliflər ortalığa qoya bilər. Amma AŞPA nəhayət ki, vəziyyətdən çıxış yolunu tapa bildi. Bütövlükdə MDB məkanındakı münaqişələri müzakirə etmək üçün Alt Komitə yaratdı. Aİ istəsə, o da bu variantdan istifadə edə bilər. Vacib olan Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə həqiqətən məşğul olmaq niyyətidir. Bu varsa, Aİ Minsk Qrupunun tənzimləmədəki rolunu tədqiq edib müvafiq nəticələr çıxara bilər. Ermənistanın davranışı xüsusi tədqiq edilməlidir. Minsk Qrupu və Ermənistanın birgə davranışı regionu müharibəyə sürükləyir. İtirən Rusiya olmayacaq. Avropa İttifaqı çox şey və həm də həmişəlik itirə bilər.

Ermənistana yalnız Dağlıq Qarabağı Azərbaycandan ayıran ideyalar və təkliflər məqbuldur və işini də bunun üzərində qurub. Ermənistanın belə davranışı da həmsədrlər tərəfindən lazımi cavab almayıb. Lap yaxınlarda bəlli oldu ki, rəsmi Tbilisi də Ermənistanın davranışından narahatdır. Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili Ermənistanın davranışını Aİ-də müzakirə etdiklərini bildirdi.

"Yenilənmiş Madrid Prinsipləri" 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində keçirilən "G-8" sammitində 3 həmsədr ölkə prezidentləri tərəfindən qəbul edildi və 1 gün sonra ABŞ prezidentinin mətbuat xidməti vasitəsilə yayıldı. İndi "G-8" sammitləri keçirilmir. Amma onların 2009-cu ildən başlayaraq qəbul etdiyi 5 rəsmi bəyanatları bu gün də fəaliyyətdədir. Ermənistan həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatı qəbul edir. Azərbaycan tərəfinin də 5 bəyanata münasibəti müsbətdir. 5 bəyanatı detallaşdırmaq və institusionallaşdırmaqla Böyük Sülh Müqaviləsinin hazırlanmasına nail olmaq olar. Amma Ermənistan və ATƏT MQ Böyük Sülh Sazişinin hazırlanmasının əleyhinədir. Aralıq variant yaratmaq olar: Aİ-nin Riqa sammitində Avrokomissiyanın mütəxəssisləri "Yenilənmiş Madrid Prinsipləri"ndə öz əksini tapmış 3 prinsipə və 6 maddəyə neytral prizmadan, beynəlxalq hüquqa uyğun rəsmi təfsir əlavə etməklə "Yenilənmiş Madrid Prinsipləri"ni "Brüssel Prinsipləri"nə çevirə bilər. Adını "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri" də qoymaq olar. Vacib olan Aİ-nin bu işdə konkret rolunun olmasıdır. "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri" və ya "Brüssel Prinsipləri" Aİ ilə ATƏT MQ-nin birgə fəaliyyətinə zəmin yarada bilər.

Avropa İttifaqının Riqa sammiti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ideya qıtlığını və pərakəndəliyini aradan qaldırmaq, tənzimləməyə yeni stimul vermək, ATƏT MQ-nin fəaliyyətini gücləndirmək məsələlərində mühüm töhfə verə bilər. Sammitdə "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ümumavropa prinsipləri" hazırlanması bunun ən yaxşı müjdəçisidir".

Milli.Az